Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli var

01:21 - 29 İyun 2017 - KİVDF

Vətəndaşlarımız arasında nifaq toxumları səpmək cəhdləri uğursuzluğa məhkumdur

Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətə çevrilib. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. A.Paşazadənin sözlərinə görə, Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. A.Paşazadə vurğulayıb ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir: “Bizim xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməli üzərində nail olur. Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas edib”.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu gün dünyanın müxtəlif regionlarında müsəlmanları ekstremist, fundamentalist kimi qələmə vermək cəhdlərinin davam etməsi bizi dərindən narahat edir. A.Paşazadə vurğulayıb ki, İslamın mahiyyəti qərəzli şəkildə təhrif edilir: "Biz güya din uğrunda vuruşan İŞID və ona bənzər terrorist təşkilatları, təkfirçiləri, İslamı öz üzdəniraq məqsədləri üçün alət etməyə çalışan bütün qüvvələri qətiyyətlə pisləyirik. Birmənalı deməliyəm: İŞID müsəlman aləmini içəridən parçalamaq, Yaxın və Orta Şərqin tarixi mirasını, İslam mədəniyyətini yox etmək üçün İslam düşmənləri tərəfindən yaradılmış bir törəmədir. Bugün biz bəzi Avropa dövlətlərində öz vətənlərinin daxili işlərinə kobud müdaxilələr nəticəsində yurdlarını tərk etməyə məcbur qalan mühacirlərə qarşı nümayiş etdirilən qeyri-humanist münasibətinin şahidi oluruq".
QMİ sədri bildirib ki, bu gün bəzi xarici və daxili qüvvələrin dini fanatizmi, ekstremizmi yaymaq cəhdlərinə, onların istilaçı planlarına, fiziki və mənəvi təcavüzlərinə qarşı durmaq, terrorçuların növbəti hədəf olaraq gördükləri məkanımızda istiqrarı sarsmağa yönəldilmiş planlarını önləyici tədbirlərlə pozmaq olduqca mühümdür : " Mən əminəm ki, ekstremizmə, radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini müəssisələrin birgə səyləri ilə qarşı durmaq mümkündür. Bütün bunların bizim məkanımızdakı sülhə xələl gətirməsi bizi narahat etməyə bilməz". A.Paşazadə qeyd edib ki, son illər ərzində MDB dövlətlərində dini xadimlərin sırasına öz müsəlman həmvətənlərini qayğılandıran müxtəlif məsələlərlə bağlı xalqlarımızın mənafelərinə cavab verən fətvalar verməyə qadir olan yüksək təhsilli xadimlər qoşulublar: "Biz yad yerlərdən, xaricdən gələn fətva və möizələri qəbul etmirik. Başlıca vəzifəmiz hər bir müsəlmanın qəlbinə yol tapıb İslam dininin həqiqi dəyərlərini bərqərar etməkdən ibarətdir". Şeyxülislam Allahşükür qeyd edib ki, Azərbaycan Respublikasının dövlət siyasəti insanları milli və dini əlamətlərinə görə ayırmayan bir siyasətdir. "Vətəndaşlarımız arasında nifaq toxumları səpmək cəhdləri uğursuzluğa məhkumdur. Bunun zamini xalqlarımızın və onların rəhbərlərinin müdrikliyidir" - deyə Şeyxülislam bildirib. 
Seyxülislam rəhbərlik etdiyi qurumun təyinatı olmadan fəaliyyət göstərən şəxslər barədə də danışıb. Komitə sədri bildirib ki, rəsmi fəaliyyət göstərən din xadimləri ilə din adı altında bu və ya digər işlər törədən şəxsləri eyniləşdirmək düzgün deyil:  “QMİ-nin təyinatı olmadan fəaliyyət göstərən hər hansı bir şəxsin törətdiyi əməllər Azərbaycanda din adına və dini təşkilatların, dini qurumların adına yazılmamalıdır. Yalnız QMİ tərəfindən təyinat almış və rəsmi olaraq fəaliyyət göstərmək icazəsi olan şəxsin dini ayinləri, dini mərasimləri həyata keçirmək icazəsi var. Qalan şəxslərin bu və ya digər dini ayinlər icra etməsi qanunsuzdur”.
“Azərbaycanda dini radikalizmə qarşı mübarizə mütəmadidir”. Bunu isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. O, dini radikalizmə qarşı mübarizənin Azərbaycanda bu gün daha aktual olduğunu vurğulayıb: “Bu gün dünyanın 40 ölkəsində dini radikalizm zəminində münaqişə mövcuddur. Münaqişə və müharibələr olan ölkələr əsasən müsəlman olan ölkələrdir. Son illərdə 60 minə yaxın terror hadisəsi baş verib. Din adı altında terror hadisələri vüsət alıb. Biz eyni zamanda xurafata qarşı da mübarizə aparırıq. 
Şükürlər olsun ki, indiyədək bizdə dini zəmində qarşıdurma, konflikt qeydə alınmayıb. Bu, bizim uğurumuzdur. Bizdə tolerantlıq artıq dünyada nümunəyə çevrilib. Bir sıra ölkələr bizdəki tolerantlıq təcrübəsini öyrənmək üçün bizim komitəyə müraciət edib". Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli var. M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiya üzərində bu gün uğurla inkişaf etdirilməkdədir: “Azərbaycanda hər bir dinə məxsus olan xalqların öz dini ayinlərini icra etməsi üçün əlverişli şərait yaradılıb. Din amilindən bəzi ərazilərdə, ayrı-ayrı ölkələrdə sui-istifadə edilir, xüsusilə islam dünyasında din amilindən istifadə edərək islamı gözdən salmaq istəyən dairələr var”.
Onun sözlərinə görə, bəzi qüvvələr Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışır. M.Qurbanlı bildirib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə, onu dəyişdirməyə çalışan qüvvələr var: “Bizim tarixən formalaşmış dövlət-din modelimizin əsaslarını çökdürməyə çalışırlar. Azərbaycanın dövlət-din modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəni zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək bizim dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də hər kəs bu cür cəhdlərə qarşı mübarizə aparmalıdır”.
O bildirib ki, ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən 1501 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 57 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb. "Ölkədə nəşr olunması məqsədilə ekspertizaya təqdim edilmiş 241 adda dini ədəbiyyata baxılaraq, onlardan 6-nın çapı məqsədəuyğun sayılmayıb".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 105 dini icma dövlət qeydiyyatından keçib. Həmin dini icmalardan 101-i islam, 4-ü qeyri-islam təmayüllüdür. Beləliklə, qeydiyyata alınmış dini qurumların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i islam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

 

Xəbər xətti