İslam dini sülh dinidir, mərhəmət dinidir

18:29 - 24 May 2017 - KİVDF

Prezident: "Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq"

"Həm açılış, həm bağlanış mərasimi ölkəmizin imkanlarını, xalqımızın istedadını göstərir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan və Azərbaycan xalqı öz milli, dini dəyərlərinə sadiqdir, onları qoruyur". Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki. İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. "Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir".
Prezident bildirib ki, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. " Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar. Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq".
Dövlət başçısı vurğulayıb ki,  Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. "Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır".
Prezident qeyd edib ki, biz müstəqillik gününün ərəfəsindəyik. Bir neçə gündən sonra Respublika Gününü qeyd edəcəyik. İslam oyunlarındakı bu qələbə əlbəttə ki, müstəqilliyimizə, müstəqilliyimizin möhkəmlənməsinə verilən növbəti töhfədir. "Eyni zamanda, biz mübarək Ramazan ayının başlaması ərəfəsindəyik. İslam Həmrəyliyi Oyunlarının Ramazan bayramının başlaması ərəfəsində başa çatması, Azərbaycan üçün böyük qələbə ilə sonuclanması hesab edirəm ki, təbiidir. Bu, təsadüfi deyil, bu, təbiidir".
“Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimində  çıxışı zamanı deyib:" Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar.” Mehriban xanım Əliyeva qeyd edib ki, bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını, tolerantlığını bir daha nümayiş etdirdi.: “Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!”
"İslam Həmrəyliy oyunları İslam Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin iştirakı ilə keçirilir. Onu da vurğulamaq istərdim ki, bu oyunlarda təkcə müsəlmanlar deyil, eyni zamanda İslam Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin müsəlman olmayan vətəndaşlarının da iştirakına icazə verilir. Bu İslam həmrəyliyi oyunlarının dinindən asılı olmayaraq insanlara qarşı nə qədər tolerant, humanist yanaşdığını göstərir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aygül Ağayeva deyib. Onun sözləıinə görə, İslam həmrəyliyi tək idman sferasında deyil, sosial, iqtisadi, mədəniyyət, elm və texnika, insan hüquqları, informasiya və digər beynəlxalq məsələlərdə də müsəlmanların birliyini tələb edir. 
Dövlət Komitəsinin əməkdaşı bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsinin ölkəmiz üçün çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti vardır. Bu tarixi Sərəncamla Azərbaycan öz milli-mənəvi dəyərlərinə bağlılığını göstərməklə yanaşı, eləcə də çağdaş ölkə kimi gələcəyə qardaşlıq körpüsü salır. Azərbaycanın müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi ölkəmizdə dini həmrəyliyin hökm sürdüyünü bir daha dünyaya çatdırdı. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün dünyada müsəlmanlar arasında birlik və həmrəyliyin möhkənlənməsinə kömək edəcəkdir.  
O bildirib ki, Azərbaycan dünyaya tolerantlıq modelini təqdim edir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
 Millət vəkili Elman Nəsirov deyib: " Bakı bu 15 gündə 54 ölkəni, yəni dünyanın ¼-ni “Sülh, həmrəylik” şüarı altında birləşdirdi. Azərbaycan müharibə şəraitində olsa da, ərazilərinin 20 faizi işğal edilsə də, sülh tərəfdarı olduğunu göstərdi, bu Oyunlar vasitəsilə dünya ölkələrini barışa, həmrəyliyə səslədi. Azərbaycan nümayiş etdirdi ki, qanlı toqquşmaların, münaqişələrin artdığı XXI əsrdə qlobal problemlərdən yeganə çıxış yolu məhz sülh və birlikdir".
 Millət vəkili Elman Nəsirov bildirib: " İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycanda stabillik, təhlükəsizlik və inkişaf yüksək səviyyədədir. Bu onu göstərir ki, Azərbaycan islam dünyasında özünü lider dövlət kimi aparır və ölkə İslam dünyasında həmrəyliyə yüksək töhfə verir. ".
Göründüyü kimi bu gün müsəlman ölkəsi olmaqla yanaşı, demokratik dəyərlərə önəm verən, müasir Azərbaycan beynəlxalq aləmdə nüfuzlu, öz sözünü deyən, əməkdaşlığa açıq ölkədir. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan həyata keçirdiyi irimiqyaslı layihələrlə regional əməkdaşlığa mühüm töhfə verir, eyni zamanda iri beynəlxalq tədbirlər, o cümlədən idman yarışları təşkil etməklə dünya dövlətləri arasında əməkdaşlığın genişlənməsinə səy göstərir. Tolerant, multikulturalist ölkə olduğunu bird aha göstərdi. Budur bizim üstünlüyümüz.

 

Xəbər xətti