Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi qitələrarası kurs razılıqla qarşılanıb

11:10 - 26 Yanvar 2017 - İDMAN

"Hər Olimpiya tsiklindən sonra Beynəlxalq Gimnastika Federasiyası (FİG - R.Ə.) hakimlər üçün kurs keçirir. Burada hər tsikl üçün yeni qaydalar açıqlanır". Bunu "Report"a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov bir neçə gün əvvəl Bakıda gimnastika hakimləri üçün təşkil olunmuş qitələrarası kursdan danışarkən deyib. Federasiya rəsmisi qonaqların təşkilatçılıqdan razı qaldığını bildirib: "Kurslar iki yerə bölünür. Bunlar qitələrarası və beynəlxalq kurslar olur. Qitələrarası kurslar ən yüksək kateqoriya əldə etməyə imkan verir. Bu, 4 kateqoriyadan ibarətdir. Ancaq kursdan hamı keçməyə bilər. Beynəlxalq kurslar da olimpiya tsiklindən sonra hər qitədə müxtəlif dillərdə keçirilir. Bundan sonra həmin hakimlər FİG yarışlarında hakimlik edə bilərlər. Biz ilk dəfə qitələrarası kurs keçirdik. Qonaqların da hamısı təşkilatçılıqdan, AGF-nin işindən razı qaldı".

F.Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva haqda səslənən fikirlərə də cavab verib:

"Mariana bədii gimnastika üzrə baş məşqçidir, cavabdeh şəxsdir. Həm də komandanın hazırlığı ilə məşğul olur. Regionlarda gimnastika, bədii gimnastika inkişaf edir. Biz onun fəaliyyətindən razıyıq və hesab edirəm ki, bu cür mütəxəssislər nəinki bütün gimnastika növlərində, ümumiyyətlə, idmanda çox olsa, daha yaxşı olar. Belə mütəxəssislərin sayının çoxalmasını arzulayıram".

Baş katib bolqarıstanlı mütəxəssisin idmançılara təzyiq göstərməsi, gimnastika klublarının bağlanmasına çalışması, məşqçilərin işdən çıxmasında rolunun olması ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib: "Vasilyeva haqda bəzi söhbətlər çıxıb ki, bunlar da əsassızdır. Hər hansı fakt varmı? Təbii ki, bütün məsələlər araşdırılmalı və sonra fikir bildirilməlidir. Yəni, bunlar əsassız mövzulardır. Üstəlik, böhtan da atırlar. Hamının anası, bacısı var. Qadına qarşı, xüsusən Azərbaycanda əsassız şeylər yazmaq nə deməkdir? Siz jurnalistsiniz. Mənim haqqımda nə istəsəniz, yaza bilərsiniz, amma mən sizə nəsə desəm, deyəcəklər jurnalistə təzyiq edir. Mən də çox şey deyə bilərəm. Kimin xoşuna gələr bu? Siz insan kimi buna necə yanaşırsınız? Hansı klub bağlanıb? Bununla bağlı fakt var? Hansı məşqçi ona görə qovulub? Ola bilər ki, məşqçi, idmançı hansısa işdən çıxır. O demək deyil ki, bu, baş məşqçinin günahıdır. Heç bir əsas, fakt olmadan bunu demək olmaz. Mən də sosial şəbəkədə nəsə yazsam, dostlarım ona inanacaq. Bizim gördüyümüz işlər göz qabağındadır. Yalan danışırıqsa, deyin ki, səhvdir. Hansı uşaqlardan pul alınır? Bütün dünyada lisenziya deyilən bir şey var. Bütün federasiyaların bazasında bu olmalıdır ki, idmançılar haqda məlumat alaq, klubunu, yaşını bilək. Lisenziyaya daxil olan ən əsas şey sığortadır. Bizim 99 manata sığortamız var. Bu qiymətə iki illik sığorta var? Bu, gizli olan bir şey deyil axı. Zəng vurun hansısa sığorta şirkətinə, deyin mən idmançını 2 il müddətinə zədədən sığortalamaq istəyirəm. Görün, o qiymətə sığorta tapa bilərsiniz? İdmançılarımız, məşqçilərimiz və klublarımızın inkişafı üçün əlimizdən gələn edirik. Qoy, idmançı sabah zədə alanda bilsin ki, sığortalanıb".

AGF rəsmisi M.Vasilyevanın 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları zamanı saxlanılması ilə bağlı yayılan xəbərlərə də toxunub: "Braziliyada belə şey olmayıb. Kiminsə qadın qohumu, yaxını haqqında belə şey yazılsa, həmin adamın xoşuna gələr? Ən azından həmin bolqarıstanlı mütəxəssis 7 Avropa çempionatında Azərbaycan gimnastlarına medal qazandırıb. Bu cür hallara yol vermək olmaz. Ortada fakt varsa, bu, başqa məsələdir. Biz inkişaf yolundayıq, inkişafa doğru gedirik. Belə yalnış məlumatlara inanmaq lazım deyil".

Qeyd edək ki, Mariana Vasilyeva 2009-cu ildən Azərbaycan yığmasının baş məşqçisidir.  

Xəbər xətti