Bolşeviklər parlamentə baykot elan etdilər

18:04 - 16 Noyabr 2016 - KİVDF

Bakıdakı Rus Milli Şurası ingilis komandanlığının köməyindən istifadə edərək, parlamentin açılması işini pozmağa cəhd etdi


Müsəlman sosialistlər ittifaqının nümayəndəsi Ə.C. Pepinov və Hümmət (menşevik) qrupunun nümayəndəsi Ə. Şeyxulislamzadə öz çıxışlarında təşkilatları adından yaranmış mövcud vəziyyətdə parlamentdə iştirakın zəruriliyindən bəhs ediblər. Bolşeviklər parlamentə baykot elan etdilər. Bakıdakı Rus Milli Şurası ingilis komandanlığının köməyindən istifadə edərək, parlamentin açılması işini pozmağa cəhd etdi. Erməni Milli Şurası da ixtiyarlarında olan hərbi hissələrə güvənərək Bakıda qarışıqlıq salırdı. Rus və qismən Erməni Milli Şuraları parlamentə seçkiləri baykot edib, öz nümayəndələrinin parlamentdə təmsil etdikləri millət adından iştirakına mane oldular. İlk əvvəllər onların müttəfiqi olan general Tomson parlamentin açılmasına mane olsa da, bir qədər sonra onun təşkilinə mane olmamaq qərarına gəlir. Rus Milli Şurasının da bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. Sonuncular Azərbaycan istiqlalı prinsipini qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Tarix elmlər doktoru Nəsib Nəsibli yazır: "Fəhlə konfransının parlamenti baykot etmək siyasətinə qarşı çıxaraq, Ramana, Binəqədi, Balaxanı və Sabunçunun müsəlman fəhlələri bir qədər sonra həmkarlar təşkilatına ayrılmış 3 nümayəndə yerindən ikisinin onlara verilməsini tələb etdilər. Azərbaycanın bir sıra mahal və şəhərlərindən də deputat seçkiləri başa çatmamışdı. Naxçıvan və Borçalının da gələcəyi məsələsi qaranlıq qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki, parlament haqqında qanunda nəzərdə tutulmuş 120 deputatın əksəriyyətinin toplanması ilə parlamentin açılışı oldu. Azərbaycan Demokratik Respublikası parlamentinin ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda (o vaxt Tağıyev qız məktəbinin, indi isə Əlyazmalar İnstitutunun binasında) oldu. Şəhərin mərkəzi bayramsayağı bəzədilmişdir. Mağazalar bağlanmış, dövlət idarələri və təhsil müəssisələri öz işini dayandırmışdır. Milli bayraqlar və xalılarla bəzədilmiş parlamentin iclas salonunda Türk Demokratik Federalistlər Partiyası – Musavatın üzvləri, eləcədə azlıqda qalan millətlərin nümayəndələri ortada, Hümmətçi menşeviklər və sosialistlər solda, bitərəflər və İttihad partiyasının üvzləri sağda əyləşmişdilər. Diplomatik nümayəndələr. Lojasında general Tomsonun nümayəndəsi Konkerel, İranın baş konsulu Sədulvuzarə və onun maliyyə müşaviri, Dağlılar hökümətinin sədri T. Çermoyev, bu hökümətin Azərbaycandakı nümayəndəsi Qandəmirov. Gürcüstan Respublikasının nümayəndəsi Karsevadze, eləcə də Araz Respublikası nümayəndəsi P. Əliyev oturmuşdular". Azərbaycan hökümətinin üzvləri də iclasda iştirak edirdi. Parlamentin ilk iclasını Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə açmış, böyük təbrik nitqi söyləmişdir. Tez-tez alqışlarla kəsilən nitqində Məmməd Əmin Rəsulzadə firqə ehtirasları, şəxsi qərəzləri atıb. Vətən qayğısı və millət duyğusunu hər şeydən yüksək tutmağa çağırmışdır. "Məmməd Əmin nitqini bitirib, parlament sədrini və sədr müavinini seçməyi təklif etdi. Şəfi bəy Rüstəmbəylinin təklifi ilə bitərəf hüquqşünas Əlimərdan bəy Topçubaşov Azərbaycan parlamentinin sədri, Müsavat partiyasının üzvü hüquqşünas Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Topçubaşov bu iclasda iştirak etmədiyindən (bu zaman o, İstambulda Azərbaycan Respublikasının nümayəndəsi idi) iclasın sonrakı gedişi Həsən bəy Ağayevin sədrliyi ilə keçdi. Ona göstərilən böyük etimad müqabilində Həsən bəy parlamentə təşəkkürünü bildirib katib seçilməsini təklif etdi. Ənnənəyə uyğun olaraq parlamentin ən gənc üzvü Rəhim bəy Vəkilov katib seçilmişdi. Daha sonra parlamentin xitabət kürsüsünü Nazirlər Şurasının sədri Fətəli xan Xoyski tutub, müvəqqəti hökümətin istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verilməsini elan etdi",- tarixçi yazır. Onun sözlərinə görə, parlamentin qərarı ilə hökümətin istefasını qəbul edilib, yeni kabinetintəşkilinə qədər onun öz işini davam etdirməsi tapşırıldı. İttihad partiyasının üzvü Q. Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi məhbuslara əfv-ümumi verilməsi təklifi qəbul edildi. Daha sonra mandat, təsərrüfat və reqlament komissiyaları üzvlərinin seçilməsi ilə təsis iclası bağlandı. Parlamentin sonrakı iclaslarında bir nüçə komissiya – maliyyə - büdcə, fəhlə, qanunvericilik təklifləri, redaksiya, hərbi iĢlər, aqrar sorğu, ölkənin məhsuldar qüvvələrindən istifadə, müəssisələr məclisinin çağırılması üzrə komissiyalar formalaşdı. Parlamentin cari işlərini idarə etmək üçün sədr, müavin və katiblərdən başqa fraksiyaların sədrlərindən ibarətsenyorkonvent seçildi. Senyorkonventə Musavat fraksiyasından M.Ə. Rəsulzadə, İttihad fraksiyasından Q. Qarabəyli, demokratik bitərəflər fraksiyasından M. Vinoqradov, Əhrar fraksiyasından A. Qardaşov, sosialistlərdən C. Hacınski daxil idi. Parlamentin sədr müavini fraksiyaların sədrləri ilə məşvərətdən sonra hökümətin təşkilini yenidən Fətəli xan Xoyskiyə tapşırdı. Lakin Fətəli xan səhhətinin pisləşdiyindən yeni hökümətə başçılıq etmək iqtidarında olmadığını bildirdi. Dekabrın 18-də H. Ağayev parlament üzvlərinin arzusunu nəzərə alaraq Fətəli xana yenidən rəsmi müraciət edib, vətənin belə ağır günlərində hökümət təşkili kimi məsuliyyətli bir işdən boyun qaçırmayıb, müştərək kabinə təşkilini öhdəsinə almağıisrar etdi. Fətəli xan yeni koalisiyalı kabinəni bir qədər genişləndirib, tərkibinə 3 rus və 2 erməni naziri də daxil etməyi nəzərdə tutmuşdu. Lakin erməni nümayəndələri hökümətə daxil olmaqdan imtina etdikdən sonra Nazirlər Şurasının sədri on nəfərdən ibarət kabinənin tərkibini və iş proqramını 16 parlamentin müzakirəsinə verdi. Yeni kabinə partiya prinsipi üzrə deyil, partiyaların hökümət başçısına və proqrama etimad prinsipi üzrə təşkil olundu. İş adamlarından ibarət bu koalisiyalı kabinədə yalnız İttihad partiyası iştirak etməkdən imtina etdi. Parlament Fətəli xan Xoyski kabinəsinə dekabrın 26- da öz etimadını bildirdi. General Tomson da parlamentin göstərdiyi kabinəni dekabrın 28-də tanıdığını və Azərbaycanda yeganə qanuni hökümət hesab etdiyini bildirdi. Tomsonun bəyanatı onunla əlamətdar idi ki, noyabr – dekabr aylarında Tomson əgər Biçeraxov və daşnak qüvvələrini himayə edir və bununla onların özbaçınalığına şərait yaradırsa, bundan sonra o, artıq həmin qüvvələrin Bakıdan sıxışdırılıb çıxarılması sahəsində Azərbaycan hökümətinin səylərinə qarşı çıxmır, hətta Bakının ictimai- siyasi həyatında oynadığı rolu (general – qubernatorluq, polis, maliyyə, su təssərrüfatı və s. Üzərinə qoyulmuş nəzarət və i. a.) milli hökümət xeyrinə güzəştə gedirdi. Öz növbəsində Azərbaycan höküməti yaranmış vəziyyətdən bacarıqla istifadə etmiş, ölkənin daxili işlərinə yad qüvvələrin müdaxiləsini heçə endirməyə müvəffəq olmuşdu. 
Parlamentin ilk tədbirlərindən birini Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti göndərməsi təşkil edir. Bu nümayəndə heyətri qarşısında Azərbaycan istiqlaliyyətinin Avropa ölkələri tərəfindən tanıdılması kimi tarixi vəzifə dururdu.
(ardı var)

Xəbər xətti