Cəlalilər hərəkatına başçılıq edənlər arasında Koroğlu xüsusilə seçilib

18:31 - 26 Oktyabr 2016 - KİVDF

 Koroğlu şəxsiyyəti və onunla əlaqədar hadisələr Azərbaycan folklorunda özünün geniş əksini tapıb

Topal Osman paşanın rəhbərliyi altında Cəlalilər Qərbi kəndini özünə mərkəz seçərək qışı orada keçirmişdi. Kiçik qruplara ayrılan Topal Osman paşanın dəstəsi bir ilə yaxın Arazın hər iki sahilində fəaliyyət göstərmişdi. İrəvan bölgəsində Əbdürrəhman Müsəllimin rəhbərliyi altında digər Cəlali dəstəsi də fəaliyyət göstərmişdir. Cənubi Qafqazda Səfəvi-Osmanlı hərbi əməliyyatlarının gedişində Cəlalilər hərəkatının arealı daha da genişlənmişdi. Osmanlıların Cənubi Qafqazdakı hakimiyyəti möhkəmləndikcə Cəlalilər mübarizə meydanından sıxışdırılmış və xalq kütlələrinin azadlıq hərəkatı yeni formalar almışdı. Osmanlı ordusunun məğlub etdiyi Cəlalilərin bir qismi Səfəvi hökmdarı Şah I Abbasın himayəsinə sığınmışdı. 1608-ci ildə Ərzurum ətrafında 20 minlik Osmanlı qoşununa qarşı son döyüşdən sonra Cəlalilər qızılbaşlar ölkəsinə pənah gətirmiş, Çuxursəd hakimi Əmirgünə xan Qacar onların Azərbaycanda yerləşməsinə razılıq vermişdi. Səfəvi şahı cəsur və cəngavər Cəlalilərin böyük dəstəsindən həm tabe olmaq istəməyən kürd feodallarına, həm də Osmanlı dövlətinə qarşı istifadə etmək istəyirdi. Lakin o, Cəlalilərdən qorxurdu. İsgəndər bəy Münşi şahın Cəlalilərə ehtiyatlı, ikili münasibətini əsərinin bir neçə yerində aydın şəkildə qeyd etmişdir. O, Cəlaliləri “özbaşına və hərəkətlərində ardıcıl olmayan” şəxslər kimi təqdim edir. “Böyük vəzir” Hatəm bəy Ordubadi şahın göstərişi ilə Təbrizdə olan Cəlaliləri siyahıya aldı. İsgəndər bəy Münşi qeyd edir ki, bu zaman Təbrizdə 1380 nəfər Cəlali vardı və onlar daim mərkəzi hakimiyyətin nəzarəti altında saxlanılırdılar. Səfəvi sarayı Azərbaycanda yenicə məskunlaşmış Şərqi Anadolu Cəlalilərinin yerli Cəlalilərlə birləşməsindən qorxurdu. Lakin Anadolu Cəlalilərinin öz daxilində vahid fikir və əməl birliyi yox idi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Türkiyədən İrəvan bölgəsinə gələn Cəlalilər ilk gündən bir-biri ilə rəqabət aparan üç dəstəyə ayrılmışdı . Ərzurum yaxınlığında İbrahim paşaya məğlub olan Qələndər oğlu Məhəmməd paşa Şah I Abbasın himayəsinə qəbul edilmişdi. Səfəvi sarayı Anadolu Cəlalilərinin qüvvələrini Həsən Ustaclının rəhbərliyi altında Səfəvi ordusu ilə birləşdirərək Marağa istiqamətində yürüş edərək Kürdüstana yiyələnmək, Türkiyə ərazisi ilə Diyarbəkrə kimi irəliləyərək Çuxursəd hakimi Əmirgünə xan Qacarın dəstəsi ilə cəbhəni birləşdirmək fikrində idi. Hadisələrin gedişi göstərir ki, iki ilədək Şah I Abbasa xidmət edən Anadolu Cəlaliləri hökmdarın münasibətindən narazı qalmışdılar. Osmanlı hakim dairələrinin təbliğatı, üsyançıların bağışlanması haqqındakı vədlər, vətənə qayıtmaq çağırışları da öz nəticəsini verdi. 1610-cu ilin ortalarına doğru 500 nəfərlik dəstə istisna olunmaqla bütün Anadolu Cəlaliləri Osmanlı imperiyasına qayıtdılar. Qara Səidin və Hacı Məhəmmədin rəhbərliyi altında Cəlalilər Şah I Abbasa sədaqətli qalaraq Ali Divanın şəxsi xidmətçiləri sırasına daxil olundular . Cəlalilər hərəkatına başçılıq edən rəhbərlər arasında Koroğlu xüsusilə seçilirdi. Koroğlu şəxsiyyəti və onunla əlaqədar hadisələr Azərbaycan folklorunda özünün geniş əksini tapmışdır. Tarixi ədəbiyyatda Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk dəfə qeyd edən P.H.Boratav olmuşdur. O, Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan Mühimmə dəftərlərindən istifadə edərək Köroğlu ilə bağlı 4 sənəd aşkara çıxarmışdır. Sovet tarixşünaslığında Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk dəfə qeyd edən İ.P.Petruşevski olmuşdur. A, Təbrizli Koroğlu barədə yazır ki, “bu o Koroğludur ki, hazırda aşıqlar tərəfindən oxunan çoxlu nəğmələr bəstələmişdir. Yadelli işğalçılara, feodal zülmünə qarşı barışmaz mövqeyi və mübarizliyi xalq kütlələrində Koroğluya sonsuz hörmət və sevgi qazandırmışdı. Real tarixi şəxsiyyət olan Koroğlu ədalətli xalq müdriki, yenilməz qəhrəman, mahir aşıq kimi xalqın sevimlisinə çevrilmişdi. Xalqın qəhrəmanlıq və ədalətli hakim idealları Koroğlu obrazında əksini tapmışdır. Türkiyə tarixçisi Faruq Sümer Başbakanlıq Osmanlı Arxivində Mühimmə Dəftərlərində Koroğlu ilə bağlı saxlanılan 8 ədəd sənədi 1987- ci ildə nəşr etdirərək onun fəaliyyəti haqqında tarixi gerçəklikləri aşkara çıxardı. 1580-ci il 25 oktyabr tarixli sənəddə Koroğlunun Bolu sancağına bağlı Gerede mahalının Sayık kəndindən olduğu bildirilir. Koroğlunun evlər basıb iki  kişini yaraladığı və bir oğlanı apardığı xəbər verilir, onun ələ keçirilməsi üçün dəfələrlə təşəbbüs göstərilsə də, bir nəticə vermədiyi bildirilirdi. F.Sümerin fikrincə, 1578-ci ildə Səfəvi dövlətinə qarşı başlanılan müharibə davam etdiyi üçün Koroğlunun bundan faydalanaraq hərəkətə keçdiyi, əsgərlərin əksəriyyəti müharibəyə cəlb olunduğu üçün onun ələ keçirilməsi uğursuz olmuşdu/ 1581-ci il 11 aprel tarixli ikinci sənəd Anadolu bəylərbəyinə yazılmışdır. Bu sənəddə Kıbrus qazısının məktub göndərib eyni mahalda Çakal oğlu Mustafa ilə Gerede mahalında Rövşən adlı şəxsin ətrafına 15-20 nəfər kişi toplayaraq “evlər basdığını, adamları qətl etdiyini, Gerede, Kıbrus, Bəybazarı və Yörük mahallarındakı pis əməllərini getdikcə artırdıqları”, xalqın qorxudan şikayət etmədikləri bildirilir, Kıbrus mahalından Qızılcuk oğlu Məhəmməd, onun oğlu Mustafa, Əbdürrəhman, Həmzə, Gerede mahalından Doğançı Kamal, Yaralı oğlu Mustafa onların yaxın silahdaşı olub Cəlali olduqları bildirilirdi. Kıbrus qazısı bu Cəlalilərin ortadan qaldırılması üçün hərbi qüvvə göndərilməsini xahiş edirdi. Bu sənəddə Koroğlu Rövşən adı ilə təqdim olunur ki, dastanda da belədir. Mühimmə dəftərlərindəki 3 iyun 1581, 29 noyabr 1581 və 29 yanvar 1582- ci il tarixli sənədlərdə Koroğlu Rövşənin və Kıbrus mahalından olan silahdaşı Çakal oğlu Qara Mustafanın hələ ələ keçmədikləri, beş-altı mahalı qorxu içərisində saxladıqları, yaratdıqları qorxu nəticəsində heç kimin şikayət etməyə cürət etmədiyi bildirilirdi. Mühimmə dəftərindəki 20 iyul 1583 və 16 avqust 1584-cü il tarixli sənədlərdən aydın olur ki, Koroğlu dörd ildən çox Bolu bölgəsində fəaliyyət göstərmişdi. F.Sümerin fikrincə, Osmanlı ordusu Səfəvilərlə müharibəyə cəlb olunduğu üçün Koroğlunun fəaliyyəti üçün geniş imkanlar açılmışdı. Bununla yanaşı, Koroğlunun yaratmış olduğu qorxu nəticəsində bəylər və qazılar ondan şikayət etməyə cürət etməmişdilər. Lakin bütün bunlara baxmayaraq, o, müxtəlif istiqamətdən sıxışdırıldığı üçün fəaliyyət göstərdiyi bölgəni tərk etmək məcburiyyətində qalmışdı. F.Sümerin qənaətinə görə, Koroğlu bu zaman Çənlibelə (Çamlıbelə) gəlmişdi. Çənlibel dastanda adı xatırlanan Bolu ətrafında deyil, SivasTokat karvan yolu üzərindədir [12, 18]. Çənlibel Koroğlunun əsas istinadgahı olmuşdu. Şərqi Anadoluda və Azərbaycanın qərb bölgəsində Çənlibel adlı qalalar vardır. XIX əsrə aid mənbələrdə Çənlibel qalasının adı çəkilir. A.A.Bakıxanov Xoy hakimi Cəfərqulu xan Dünbulinin bir müddət Naxçıvan yaxınlığındakı “Koroğlu Çənlibelində” yaşadığını göstərmişdir. Koroğlu Tokatdan keçən karvanlardan “yol bacı” almışdı. Dastanda onun karvanbaşı ilə deyişməsi də bunu təsdiq edir. Koroğlu Çənlibeldə də sıxışdırıldığı zaman Azərbaycana gedərək Şah Abbasın xidmətinə girmişdi. Bunu dövrün mənbələri də təsdiq edir. 
Tofiq Nəcəfli, dos.
(ardı var)

Xəbər xətti