Hacıqabulda aşkarlanan ətlər zərərsizləşdirilib

16:11 - 22 Sentyabr 2016 - Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.
Xərəb verdiyimiz kimi, sentyabrın 20-də gecə saat 03 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış məlumat əsasında birgə reyd keçirilib.
Reyd zamanı Hacıqabul rayonu Navahı kəndi ərazisində yerləşən 720 saylı stasionar “Yol Polisi Postu”nda Göyçay şəhər sakini Nəsimi küçəsi, dalan 2, ev 14-də yaşayan 1958-ci il təvəllüdlü Sadıqov Nazim Ağamirzə oğlunun idarə etdiyi “Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun arxa oturacağında və yük yerində Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kq olan, 8 hissəyə bölünmüş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən heyvan cəmdəkləri aşkar edilib.
Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.
Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, insan qidası üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. 
Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının 21 sentyabr 2016-cı il tarixli müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq iribuynuzlu heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq sentyabrın 22-də, yəni bu gün  insan qidası üçün yararsız olan iribuynuzlu heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Hacıqabul rayonundakı məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

 


Xəbər xətti