Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi etiraz bəyanatı yayıb

13:50 - 22 Sentyabr 2016 - Xəbər

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində növbəti hərbi təlimlərə başlaması ilə bağlı etiraz bəyanatı yayıb. 
 AZƏRTAC-ınn verdiyi məlumata görə, ATƏT-in iştirakçı dövlətlərinə ünvanlanmış bəyanatda qeyd edilib ki, təlimlər zamanı ağır artilleriya və texnikanın açdığı atəşlər və hərəkət nəticəsində yaranan toz dumanı cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrindən aydın müşahidə olunur.
Bəyanatda Ermənistanın bu təxribatçı addımı qətiyyətlə pislənilib: “Ermənistanın bu təxribatı ən yüksək siyasi səviyyədə vasitəçilik prosesinə cəlb olunmuş həmsədr ölkələrin sülh təşəbbüslərinə birbaşa təhqirdən başqa bir şey deyil. Ermənistanın bu cür davranışı sülh danışıqlarına və həmsədrlərə münasibətdə Ermənistan rəhbərliyinin səmimiliyini ciddi sual altına qoyur”.
Bununla əlaqədar olaraq daimi nümayəndəlik ATƏT-ə sədrlik edən Almaniyanı, Minsk qrupunun üzvlərini və həmsədr ölkələri Ermənistanın bu məsuliyyətsiz addımını birmənalı şəkildə pisləməyə və Ermənistanı son aylarda danışıqlar prosesində yaranmış dinamikaya xələl gətirəcək addımlardan çəkindirməyə çağırıb.

Xəbər xətti