Aydın Əliyev ÜGT-nin direktor müavinini qəbul edib

14:43 - 20 Sentyabr 2016 - Xəbər

Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Gömrük Xidməti arasında mövcud əlaqələr yüksək səviyyədədir
     Sentyabrın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda Mundianı və ÜGT-nin Ticarətin sadələşdirilməsinin tətbiqi proqramının koordinatoru xanım Johanna Torstromu qəbul edib.
      DGK Mətbuat Xidmətindən ucnoqta.az-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev müstəqil Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunub, əməkaşlığın hazırki vəziyyətindən razılıqla söhbət açıb. Artıq ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, eləcə də ÜGT-nin Regional Tədris və Kinoloji mərkəzlərinin, Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdıran Komitə sədri gələcəkdə də bu cür tədbirlərin respublikamızda keçiriləcəyinə ümidvar olduğunu bildirib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib. 

Azərbaycan Gömrük Xidmətinin  bugünki inkişaf trayektoriyasından da ətraflı söhbət açan DGK sədri Aydın Əliyev 25 yaşı tamam olacaq müstəqil Azərbaycan gömrüyünün artıq təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb, gömrük sistemində kadr potensialının gücləndirilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
“Hər bir uğurlu fəaliyyətin arxasında peşəkar kadr dayanır”-deyə sözünə davam edən DGK sədriAydın Əliyev bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs etmiş, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirildiyini, təşkilatın Bakıda ofisinin də fəaliyyət göstərdiyini bildirmiş, ümumiyyətlə gələcəkdə bu kimi tədbirlərin gerçəkləşməsində ÜGT-nin də dəstəyini vacib bir amil kimi xarakterizə edib.
Son dövrlər ərzində Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan da söhbət açan Aydın Əliyev mübarizənin effektivliyinin daha da artırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd etmiş, ÜGT-nin təşkilatçılığı ilə region dövlətləri üçün seminarların keçirilməsinin zəruruliyini vurğulayıb.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda MundiaAzərbaycana səfərindən məmnunluğunu bildirib.
   Təmsil etdikləri təşkilatda Azərbaycan Gömrük Xidmətinin fəal rolunu yüksək qiymətləndirən qonaq ÜGT ilə respublikamızın gömrük sistemi arasında əlaqələrin müsbət məcrada inkişafından razılıqlarını ifadə etmiş, ÜGT-nin Azərbaycanda mövcud olan mərkəzlərinin və ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Xəbər xətti