Binə qəsəbəsi istiqamətində hərəkət edən 160 saylı avtobuslardan çox yazılıb çox deyilib. Amma nə fayda? Bu qəsəbənin nəqliyyat problemi düzəlmir ki, düzəlmir.
Binə sakinləri bu dəfə qəsəbəyə işləyən bu avtobuslardakı natəmizlikdən redaksiyamıza şikayət ediblər. Binə sakinlərinin verdiyi məlumata görə, qəsəbəyə işləyən avtobuslarda daim sərnişin sıxlığı olsa da müvafiq qurumlar yeni xəttin açılmasında maraqlı görünmürlər. Əgər əvvəllər sərnişindaşınma ilə Nəqliyyat Nazirliyi məşğul idisə yeni qurum- Bakı Nəqliyyat Agentliyi yaranandan sonra bu problemin həll olunacağını düşünsək də yanıldıq.
Amma problem tək bununla bitmir. Xəttə cavabdeh olan şəxslər avtobuslarda baş götürmüş natəmizliyə də göz yumurlar. Xəttə buraxılan avtobuslar hər gün xaricdən yuyulub təmizlənsə də avtobusların salonu təmizlənmir və ya təkcə süpürgə ilə süpürülür ki, bu da salonda oturacaqların tozla örtülməsinə səbəb olur. Axırıncı dəfə salonun nə zaman təmizləndiyi isə məlum deyil. Sanki xəttə məsul şəxs və müvafiq qurumlar sərnişin daşınması ilə məşğul olduqlarını unudublar. Bu avtobuslar sadəcə xəstəlik mənbəyidi. Qarşıdan isə yeni tədris ili gəlir. Məktəblilərin də avtobus xidmətindən istifadə etdiyini nəzərə alsaq, kiçikyaşlı uşaqların bu xəstəlik mənbəyi olan avtobuslardan xəstəliyə tutulması riski qaçılmazdır.
Binə sakinlərinin redaksiyaya göndərdikləri həmin fotoları təqdim edirik.