“Qan ver, bir həyatı xilas et!”- VİDEO

11:28 - 6 Sentyabr 2016 - Cəmiyyət

Emin Nəbili: “Qan vermək insanın öz orqanizminə də xeyirlidir və biz qanverməklə hansısa xəstəlik daşıyıcısı da olduğumuzu öyrənmiş oluruq

“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin həyata keçirdiyi daha bir layihə yekunlaşmaq üzrədir. “Qan xəstəliklərinin qarşısının alınması üçün ictimai maarifləndirmə” layihəsi dörd ay davam edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi ölkəmizdə aktual problemlərdən olan qan xəstəliyinin qarşısının alınması istiqamətində dövlətin apardığı işlərə ictimai dəstək verməkdir. Layihə çərçivəsində paytaxtla yanaşı, Naftalan, Masallı və Şəkiyə səfər edilərək qan xəstəliklərindən müalicənin keyfiyyətini öyrənmək üçün xəstəliyin daşıyıcıları, onların yaxınları və tibb personalı ilə görüşülüb. Mərkəzi qan bankının regional bölmələrinə səfər edilib. Qan xəstəliyi, onu yaradan səbəblər, keyfiyyətli müalicə, qan donorluğu ilə bağlı TV veriliş hazırlanaraq yayımlanıb və bu məlumatların toplandığı buklet çap edilərək əhali arasında yayılıb. 
Layihə rəhbəri Emin Nəbili deyir ki, layihənin məqsədi gorüşlər keçirmək, buklet, məqalələr çap etmək və televiziya verilişi hazırlamaq vasitəsi ilə qan xəstəliklərinin qarşısının alınması istiqamətində dövlətin gördüyü işlərə ictimai dəstək vermək idi: “Layihənin icrası dövründə bu məqsədin reallaşdırılması üçün icra planında nəzərdə tutulan işlərin tam yerinə yetirilməsinə çalışdıq. İlk öncə layihənin icrasının effektivliyini təmin etmək məqsədi ilə ekspertlərlə müzakirələr aparılıb və yerli icra orqanları, Səhiyyə Nazirliyi və əlaqədar digər tibb ocaqları ilə əlaqələr qurulub. Daha sonra qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı məlumatların toplandığı «Qan verməklə bir həyatı xilas et!» adlı buklet hazırlanıb. Hazırlanan buklet QHT nəşriyyatında 300 ədəd çap edilib. Çap edilən bukletdə qan xəstəlikləri, qan xəstəliyin qarşısının alınması yolları, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı məlumatlar toplanıb. Hazırlanan buklet Bakı şəhəri ilə yanaşı, Naftalan, Masallı və Şəki şəhərində də əhali arasında yayılıb. Hazırlanan bukletdə əsas üstünlük qan donorluğu ilə bağlı əhalinin məlumatlılığının artırılmasına yönəldilib. Bukletdə qan donorluğu, qan donorluğunun həm qan verən şəxsin özü, həm də qan verilən şəxsin həyatını xilas etmək baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin, donorların qan vermədən öncə və qan vermədən sonra bilməli olduqları məsələlər əksini tapıb. Mərkəzi Qan Bankı və Bankın ölkənin 8 regionunda olan bölmələri və onların hər birinin xidmət göstərdiyi rayonlarla bağlı məlumat verilib”.  
Layihə rəhbəri vurğulayıb ki, layihə çərçivəsində qan xəstələrinin müalicəsinin keyfiyyəti, onların problemlərini öyrənmək üçün bu xəstəlikdən əziyyət çəkən şəxslər və onların yaxınları arasında fərdi söhbət aparılması üçün fərdi söhbət anketi hazırlanıb: “Layihə çərçivəsində qan xəstəliyi olan şəxslər, onların yaxınları, xəstəliyin müalicəsi ilə məşğul olan tibb personalı, qan donorları arasında fərdi söhbət aparılıb. Bunun üçün 20 sualdan ibarət anket hazırlanıb. Anket ümumilikdə iki hissədən ibarət olub. Demoqrafik göstəricilərlə bağlı və proyekt sualları. Demoqrafik göstəricilərdə 5 sual qoyulub və respondentin təhsili, məşğulluq vəziyyəti və ailənin maddi durumu öyrənilib. 
İkinci bölmədəki suallarla isə respondentin qan xəstəlikləri, qan donorluğu ilə bağlı məlumatlılığı, müalicə imkanları, problemləri və qan xəstəliyinin müalicəsi ilə bağlı təklifləri öyrənilib. Bütövlükdə respondentlərə verilən suallar qapalı tipli olsa da, suallarda digər cavab variantı göstərilib ki, bu da respondentlərin fərqli cavablarını da qeydə almağa imkan verib”.
E.Nəbilinin sözlərinə görə, layihə çərçivəsində qan xəstəliyi, xəstəliyi yaradan səbəblər, qan xəstəliyindən əziyyət çəkənlərin əsas problemləri ilə bağlı mətbuatda 20 maarifləndirmə xarakterli yazı dərc edilib: “Hazırlanan məqalələrdə və müsahibələrdə Azərbaycanda qan xəstəliyi ilə bağlı son vəziyyət,  xəstəliyə düçar olanlarla aparılan işlər, onların əsas problemləri, qan xəstələrin dərmanlarla təminat məsələsinə, həmçinin xəstəliyin müalicəsi üçün görülməsi vacib olan tədbirlərə yer ayrılıb. Məqalələrdə, həmçinin, qan donorluğu, qan donoru olmaq istəyən şəxslər üçün tələblər, Mərkəzi Qan Bankı və onun regionlardakı bölmələrinin fəaliyyəti ilə bağlı məsələlərə yer ayrılıb. Qan xəstəliyi, xəstəliyi yaradan səbəblər, qan xəstəliyindən əziyyət çəkənlərin əsas problemləri, qan donorluğu, qan donoru olmaq istəyən şəxslər üçün tələblər, Mərkəzi Qan Bankı və onun regionlardakı bölmələrinin fəaliyyəti və əlaqə vasitələri ilə bağlı məqalələr “Üç nöqtə” qəzetində dərc edilib. Həmçinin, ucnoqta.az saytında dərc edilib. Problemlə bağlı B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva, Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Qorxmaz İbrahimxəlilovla, Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva ilə müsahibələr alınaraq mətbuatda dərc edilib. “Uç nöqtə” qəzeti 3000 tirajla çap edilir və abunəçisi var. “ucnoqta.az  saytının isə öz oxucu auditoriyası var. Odur ki, hazırlanan məqalələrin təxminən 5000-dən çox oxucu arasında yayıldığını düşünürük. Həmçinin, layihə çərçivəsində qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı məlumatlandırma xarakterli 1 televiziya verilişi  çəkilib. Televiziya veriliş “Kanal 13” internet televiziyasında çəkilərək yayımlanıb.Veriliş eyni zamanda “Kanal 13” internet televiziyasının youtube kanalına yerləşdirilib”.
Emin Nəbili daha sonra vurğulayıb ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqindən sonra ailə qurmaq istəyən gənclər məcburi müayinədən keçir: “Ötəl il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. Dəqiqləşdirdiyimiz məlumata görə, nikahdan öncə müayinələrə başlanılandan ötən 1 il ərzində 139 700 nəfər müayinə olunub. Onlardan 7 171 nəfərində talassemiya daşıyıcılığı aşkarlanıb. Amma talassemiya daşıyıcılığı xəstə demək deyil. 458 nəfərdə siflis, 85 nəfərdə QİÇS aşkarlanıb. 56 cütlüyün hər ikisində isə talassemiya daşıyıcılığı aşkarlanıb. Onlardan 6 cütlük nikahdan imtina edib. Amma evlənənlərə də tam tibbi konsultasiya verilib. Sonradan onlar da instituta dəvət olunur və müayinələr aparılır. Həmçinin, respublikamızda ilk dəfə olaraq perinatal müayinələr də aparılır. Respublika Perinatal Mərkəzində aparılan perinatal yoxlamaları yüksək ixtisaslı həkim tərəfindən aparılır. Regionlarda qeyd etdiyim kimi nikahdan öncə tibbi müayinə ilə bağlı bütün xəstəxanalarda hemotoloji kabinetlər açılıb. Hazırda həmin kabinetlərdə çalışan həkimlər təkmilləşdırmə kurslarında iştirak ediblər. İrsi qan xəstəliklərindən əziyyət çəkənlərə Mərkəzi Qan Bankının regional bölmələrində aşılmış irsi qan xəstəlikləri kabinetlərində tibbi yardım göstərilir”. 
Emin Nəbili sonda onu da qeyd etdi ki, son illər mətbuat və QHT-lər tərəfindən mütəmadi olaraq maarifləndirici sahəsində işlər görülsə də, insanlarda qan xəstəlikləri, donorluq barədə məlumat qıtlığı vardır:- “İnsanlar fikirləşirlər ki, qanvermə aksiyaları keçirildi, bu qədər qan verildi, kifayət qədər qan var. Düzdür, Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı vardır. Amma untumayaq ki, qan və qan komponentinin saxlama müddəti var: 30-42 gün. Ona görə də mütəmadi olaraq bu aksiyalarda iştirak etmək və ya müvafiq tibb müəssisəsinə yaxınlaşıb qan vermək lazımdır. Qanvermək insanın öz orqanizminə də xeyirlidir və biz qanverməklə hansısa xəstəlik daşıyıcısı da olduğumuzu öyrənmiş oluruq. Bu xəstəlikdən əziyyət çəkən insanların bizim dəstəyə ehtiyacı var. Bu dəstəyi də biz onlara mətbuatda və ya sosial şəbəkələrdə bu mövzuda yayılmış məlumatı “bəyən” düyməsini tıklamaqla deyil, donor olmaqla vermiş olarıq”. 

Xalid VAHİDOGLU

Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin qarşısının alınması üçün ictimai maarifləndirmə “ layihəsi çərçivəsində hazırlanıb.

 

Xəbər xətti