XV–XVI əsrlərdə Azərbaycanın türk dövlətləri ilə diplomatik əlaqələri

11:48 - 6 Avqust 2016 - KİVDF

Hökmdarlar və şahzadələri qarşılamaq üçün xüsusi mərasimlər təşkil edilirdi
(əvvəli ötən sayımızda)

Zəngin dövlətçilik tariximizin öyrənilməsində Azərbaycan dövlətlərinin diplomatik münasibətlərinin tədqiqi müstəsna əhəmiyyət kəsb edir. Orta əsrlərdə Azərbaycanın mövcud olduğu regionda diplomatik münasibətlərdən danışarkən tədqiqatçıların əksəriyyəti türk–müsəlman dövlətlərində bu əlaqələrin elçilər vasitəsilə tənzimləndiyini qeyd etmişlər.  Tədqiqatçıların əsərlərində dövrə bağlı diplomatik etiket qaydaları, dövlət başçıları və şahzadələrin qəbulu məsələlərinə diqqət yetirilmişdir...

Bayram xan şahın yanına adam yollayaraq görüş xahiş etdi. Cənnətməkan şah Bayram xan gəldikdən sonra “Buzlaq” yaylağında onunla görüşdü. Hümayun əzəmətli ordunun bir fərsəxliyinə çatdığı zaman məqamı uca olan həzrətin (Şah Təhmasibin) qiymətli qardaşları Bəhram Mirzə, Sam Mirzə, vəzir Qazi Cahan, qoriçibaşı Sevindik bəy Əfşar, Bədr xan Ustaclı, Möhrdar Şahqulu Xəlifə Zülqədər və başqaları onu qarşıladılar. Onlardan sonra əzəmətli yüzbaşılar, igid qoriçilər, başqa həşəmqətli adamlar səliqə-səhmanla mərasim qaydalarını yerinə yetirdilər. Onlar saraya gəlib yetişdikləri vaxt atdan yerə endilər. Cənnətməkan şah öz xüsusi xərgahından çölə çıxaraq, ona tərəf irəliləyib, böyüklərə xas olan ayin və şahlara məxsus qayda ilə görüşdü və onlar bir-birlərini qucaqladılar... Şah onun əlindən tutub çadıra gətirdi. Onların arasında bir ürəkli iki dost kimi dostluq söhbəti başlandı. Hər ikisi bir-biri ilə iki bir ürəkli dost kimi dostuna söhbət edir, həqiqətlə bəzənmiş sözlər söyləyirdilər. O həzrətin gətirdiyi töhfələr içində bir neçə bədəxşi ləl və bir qiymətli almas da vardı. Həmin mərasimdə iştirak edən tarixçi Həsən bəy Rumlu və “Tarixi-cəhanara”nın müəllifi Qazi Əhməd həmin almasın vəzninin dörd misqal və dörd danğ olduğunu yazmışlar. Xülasə, cənnətməkan şah həmin neçə gün ərzində hər gün xüsusi görüşlər təyin edib, məliklərə və şahlara layiq şahanə məclislər qururdu”. Təsvirini davam etdirən müəllif yazır: “Seyr, ov və qəbəqəndazi oyunlardan sonra müəyyən olunmuş bir gündə ali bir bayram və böyük bir toy  təşkil edildi. Məclisin sonunda o həzrətə töhfə və hədiyyələr təqdim olundu: qızıl-gümüş, tac, qiymətli daşlarla bəzənmiş kəmər, zərli İraq, Rum, Avropa, Çin və Xətay qumaşı, silahlar, sıx halqalarla hazırlanmış Davudi zireh, cəvahirlə bəzədilmiş tüfənglər, tazı atlar, Bərdə qatırları, qatar-qatar dəvələr, çoxlu xeymə, hərəm və divanxana çadırları, atlas və məxmərdən tikilən sayəbanlar” sadə və naxışlı əşyalar, çadırlar və evlər, hər ləvazimatla təchiz olunmuş təbil, ələm, nağaraxana alətləri. O həzrətin əmir və yaxın adamlarına da nəfis xələtlər və bol ənamlar verildi. Bayram xana ələm və nağara təqdim edilərək, ona yüksək xane-xanan  mənsəbi verildi”. Böyük Moğol hökmdarı Məhəmməd Hümayun Səfəvi qüvvələri ilə hakimiyyətini bərpa etməyə getməzdən öncə Təbrizi və Ərdəbili də ziyarət edir. Münşi yazır: “O həzrət Təbrizə getmək meylini və Təbriz şəhərinə rəğbətini, habelə övliyalar və alimlər sultanı (sultanül-övliya) olmuş Şeyx Səfinin qəbrini ziyarət etməyə meyl etdiyi üçün şahdan rüxsət alıb, Təbriz darüssəltənətinə təşrif apardı. Təbrizlilər cahan şahının fərmanına əsasən şəhərin küçələrini təmizləyib, qeysəriyyə və bazarları təzə gəlinlər kimi bəzədilər, o fələk ehtişamlı padşahı qarşılamaqdan ötrü istiqbala çıxdılar. Sahibabad meydanında o əsil-nəsəbli hökmdarın önündə, təbrizlilərin adəti üzrə, çovkan və başqa oyunlar nümayiş etdirərək, onun şənliyinin artmasına səbəb oldular. Onlar oradan çıxıb əzəmətli Səfəvi şeyxlərinin məzarlarını ziyarət etmək məqsədi ilə Ərdəbil darülirşadına getdilər və belə böyük bir səadətə yetməklə ulu şeyxlərin müqəddəs ruhlarından kömək xahiş etdilər. O şərif yerdə yaşayan əzəmətli şeyxavənd seyidləri səmimi-qəlb ilə xidmətlər göstərib onu bir neçə mərhələ yol boyu müşayiət etdilər. Oradan qayıdan Hümayun şah Miyanc çəmənliyində dayanan ali orduya yetişərək, orada vidalaşma mərasimini (seçmələr bizimdir – T.C.) yerinə yetirdi, ürək qətiyyəti və aydın məqsədlə məqsədə doğru üz tutdu. Onu Hümayun şahlığının sərhədinə çatana qədər ordu müşayiət etdi”.
Bu təsvirlərdə bir neçə məqam xüsusilə diqqəti cəlb edir. Əvvala, yüksək mənsəbli dövlət adamlarının qarşılanması zamanı onlar atdan düşür və qucaqlaşma törəni keçirirlər. Dövlət adamlarından başqa əhali də qarşılama tədbirlərinə cəlb edilir. İkincisi, tərəflər biri digərinə qiymətli hədiyyələr təqdim edir, gələn qonağın şərəfinə mərasimlər keçirilirdi. Üçüncüsü, hökmdarlar təkbətək görüşür və nəhayət, vidalaşma mərasimi keçirilir.
Kütahiyə sancağını idarə edən Osmanlı şahzadəsi Bayəzid h.966 (1558/1559)-cu ildə qardaşı Səlimlə qarşıdurmada məğlubiyyətə uğradı. Atası I Sultan Süleyman Qanuni ilə razılığa gələ bilməyən bu şahzadə Səfəvi dövlətinə sığındı. İsgəndər bəy Münşi bu hadisələri təsvir edərkən yazır: “Şahzadə Bəyazid bu dəfə özündə o ağır qoşunla döyüşmək qüdrəti görməyərək, var-yoxunu orada qoyub, dörd oğlu, on iki min paşası, mülazimi və yeniçəriləri ilə birlikdə qaçdı. Sultanın döyüşçüləri onu bir qədər təqib etsələr də, döyüş hər dəfə qaçışla nəticələnirdi. Quduz Fərhad, Axsaq Seyfəddin və Şahzadə Bayazidin başqa fədakar mülazimləri onu və oğlanlarını sağ-salamat döyüş yerindən çıxararaq qızılbaş məmləkətinə çatdırdılar. O, elə ki, şahlığın Hümayun sərhədinə çatdı, əşrəfin (I Şah Təhmasibin) yanına bir adam yollayıb öz halını ərz etdi. İzzət büsatının yaxın adamlarından və ali məclisin mötəbərlərindən olan Həsən bəy Yüzbaşı Ustaclı onun yanına şahanə yaraq və başqa döyüş silahları yolladı. Qərara alındı ki, sərhəd əmrləri və hər vilayətin əyan-əşrafı onun xidmətinə yetişsinlər, ona yer-yerdən layiqli təzimlər və ləyaqətli xidmətlər edilsin, şərəfinə ziyafətlər təşkil olunsun. Azərbaycan və Şirvanın vəziri olan Mirzə Ətaulla İsfahani divan sərkarının dini qayda-qanununun icrası üçün saraya gəlib çatan vaxta kimi onunla birgə idi. O, deyilən hər sözə əməl edirdi və şahzadəyə zəruri xidmət icra olunurdu. Təbriz  darüssəltənəsinin böyük adamları və əyanları şəhərdə yır-yığış  edib, Qeysəriyyə və bazarları gəzərək onu elə qarşıladılar ki, belə bir istiqbal qədim vaxtlardan bu vaxta qədər az görünmüşdü. Şahzadə elə ki, Təbrizdən çıxıb ali saraya yaxınlaşdı, şah Məsum bəy Səfəvini silah və başqa şahanə nəfis şeylərlə onun yanına yolladı. Həzrət cənnətməkan şah Təbriz darüssəltənəsinin Səadətabad meydanında böyük bir ziyafət və şahanə bir qonaqlıq qurdu, yollara əlvan xalılar döşəndi, zərli xeymələr və bəzəkli sayəbanlar açıldı. Elə bir məclis quruldu ki, ruzigarın gözləri hələ belə bir məclis görməmiş, zəmanənin qulağı belə bir səs-səda eşitməmişdi. Onlar şəhərə daxil olan gün əzəmətli əmirlər, ordu hissələri, əsnaflar, küçə və meydan camaatı, şəhərdə və şəhərdən kənarda yaşayan əhali dəstə-dəstə istiqbala yollanıb, bütün səhranı, çölü və dağı bürüdülər”. Şahzadə Bayəzidin Qəzvinə gəlməsini təsvir edən müəllif yazır: “Xülasə, şahzadə Bayəzid başdan-ayağa rum silahları ilə yaraqlanmış on min piyada, yeniçəri və süvari ilə Qəzvinin Səadətabad meydanına yetişdi. O, şahın dayandığı yüksək bargahının yanına çatan kimi atdan düşdü. Cənnətməkan şah bir neçə qədəm irəli gəlib ona əl verdi (mosafehe), istiqanlıq göstərdi, onunla mehribanlıqla görüşdü. O isə öz təkəbbürünü tərk etməyib qətiyyən danışmır, həmişə gərəkli olan həkimanə danışıqlara əhəmiyyət vermirdi. 
Tahir Cəfiyev
(ardı var) 

Xəbər xətti