1920-ci ilin yanvar ayının 11-də Azərbaycanın müstəqilliyi de-fakto tanındı

19:13 - 3 Avqust 2016 - KİVDF

Bu, Azərbaycan diplomatiyasının böyük qələbəsi idi

Fətəli xan Xoyski: " Azərbaycan xalqı müstəqil həyata layiqdir, o müstəqil yaşaya bilər"

Sülh  müqaviləsi imzalandıqdan sonra ABŞ-ın yeni missiyası bölgəyə səfər etdi. Missiyanın başçısı general Ceyms Y. Harbord Türkiyədə, Azərbaycanda, Gürcüstanda və Ermənistanda vəziyyəti öyrənib ABŞ prezienti Vilsona məruzə hazırlamalı idi. General Harbordu hökumət başçısı Nəsibbəy Yusifbəyov Zeynalabdin Tabıyevin evində qəbul etdi və ona bütün məsələlər ətrafında geniş məlumat verdi. General Azərbaycanın təbii sərvətləri, iqtisadi vəziyyəti, dövlət quruluşu və s. məsələlərlə ətraflı tanış olduğundan sonra bəyan etdi ki, tezliklə Ermənistan - Azərbaycan munaqişəsi həll edilməli, ölkədə yaranmış qayda-qanun Azərbaycanın müstəqil həyat quruculuğuna yardımçı olacaqdır. O, ümüd etdiyini bildirdi ki, Paris sülh konfransı Azərbaycan xalqının bütün səylərini və arzularını nəzərə alacaqdır.
Azərbaycan Demokratik Respublikasının hökumətinin həyata keçirdiyi ardıcıl diplomatik səyləri nəticəsində tədricən qərb ölkələri Azərbaycan xalqının müstəqillik əzmini başa düşdü, onun ədalətli haqq işini qəbul etdi. Qərbdə Azərbaycan haqqında ictimai rəyin formalaşmasında Azərbaycan diplomatlarının və ABŞ nümayəndələrinin xidməti yüksək qiymətə layiqdir. Onların fədakar əməyi sayəsində ABŞ prezidenti Vilsonda tərəddüdlərdən sonra Azərbaycanın müstəqilliyinə rəğbət hissi yarandı. Vilson Parisdə Azərbaycanın nümayəndə heyətini qəbul etdi, onunla danışıqlar apardı. Görüşdə Azərbaycan nümayəndə heyətinin Vilsona təqdim etdiyi müraciətdə qeyd edilirdi ki Amerika və Avropa mətbuatında Azərbaycan haqqında təhrif edilmiş, yanlış yazılar verildiyi üçün real vəziyyət barədə əsl həqiqətin rəsmi dövlət xadimlərindən alınması daha məqsədə müvafiqdir. Müraciətdə Azərbaycanın müstəqilliyinin tanınması, nümayəndə heyətinin sülh konfransına buraxılması, Azərbaycanla ABŞ arasında diplomatik və kommersiya münasibətləri yaradılması haqqında xahişlər də var idi.
Vilson qoyulan məsələlərə aydın münasibətini bildirməsədə o, izah etməyə çalışırdı ki, ABŞ dünyanı kiçik ölkələrə bölmək istəmir, onlar federasiyalarda birləşə bilərlər, onların məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. ABŞ və qərb ölkələri bolşevizmə qarşı mübarizədə vahid və bölünməz Rusiya uğrunda vuruşan Kolçaka və Denikinə havadarlıq etdikləri üçün Rusiyanı bütünlüklə udmaq niyyətində idilər. Real vəziyyətin inkişaf istiqaməti Qərbi siyasi yönümündən döndərdi, yeni dövlətlərə münasibəti dəyişdirməyə məcbür etdi.
ABŞ prezidentinin Azərbaycan nümayəndə heyətini qəbul etməsi, onunla danışıqlar aparması irəliyə doğru uğurlu addım idi. Nümayəndə heyətinin professional səviyyəsi, Azərbaycan xalqının azadlıq əzmi, sərbəst yaşamaq qətiyyəti Vilsonda Azərbaycan Demokratik Respublikasının müstəqilliyinə mane olmamaq üçün inam yaratdı. Digər əhəmiyyətli cəhət ondan ibarət idi ki, Rusiyada hərbi siyasi vəziyyət əvvəlki proqnozların əksinə cərəyan edir, Azərbaycanın iqtisadi, siyasi maraqları ABŞ-a və qərbə yönəlirdi. Bu faktor Azərbaycanın tanınması üçün qərbdə maraq yaradırdı. Bu zəmin üzərində Paris sülh konfransının Ali şurası İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci ilin yanvar ayının 11-də Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Bu münasibətlə Bakıda şənliklər təşkil edildi, parlamentin iclası çağrıldı, hərbi parad keçirildi. Fətəli xan Xoyskinin təbirincə desək bu o demək idi ki, Azərbaycan xalqı müstəqil həyata layiqdir, o müstəqil yaşaya bilər, öz ölkəsini müstəqil idarə edə bilər. Avropa, Azərbaycan xalqının həyat qabiliyyətinə inanaraq müsttəqilliyimizi tanımağı lazım bildi.
1919-cu ilin payızında Rusiyada siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar qərb ölkələrinin mövqelərində müəyyən dəyişikliklər yarandı. Ağqvardiyaçı generalların məğlubiyyəti reallaşdığı üçün Antanta dövlətləri keçmiş çar Rusiyası ərazisində yaranan yeni dövlətlərin müstəqilliyini tanımaq qərarına gəldilər. Noyabr ayında Avropa dövlətləri Sovet Rusiyasının təklif etdiyi barışıq şərtlərini müzakirə etməyə başladılar və bəyan etdilər ki, Paris sülh konfransının ali şurası Sovet Rusiyasının təklifini yeni yaranmış dövlətlərin istiqlayyətinin bolşeviklər tərəfindən tanınması şərti ilə qəbul edəcəkdir. Bu barədə Əli Mərdan bəy Topçubaşov yazırdı: “Hiss olunur ki, bizim azad və müstəqil yaşamaq haqqında ümudimizin möhkəmləndiyi və onun gerçək formaya çevrildiyi dövr başlanır”.
1920-ci il yanvarın 11-də lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasının Azərbaycanın istiqlaliyyətini de-fakto tanıması gənc Azərbaycan diplomatiyasının böyük qələbəsi idi.
Çox saylı təhlükəli təzyiqlərə və ziddiyyətlərə baxmayaraq Azərbaycan Demokratik Respublikası hökumətinin diplomatik səyləri tədricən öz bəhrələrini verirdi. 1918-ci ilin oktyabr ayının 2-də qonşu Gürcüstan respublikasının Bakıda diplomatik nümayəndəliyi açıldı, onun başçısı Nikolay Karsivadze təsdiq edildi. 
Həmin ilin oktyabr ayında Avstriya—Macarstanın nümayəndəsi general mayor Bovlas Bakıya gəldi. 1919-cu ilin oktyabr ayında Polşanın, Litvanın, Ukrainanın konsulluqları yaradıldı. 1919-cu ilin dekabr ayının sonunda Polşanın Qafqazdakı nümayəndəsi V.Ostrovski, 1920-ci ilin fevralında İtaliyanın iqtisadi nümayəndəsi senator Konti , martın 11-də İtaliyanın siyasi agenti polkovnik M.R.Qabba Bakıya gəldilər.
Görülən diplomatik tədbirlər nəticəsində 1920-ci ildə Bakıda 16 ölkənin, o cümlədən İngiltərənin, Belçikanın, Yunanstanın, Danimarkanın, Litvanın, ABŞ-ın, Fillandiyanın, Şvesariyanın və başqalarının nümayəndəlikləri təmsil edilmişdi . Bu dövrdə Azərbaycanın Türkiyədə, İranda, Gürcüstanda, Ermənistanda, Kubanda, Donda, Batumda, Krasnovodska və s. rəsmi nümayədəlikləri fəaliyyət göstərirdi .
Beləliklə, Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin demokratik prinsipləri dünya dövlətləri tərəfindən qəbul edilir və dəstəklənirdi. ADR-in dövlətlər arası münasibətlərdə həyata keçirdiyi sivil demokratik normalar onun tanınmasına şərait yaradırdı.
Bununla belə Azərbaycan Demokratik Respublikasının xarici siyasət sahəsində əldə etdiyi böyük uğurlar onun başı üzərini almış təhlükəni sovuşdura bilmədi. Denikin ordusu üzərində həlledici qələbə qazanan Sovet Rusiyası Azərbaycan sərhədlərinə yaxınlaşdı və onun müstəqilliyini təhlükə altına aldı. Azərbaycan hökümətinin Sovet Rusiyası ilə normal diplomatik münasibətlər yaratmaq cəhdləri nəticə vermədi. 1920-ci ilin əvvəllərində Azərbaycan hökuməti ilə RSFSR arasında notalar mübadiləsi aydın sübut etdi ki, Rusiyanın bolşevik hökuməti Azərbaycanın müstəqilliyini tanımaq fikrində deyil və yaxın zamanlarda onun işğal olunmasını planlaşdırır və onunla diplomatik manevrlər aparır. Ölkə daxilində təşkil edilmiş erməni qiyamları, digər tərəfdən Moskvadan göstəriş alan Azərbaycan bolşeviklərinin fəal iştirakı ilə yaradılmış hökumət böhranı Sovet Rusiyasının Azərbaycanı yenidən işğal etməsi üçün əlverişli zəmin hazırlayırdı. 1920-ci ilin 28 aprel işğalı Azərbaycanın müstəqilliyinə son qoydu. Lakin Azərbaycan Demokratik Respublikasının dövlətçilik və diplomatik təcrübəsi yaşadı, yenidən bərpa edildi və daha da zənginləşdirildi.

 

 

Xəbər xətti