“Yerli” Proqramının növbəti maarifləndirmə tədbirləri cənub və aran rayonlarında keçirilib

12:30 - 1 Avqust 2016 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf  Proqramının maarifləndirmə tədbirləri davam edir. Bu dəfə tədbirlər ölkənin cənub Lənkəran , Astara, Biləsuvar, Saatlı və Sabirabad rayonlarında keçirilib. Təlimlərdə Lənkəran rayonunun Digah və Şilavar, Astara rayonunun Ərçivan, Sabirabad rayonunun Ucalı, Mursalı və Nərimankənd, Biləsuvar rayonunun Aşağı Cürəli və İsmətl, Saatlı rayonunun Qaracalar kənd və qəsəbələrindən 150-ə yaxın gənc iştirak edib.
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

Tədbirlərə ARGTMŞ-ın “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı ilə start verilib. Təqdimat zamanı iştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib. Təqdimat başa çatdıqdan sonra təlimlərə start verilib. Proqramın koordinatoru tərəfindən "Layihələrin yazılması və idarə olunması" və "Sosial şəbəkələrdən səmərəli istifadə qaydaları" mövzularını əhatə edən təlimlər keçirilib. Təlim çərçivəsində praktiki məşğələlər, komanda oyunları keçirilib və iştirakçılar mövzu ətrafında müzakirələr aparıblar. Tədbirin sonunda iştirakçıların təltifolunma mərasimi baş tutub. 

Qeyd edək ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur, müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. Gənclər təşkilatları müraciət etmək üçün yerli.nayora.az portalına daxil ola bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bu isə kəndlərdə insan kapitalı, savadlı gənclərin yetişdirilməsi və inkişafını zəruri edir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib.


Xəbər xətti