Batumi müqaviləsi müstəqil Azərbaycanın bağladığı ilk dövlətlərarası müqavilə idi

19:24 - 29 İyul 2016 - KİVDF

Bu sənədlə Türkiyə ilə Azərbaycan arasında daimi sülhün və dostluğun əsası qoyuldu

Azərbaycanla Gürcüstan arasında 1919-cu il iyunun 27-də üç il müddətinə hərbi-müdafiə sazişi imzalandı. Tarixən dostluq və qardaşlıq mühütündə yaşayan azərbaycan və gürcü xalqları bu sənədlə mehriban qonşuluq əlaqələrini rəsmiləşdirdilər uzun yol keçib bu günkü strateji tərəfdaşlıq səviyyəsinə ucaldılar.
Birinci dünya müharibəsi nəticəsində ağır vəziyyətə düşmüş Türkiyə ilə əlaqələr bərpa edildi. Tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin Azərbaycanın Türkiyədə səfiri təyin edilməsi bu iki qardaş ölkə arasında əlaqələrin gücləndirilməsinə müsbət təsir etdi. Azərbaycanın Avropa və Qafqaz ölkələri ilə genişlənən əməkdaşlığı Türkiyənin də milli mənafeləri üçün faydalı idi. Azərbaycan üçün soydaş, dildaş ölkə olan Türkiyə ilk gündən Azərbaycanın müstəqilliyinin müdafiəsinə qalxdı, onu dəstəklədi, ona hər dürlü yardım göstərdi. Azərbaycanın təhlükəli vəziyyətini nəzərə alaraq 1918-ci ilin iyun ayının 4-də Batumidə osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni osmanlı dövləti adından ədliyyə naziri, senatın sədri Xəlil bəy və Qafqaz cəbhələrində baş komandan Vahib paşa, Azərbaycan Cümhuriyyəti adından xarici işlər naziri Məmməd Həsən Hacınski və milli şuranın sədri Məmməd Əmin Rəsulzadə imzaladılar. İstiqlal bəyannaməsinin elan edilməsindən altı gün sonra imzalanan bu müqavilənin müstəqil Azərbaycan Cümhuriyyəti üçün böyük tarixi, siyasi əhəmiyyəti var idi. Əvvəla bu müqavilə Azərbaycan müstəqillik əldə etdikdən sonra onun bağladığı ilk dövlətlər arası müqavilə idi. İkincisi bu sənədlə hər iki ölkə arasında daimi sülhün və dostluğun əsası qoyulurdu. Üçüncüsü bu müqavilə ilə Türkiyə Azərbaycanın təhlükəsizliyinin qorunmasını və ölkədə qayda-qanunun möhkəmləndirilməsini öz üzərinə götürürdü.
Fətəli Xan Xoyski Azərbaycanla bağlanan ilk müqaviləni — “dindaş və millətdaşımız olan Türkiyənin bu xeyirxah addımını yüksək qiymətləndirərək qeyd edirdi ki, bu ağır şəraitdə Azərbaycanın xaricdən qüvvə almaq üçün başqa millət və dövlətə müraciət etməsi mümkün deyildi, əgər etsə də bir nəticə hasil olmazdı”. Belə addımı yalnız dost Türkiyə atdı.
Türkiyə müqavilədə üərinə götürdüyü təhəddüdünə əməl etdi və Azərbaycan Cümhuriyyəti 1918-ci ilin iyun ayının 16-da Gəncəyə köçəndə Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru paşa 300 nəfərlik hərbi təlimatçılarla Təbriz-Qarabağ yolu ilə Gəncə şəhərinə varid oldu. O vaxt Məmməd Əmin Rəsulzadə qeyd edirdi ki, müdhiş anarxiyaya məruz qalan Gəncə Nuru paşanı göydən enmiş xilaskar mələk kimi qarşıladı. 
Nuru paşa tezliklə Gəncədə hərc-mərcliyə son qoydu, qayda-qanun yaratdı, Bakının azad edilməsini öhdəsinə götürdü. Nuru paşa Türk-Azərbaycan qoşunlarının iştirakı ilə 1918-ci ilin sentyabrın 15-də Bakı şəhərini onun özəli sahiblərinə qaytardı. Yeganə qardaşımız və soydaşımız Türkiyənin yardımını millətimiz həmişə xatırlamalı və yaddaşında saxlamalıdır.
Azərbaycan Cümhuriyyəti qonşu İranla diplomatik əlaqələrin yaradılmasına böyük əhəmiyyət verirdi. Elə buna görə də Azərbaycan Demokratik Respublikasının hökumət başçısı Fətəli Xan Xoyski 1918-ci ilin may ayının 30-da İrana müraciət edib, Azərbaycanın tanınmasını xahiş edib. Lakin bir sıra müəmmalı səbəblərə görə İran Azərbaycanın təklifinə cavab verməyib, sonralar isə ədalətsiz iddialar irəli sürüb. 1918-ci ilin iyun ayının 19-da İstanbula gələn Məmməl Əmin Rəsulzadə Azərbaycanın istiqlal bəyannaməsini xarici ölkələrin, o cümlədən də İranın səfirliklərinə göndərib. İran səfirliyi bütün sənədləri zərfə qoyub geri qaytararaq bildirib ki, İran Azərbaycan adlı dövlət tanımır, Azərbaycan İranın tərkib hissəsi olduğu üçün onun müstəqilliyinə etiraz edir. 
1918-ci ilin noyabr ayının 16-da İranın Türkiyədəki elçisi Mirzə Mahmud xan Əlimərdan bəy Topubaşovla görüşərkən Azərbaycanın istiqal sənədlərini geri qaytarılması barədə üstü örtülü üzürxahlıq etdikdən sonra bildirdi ki, siz şübhə etmiyə bilərsiniz ki, biz farslar sizin müstəqilliyinizə inanırıq. Əgər ermənilər və gürcülər azad dövlət yaradırlarsa, bunu nəyə görə müsəlmanlar da etməsinlər. Deməli, biz sizin müstəqilliyiniz əleyhinə ola bilmərik, biz birinci olaraq sizin müstəqilliyinizi alqışlamalıyıq. Danışıqların davamı göstərdi ki, bü sözlər əsl mətləbə keçmək üçün diplomatik giriş imiş, çünkü az sonra elçi Mirzə Mahmud xanın böyük dövlətçilik iddiaları və şovinist psixologiyası açıqlandı.
İran nümayəndəsinin iddiaları belə idi. “Siz dövlətinizin adını Azərbaycan adlandırmaqla İranda olan əsl Azərbaycana iddia edirsiniz. Məlumdur ki, indiyə qədər mərkəz Təbriz olmaqla bizim ərazi Azərbaycan adlanmışdır” . Əlimərdan bəy bu iddialara cavab olaraq bildirib ki, bizim heç bir iddiamız yoxdur. Yer adına gəldikdə Azərbaycan coğrafi termin kimi Qafqazda da, İranda da vardır. 
Mirzə Mahmud xanın ikinci iradı azərbaycanlıların ernogenezisi ilə bağlı idi. Onun məntiqinə görə güya nə Qafqazda, nə də İranda türk mənşəli azərbaycanlı yoxdur, onlar ata babadan farsdırlar, onların sivilizasiyası, mədəniyyəti, adət ən’ənələri farslarla bağlıdır. Sizə türk donu geydirənlərin ünvanı aydındır. Şübhəsiz ki, Mirzə Mahmud xanın bu uydurmaları Azərbaycanı İranla birləşdirmək məqsədi daşıyırdı.
İmkan düşdükcə İran-Azərbaycan rəsmi nümayəndələri arasında görüşlər, danışıqlar davam edirdi. Növbəti görüş 1918-ci ilin dekabr ayının axırında Bakıda oldu. İranın xarici işlər naziri Paris sülh konfransında İranın nümayəndə heyətinin başçısı M.M.Əliqulu xan yol üstü Bakıya gəldi. O, Əhməd Ağa oğlu ilə görüşündə bir daha əvvəlki mövqeyə qayıdaraq İranla Azərbaycanın birləşməsi təklifini irəli sürdü. Əhməd Ağaoğlu Azərbaycanın İranla birləşməsinə qəti etiraz etdiyini bildirdi. Azərbaycanın təhlükəli vəziyyətini nəzərə alaraq 1918-ci ilin iyun ayının 4-də Batumidə osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. 
Əliqulu xan 1918-ci ilin yanvar ayının 15-də yenidən İstanbulda Əlimərdan bəy Topçubaşovla görüşərkən bildirib ki, Azərbaycanın İranla birləşməsi hər iki tərəf üçün münasibdir. Çünkü ruslar, gürcülər və ermənilər sizi, sonra isə bizi yiyəcəklər. Odur ki, bizə birlik lazımdır. Nazir bu birliyi əvvəllər muxtariyyət, sonra isə ittifaq şəklində irəli sürdü. Əlimərdan bəy Topçubaşov Azərbaycanın İranla birləşməsi təklifinə ürəkdən əsəbiləşsə də sivil diplomatik normalara əməl edərək Əliqulu xana bildirki ki, əgər siz Ermənistan və Gürcüstan cümhuriyyətlərinin əleyhinə çıxmamısınızsa, niyə bizim əleyhimizə olmalısınız. Nə qədər çətinliklər olsa da, biz məhv olmayacağıq, zira bizim müstəqil siyasi həyat üçün, hər şeyimiz vardır.
Bütün danışıqlara baxmayaraq İran Paris sülh konfransına Azərbaycana ərazi idldiaları ilə dolu xüsusi memorandum təqdim etdi. Göründüyü kimi diplomatik qarşıdurma açıq aşkar son zirvəyə qalxmışdı. Lakin Avropaya səfərə çıxan İran şahının 1919-ci ilin avqust ayında yol üstü Bakıda dayanması, onun çox mehriban qarşılanması, apardığı danışıqlıqlar, böyük təntənə ilə yola salınması iki qonşu ölkə arasında yaranmış gərginliyi yumşaltdı. Adil xan Ziyadxanov qatarla yola düşən İran şahını Batuma qədər müşayət etdi, şahla, xarici işlər naziri Firuz Mirzə Nüsrətüddovlə ilə söhbət etdi, Azərbaycan həqiqətlərini onlara çatdırdı, onlarda obyektiv fikrin yaradılmasına nail oldu. 
(ardı var)

 

Xəbər xətti