ADR parlament respublikası kimi fəaliyyət göstərdi

19:24 - 27 İyul 2016 - KİVDF

Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi

Azərbaycanın tarixində mövcud olmuş dövlətlərin adında Vətənimizin adı yoxdur. Hamısı ya nəslin adı ilə bağlı olub, ya digər məsələlərlə. Yeganə fakt odur ki, Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları o zaman çətinliklər bahasına, çar sənədlərindən Azərbaycan sözü tamamilə silindiyi bir dövrdə bu dövlətin adına Azərbaycan adını verdilər. Bu sözləri tarixçi Məhərrəm Zülfüqarlı deyib. Onun  sözlərinə görə, 1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradıldı. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edildi. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. 30 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərildi. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşdi. Dövlətin ilk paytaxtı Gəncə şəhəri oldu. ADR höküməti Tiflisdən Gəncəyə iyunun 16-da köçdü. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olundu və Fətəli xan Xoyski Nazirlər Şurasının sədri seçildi, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş hökümət təşkil olunmuşdu. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi. Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti, ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur. Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzaladı. Osmanlı ordusu Gəncəyə daxil oldu. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradıldı.. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu təşkil edirdi. İyul ayında Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edildi və geri oturuldu. 1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina etdi. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər) diktaturasının əlinə keçdi. Lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu Bakını azad etdir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçdü. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Parlament 97 deputatdan ibarət idi, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir.
Beləliklə, ərazisi 98 min kv.  km və əhalisi 2 mln.800 min olan ADR parlament respublikası kimi fəaliyyət göstərməyə başladı. Ümumiyyətlə mövcud olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirib. Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar müharibəyə başladı. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradıldı. 
Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər.
Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını – Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanın Xarici Işlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridilməsinə qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq İstanbul konfransında müzakirə edilməsi qərara alındı. 1918-ci ilin noyabrında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə-Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis və Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi.
(ardı var)

Xəbər xətti