“Həmrəylik düşərgəsi” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib

14:23 - 27 İyul 2016 - Cəmiyyət

ASAN Könüllüləri Təşkilatı  və bir neçə əməkdaş şirkət tərəfindən Lahıcda  keçirilən “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi bağlanış mərasimi baş tutub. Musavat.com-un məlumatına görə, bağlanış mərasimində layihədə iştirak edən bütün könüllülərə təşkilatçılar tərəfindən təşəkkürnamələr verilib. Onu da qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da ötən gün düşərgənin qonağı olub, könüllülərlə görüşüb. İ.Kərimov könüllülərin suallarını cavablandırıb, onların qayğıları ilə maraqlanıb. Agentliyin sədri həmçinin könüllərin gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlı onların təkliflərini dinləyib. 

“Həmrəylik düşərgəsi”nin sonuncu günü Dövlət Agentliyi sədrinin müşaviri, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilovun da fikirlərini aldıq. N.Adilov bildirdi ki, düşərgə gözləniləndən də uğurlu alındı: “Gec də olsa, Milli Mətbuat Günü münasibəti ilə təmsil etdiyiniz “Yeni Müsavat” qəzetinin kollektivini, baş redaktorunuz Rauf Arifoğlunun simasında təbrik edirəm. Eyni zamanda Rauf bəyi 50 illiyi münasibəti ilə də təbrik edirəm. Düşərgə gözlədiyimizdən də uğurlu alındı. Bildiyiniz kimi, düşərgənin gündəliyi və düşərgə müddətində görüləcək işlər həddən artıq çox və mürəkkəb sistemli idi. Dövlət Agentliyinin sədri İnam Kərimovun düşərgənin açılış nitqində qeyd etdiyi kimi, bu layihənin keçirilməsində məqsəd hərbi vətənpərvərlik ruhunun gənclərə aşılanması, onların hərbiləşdirilmiş simulyasiya oyunları qaydasında yaşamasıdırsa, paralel şəkildə könüllülərin qədim tarixə malik Lahıc qəsəbəsinin sosial həyatında da rol oynamasıdır. Lahıc qəsəbə sakinlərinin həyatında könüllülərimizin oynadığı rol bir sosial innovasiyadır. Könüllülər deyərdim ki, bu layihə ilə lahıclıların könlünü fəth etdilər. Bildiyiniz kimi, düşərgə müddətində ASAN Xidmət “Sənədsiz məktəbli qalmasın aksiyası” çərçivəsində Lahıc və Lahıca bitişik kəndlərin məktəblilərini şəxsiyyət vəsiqələri ilə təmin etdi. Həmçinin əhaliyə 14 sahə üzrə pulsuz tibbi xidmətlər göstərildi. Bundan başqa qəsəbədə müəyyən inzibati binaların restavrasiyası həyata keçirildi. Azərbaycan təcrübəsində bu düşərgə konsepsiyası bir ilk olduğu kimi, düşərgə çərçivəsində görülən işlərin özü də bir ilk idi”.

N.Adilov bildirdi ki, düşərgənin təşkil edilməsində Dövlət Sərhəd Xidmətinin və Xidmətin rəisi, general polkovnik Elçin Quliyevin müstəsna zəhməti və rolu var: “Komandan şəxsən düşərgənin qurulmasından tutmuş, yerinin müəyyən edilməsi, düşərgə iştirakçılarının ərzaq, qida təhlükəsizliyi, yaşayış təhlükəsizliyi və bir sözlə bura aid bütün məsələlərə şəxsən nəzarət edir. Fürsətdən istifadə edib, hər birimizin təşəkkürünü Sərhəd Xidməti komandanı Elçin Quliyevə çatdırmaq istərdik”. 

Sonda Nadir Adilov layihədə tərəfdaş olan bütün şirkət və qurumlara öz təşəkkürünü bildirdi. N.Adilov həmçinin qeyd etdi ki, düşərgənin rəsmi bağlanışı bu gün olsa da, könüllülər bir gün də burada qalıb, Lahıcla yaxından tanış olacaqlar.

“Həmrəylik düşərgəsi”ndə könüllülərlə birlikdə çadırda yaşayanlar arasında agentliyin Həmkarlar İttifaqı Təşkilatının sədri Aygün Məmmədova da vardı.  Düşərgə barəsində onun da fikirlərini aldıq. 

A.Məmmədova bildirdi ki, könüllülərlə birlikdə Lahıcda yaşayan şəhid ailələrinə baş çəkib, onları müxtəlif hədiyyələrlə sevindiriblər: “Həmkarlar İttifaqı olaraq, biz də “Həmrəylik düşərgəsi”nə qatıldıq. Lahıcda Əfqanıstan, Böyük Vətən və eyni zamanda Qarabağ savaşında şəhid olanların yaxınları ilə görüşüb, onları az da olsa, sevindirdik. Görüşlərdə bizimlə birlikdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları və könüllülər də iştirak etdilər. Görüşdüyümüz ailələrə qeyd etdik ki, siz bizim könüllülərimiz üçün canlı nümunəsiniz. İlk olaraq ailələrlə görüşə gedərkən könüllüləri özümüz seçirdik. Daha sonra isə onlar özləri şəhid ailələri ilə görüşmək arzularını bizə bildirdilər. Bundan başqa Milli Qəhrəmanımız İntiqam Atakişiyev də düşərgədə qonaq oldu və bizimlə birlikdə şəhid ailələrini ziyarət etdi. Həqiqətən də Lahıcda yaşayan müharibə iştirakçıları və onların ailələri bizim gəlişimizə çox şad oldular”.

Düşərgədə həmçinin “Səyyar ASAN”-ın əməkdaşları da öz fəaliyyətlərini qurub, layihənin keçirildiyi günlər ərzində lahıclıların sənəd problemlərini həll etdilər. Dövlət Agentliyinin Səyyar Xidmətlərin təşkili şöbəsinin baş mütəxəssisi Elmar Ələsgərov musavat.com-a bildirdi ki, bu günlər ərzində - 20 iyuldan bu günə qədər düşərgədə lahıclılara şəkilli və şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi təşkil edilib: “Sakinlərə 5 gün ərzində 41 şəkilli və 70 şəkilsiz şəxsiyyət vəsiqəsini təqdim etmişik. Artıq rəsmi bağlanış olsa da, lahıclılar hələ də bizə müraciət etmək üçün bura gəlirlər. Buradan deyə bilərik ki, düşərgə könüllülərlə birlikdə Lahıc sakinləri üçün də faydalı oldu”.

Düşərgə ilə bağlı könüllülərin də fikirlərini alıb, onların bu günlərdən necə faydalandıqlarını öyrəndik. 

2 saylı ASAN Xidmətin məzun könüllüsü Xədicə İsmayılova bildirdi ki,  düşərgədə müəyyən qədər dözümlü olmağı öyrəniblər: “Misal üçün elə günlər oldu ki, bizi gecənin bir yarısı oyatdılar və 1 dəqiqəyə hazırlaşıb, sıraya düzülməli olduq. Hətta bəzən “həyəcan” komandası veriləndə qorxurduq ki, görəsən, hansı hadisə baş verib. Ancaq sonradan buna da öyrəşdik. Eyni zamanda burada müxtəlif şirkətlər tərəfindən bir sıra təlimlər keçildi ki, onlardan da faydalandıq. Mənim üçün ən faydalı işə qəbulla bağlı keçirilən təlimlər oldu. Eyni zamanda rəqs dərsləri də keçdik ki, bu da çox maraqlı idi. Ən əsası müxtəlif insanlarla tanış olub, əhatə dairəmizi daha da genişləndirdik. Belə bir layihə olarsa, yenə də məmnuniyyətlə qatılaram. Təşkilatçılara belə bir layihə təşkil etdikləri üçün təşəkkür edirəm. Təklifim isə odur ki, könüllülərə bir qədər də sərbəstlik versinlər”.

Düşərgə iştirakçısı Amirxan İdrisov isə söylədi ki, 5 gün ərzində keçirilən müxtəlif mövzulu təlimlərdən xeyli bəhrələnib: “Lahıcda həm tariximizlə tanış olduq, həm də komandamızla birlikdə əyləncəli zaman keçirdik. Bundan əlavə tərəfdaş şirkət və qurumların da maraqlı təlimləri oldu ki, onları da yüksək qiymətləndirirəm. Misal üçün yanğın baş verərkən nələrin edilməli olduğu ilə bağlı təlimi çox bəyəndim. Doğrudur, burada hərbi qaydalara uyğun olaraq hərəkət edirdik. Ancaq hesab edirəm ki, əsgərlik bu qədər rahat deyil. Bütün bunlara baxmayaraq, həqiqətən də mövcud proqram çox çətin idi. İlk günlər daha çətin olsa da, sonradan müəyyən qədər alışdıq”.

Qeyd edək ki, 19 iyul tarixindən Lahıcda “Həmrəylik düşərgəsi”ndə qurulan çadırlarda yaşayan ASAN könüllüləri, iyulun 26-na qədər burada qalacaqlar. Layihənin rəsmi bağlanış mərasimi baş tutsa da, könüllülər bu gün ötən günlər ərzində öyrəndikləri rəqsləri daha da təkminləşdirib, Lahıca gəzintiyə çıxacaqlar.  İyulun 26-da isə layihə iştirakçıları düşərgəni tərk edəcəklər.

Xəbər xətti