Avropada dövlət olmadığı bir vaxtda Azərbaycanda demokratik şəkildə bir qanun qəbul olunub

19:43 - 26 İyul 2016 - KİVDF

Aquen Kilsə Məclisində o zaman Albaniyanın bütün əyalətlərindən gəlmiş dini rəhbərlər, mülki şəxslər hamısı öz möhürü il o qanunu təsdiq ediblər

Bizim İslamaqədərki tariximiz var ondan sonrakı tariximiz. İslam psixologiyası ilə biz Girdman dövlətinə baxanda, Cavanşirə baxanda və yaxud ondan əvvəlki dövlətlərə baxanda onda ögeylik yaranacaq. Yəni bizim psixologiyada olan bu ögeylik Dağlıq Qarabağ probleminin yaranmasında da müəyyən qədər özünü göstərdi. Məsələn, Alban abidələrinə olan ögey münasibət ona gətirib çıxardı ki, ermənilər gördü ki, müsəlman əhalisi kilsəyə biganə yanaşır və “sənin deyilsə, deməli mənimdir” prinsipini əsas götürdü. Həmin kilsələrə müəyyən dəyişiklik etməklə özünün olduğunu bildirdi. Stalinin bir sözü vardı - “Azərbaycanlıların babaları Midiyalılar olub”. Totalitar dövlətdə rəhbər nə deyirsə, hamı onu təsdiqləyir. Onun sözündən sonra tarixçilər bu tezisi sübut etməyə başladılar. Stalin öləndən sonra Azərbaycanlı tarixçiləri sübut etdilər ki, Midiya Azərbaycan dövləti deyil. Midiya Azərbaycan ərazisini işğal etmiş bir dövlət olub. Manna, Albaniya, Atropatena isə bizim dövlətlərimiz olub. Bu barədə tarixçi Məhərrəm Zülfüqarlıf bildirib.  Onun sözlərinə görə, Azərbaycanın 3 min ildən artıq dövlətçilik tarixi var. "Bunun təxminən 2 min ili işğallara aiddir, min ili isə müstəqillik dövrüdür. Bu bizim tariximizdir və hər bir dövr tədqiq olunmalıdır. Mən özüm Turizm İnstitutunda dərs deyirəm və tələbələrə də deyirəm ki, siz Azərbaycanın dövlətçilik tarixi ilə fəxr etməlisiniz. Bununla bağlı minlərlə nüanslar var. Bunlardan biri Aquen Kilsə Məclisinin qəbul etdiyi qanundur",-Məhərrəm Zülfüqarlı deyib. Onun sözlərinə görə, bu məclis 488-ci ildə keçirilib. Avropada dövlət olmadığı bir vaxtda Azərbaycanda parlament səviyyəli demokratik şəkildə bir qanun qəbul olunub. Yəni Aquen Kilsə Məclisində o zaman Albaniyanın bütün əyalətlərindən gəlmiş dini rəhbərlər, mülki şəxslər hamısı öz möhürü il o qanunu təsdiq ediblər. Bu kollektiv şəkildə qəbul olunmuş bir qanundur. Aquen kanonları erkən orta əsrlər Qafqaz Albaniyasının dövrümüzə gəlib çatmış ilk və yeganə siyasi hüquqi sənədi kimi böyük əhəmiyyətə malikdir. Bu sənəddə Albaniyada sosial, hüquq və kilsə münasibətləri öz əksini tapıb. Aquen qanunlarının qəbul olunduğu zamanadək Albaniyada, Ermənistanda və Gürcüstanda kilsənin ehtiyac və maraqlarını ifadə edən tərcümə və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla birlikdə Bibliyanın tərcüməsi, ümumdünya kilsə məclislərinin (325-ci ilin Nikeya, 381-ci ilin Konstantinopol, 431-ci ilin Efes kilsə məclislərinin) bütün xristianlar üçün icbari olan qanunları. Ümumdünya kilsə məclislərinin hüquqi kodekslərinin müəyyən təsiri və Albaniyada ictimai münasibətlərin daxili inkişafı nəticəsində alban qanunlarının yaradılması zərurəti meydana gəldi. Alban hökmdarı III Vaçaqan Albaniyanın müstəqilliyini möhkəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab edirdi. Bunu isə alban kilsə hüquqi normalarının qəbul olunması yolu ilə etmək mümkün idi. III Vaçaqan bu məqsədlə 498-ci ildə Aquen kilsə məclisini çağırdı. Aquen məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baş verdi; onda hökmdar məclis - böyük məhkəmə qurmaq istədi". Aydındır ki, söhbət siniflərarası və sinifdaxili narazılıqlardan gedir. Lakin qanunların mətnlərində ancaq sinifdaxili - dünyəvi əyanlarla ruhanilər arasındakı münaqişələr əks olunub. 
Tarixçi deyib: " Mən bunu ona görə vurğulayıram ki, Aquen qanununda elə maddələr var ki, müasir dövrdə də aktuallığını itirməyib. Məsələn, qan qohumluğu olanlara evlənməyə qadağa qoyulması. Bir sözlə Aquen kilsə məclisinin X və XI qanunları nikah-ailə münasibətlərini əks etdirir. X qanunda oxuyuruq: "Heç kəs onunla üçüncü dərəcədə qohum olan qadınla evlənə bilməz və qardaşının da arvadını ala bilməz. Göründüyü kimi, qohumluğun üçüncü dərəcəsi deyildikdə, üçüncü nəsil budağı nəzərdə tutulur. Qanunlardan məlum olur ki, başqa xristian ölkələrində olduğu kimi, V əsrdə Albaniyada da xristianlığaqədərki adətlər və levirat (uşaqsız dul qadının mütləq qaynına ərə getməsi qaydası) hələ də qalmaqda idi. Aquen qanununun məqsədi qədim nikah adətlərinin aradan qaldırılması və xristian kilsə nikahının bərqərar olunması idi.
XI qanunda cadugərlərə müraciət olunması da qadağan edilirdi. Cadugərlik dinsizlik kimi qiymətləndirilirdi və həmin fəaliyyətə görə müqəssir olan şəxslər üçün qanunda insan öldürməyin müqabilində verilən cəza, yəni ölüm cəzası nəzərdə tutulurdu. Görünür, bu qanunun da əsasında Bibliyada olan qanun durur: "Əgər kişi və ya qadın ölüləri və ya cadugərləri çağırarsa, ölümə məhkum olunacaq, onu daşqalaq edərək, qanına qəltan edəcəklər".
Aquen məclisinin alban qanunlarında dindarlar iki kateqoriyaya bölünürlər: əyanlara - azatlara və şinakanlara. Burada şinakanlar bütün vergi verənləri nəzərdə tuturdu. Bu qanunlardan məlum olur ki, Şimali Azərbaycanın - Albaniyanın əsas vergi verən zümrəsi kəndlilər idi. Kəndin əmlaka görə təbəqələşməsi prosesi dərinləşirdi. Albaniyada üç kateqoriya kəndli vardı: varlılar, kasıblar, torpaqsızlar. Torpaqsız kəndlilər yardar - icarədarlara çevrilir və ya feodalın yanında muzdur olurdular. Ölkənin əsas istehsalçıları azad kəndlilər, icmaçılar və feodaldan asılı kəndlilər idilər. Aquen qanunlarının XVII, XX və XXI maddələri azatlarla ruhanilər arasında iqtisadi və siyasi zəmində baş verən zümrələrarası mübarizəni özündə əks etdirir. Diqqətəlayiqdir ki, Aquen qanununda öz əksini tapmış dünyəvi və ruhani feodallar arasındakı mübarizə V əsr Albaniyasının gerçəkliyi idi. Görünür, Albaniyanın ictimai-siyasi inkişaf xüsusiyyətlərindən biri bundan ibarətdir.
Ruhanilərlə dünyəvi əyanlar arasındakı münasibətləri tənzimləyən ikinci kateqoriyadan olan qanunları (III, XVII, XVIII, XX, XXI qanunlar) nəzərdən keçirək.  Aquen kilsə məclisinin XXI maddəsində deyilir: "Əgər azat öz kilsəsində səcdəgah qurmaq və ya oraya quru cəsəd gətirmək və ya nahar ibadətini keçirmək istəsə, bunları o, mümkünsə yepiskopun icazəsi ilə etməlidir. Kim ki, bunları yepiskopun icazəsilə edir, ona uğurlar olsun. Kim ki, bunu yepiskopun icazəsi olmadan edir, o, kilsədən uzaqlaşdırılır və yepiskopa imkanı daxilində cərimə gətirir. Yalnız qanunlarda nəzərdə tutulmuş cəriməni gətirəndən sonra o, xeyir-dua ala bilər". Burada yenə də Aquen kilsə məclisinə qədərki dövrdə fəaliyyət göstərmiş, bizə məlum olmayan qanunlar xatırlanmışdır.
Oğurluqla bağlı belə maddə var, keşiş kilsədən oğurluq edirsə, o kilsədən qovulur, oğlu isə kilsə üçün işləməyə götürülür. Məsələn, vergi məsələsində demokratik maddələr var. Vergilər müəyyən olunur, amma qeyd edilir ki, kimin əkin-biçini yoxdursa, ondan vergi tutulmur. Müasir dövr üçün aktual və maraqlı olan daha bir fakt var. Bildirilir ki, əgər hər hansı bir kişi üzrlü səbəb olmadan ailəsini atıb, başqa bir qadınla nikahsız yaşayırsa, o yaramazdır. Bunu V əsrdə bizim qanunlar deyir. XXI əsrdə isə öz aktuallığını saxlayır. Bu həqiqətən fəxr etməli bir məsələdir. Həmişə kimlərinsə bizə vasitəçilik etdiyi iddia olunur. Amma bizim də vasitəçilik etdiyimiz vaxtlar olub. Girdiman dövlətinin sərkərdəsi, qəhrəman Cavanşir Ərəb xilafəti ilə Bizansa onların özlərinin xahişi ilə vasitəçilik edib. İndi bizim problemimizi onlar həll etmək istəyir, amma vaxtilə Azərbaycan dövlətləri belə missiyaları yerinə yetirib. Dövlətçilik tariximizdə Girdiman dövlətinin, xüsusilə Cavanşirin misilsiz rolu var. Amma çox təəssüf ki, biz bunu hələ layiqincə qiymətləndirə bilməmişik. 

Xəbər xətti