Abbas Mirzə təkcə, orduda islahat tərəfdarı deyildi

19:26 - 19 İyul 2016 - KİVDF

O, bütövlükdə, sistemin islahatı üçün çalışırdı 

Azərbaycan tarixində mühüm yer tutan Qacarlar nəsli Azərbaycan dövlətçiliyi, tarixi üçün çox görkəmli şəxsiyyətlər yetişdirib. Onlardan tarixə öz şərəfli imzalarını atmış şəxslər çoxdur. Belə tarixi şəxsiyyətlərdən biri Abbas Mirzə Qacardır…
 Tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli bildiri ki, 1812-ci ildə Abbas Mirzə Aslandüz yaxınlığında ağır məğlubiyyətə uğrayıb. Bu orduda müəyyən çaşqınlıq yaratsa da, yenidən güclərini toplayaraq rusların daha da irəliləməsinin qarşısını ala biliblər. Abbas Mirzə ruh düşkünlüyü ilə Gülüstan müqaviləsinin imzalanmasının şahidi olub. Düzdür, müqaviləyə imza atanlar arasında Abbas Mirzə özü yox idi. Müqavilə Qacariyə tərəfdən Əbdülhəsən Şirazi,  Rusiya tərəfdən isə Ratişev imzalayıb. Müqaviləyə görə, İrəvan və Naxçıvan istisna olmaqla, Dağıstan, Şərqi Gürcüstan və Azərbaycanın şimalındakı xanlıqlar  Rusiyaya verilib.
Burada bir məqama diqqət etmək lazımdır - Qarabağ xanı İbrahim xan xəyanət yolunu seçmişdi. Abbas Mirzə onu inandırmağa çalışırdı ki, ruslar gec-tez onu məhv edəcəklər. Abbas Mirzə analığı (Fətəli xanın hərəmi, İbrahim xanın bacısı) Ağabacıya təlqin etdi ki, onun qardaşının tutduğu yol düzgün deyil. İbrahim xan Abbas Mirzəyə məktub yazaraq bildirmişdi ki, “günahlarımı etiraf edirəm, sizin tərəfə keçməyə hazıram”. Lakin bu zaman İbrahim xanı öldürürlər. Mənbənin yazdığına görə, Abbas Mirzənin qoşunu Şuşaya daxil olmaq üçün Araz sahilinə gələndə İbrahim xanın cəsədinin hissələrini kəfənə büküb gətiriblər. Tarix göstərdi ki, vətənə xəyanətin nəticəsi sonda belə olur. Abbas Mirzə bu məğlubiyyətdən nəticə çıxardı.
O, Azərbaycan tarixinə təkcə sərkərdə kimi yox, eyni zamanda maarifçi kimi daxil olub. Abbas Mirzənin təşəbbüsü ilə seçilən xüsusi istedadlı uşaqlar təhsil almaq üçün Avropaya göndərilirdi. Hərbi təhsil almış o gənclər II Rusiya-Qacar müharibəsində, xüsusilə, 1821-23-cü illərdə baş verən Osmanlı-Qacar müharibələrində yaxından iştirak ediblər.
Kərəm Məmmədli bildiri ki, Abbas Mirzə təkcə, orduda islahat tərəfdarı deyildi. O, bütövlükdə, sistemin islahatı üçün çalışırdı. Məsələn, İngiltərədə II Henrixin dövründə belə bir qayda vardı ki, kəndli feodal məhkəməsindən keçmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. Eyni qaydanı Abbas Mirzə də qoymuşdu. Vergilər azaldılmışdı. Bunu da belə əsaslandırdı ki, müharibə aparan ölkə Azərbaycan olduğu üçün, əhali vergidən azad olunmalıdır. Çünki Azərbaycan əhalisinin çoxu orduda döyüşürdü. Su çiçəyinə qarşı peyvənd ilk dəfə Abbas Mirzənin dövründə Təbrizdə aparılıb. 
O zaman belə qayda qoyulmuşdu - atası Fətəli şah kəsilmiş rus başı gətirənlərə mükafat verərdi. Abbas Mirzə bu qaydanı qadağan etdi. Əksinə, əsir düşmüş əsgərlərə müraciət edirdi ki, “gedə də bilərsiniz, qala da”. Amma əsir götürülən Rusiya ordusunun əsgərləri Abbas Mirzənin yanında qaldı. Hətta II Rusiya-Qacar müharibəsində məhz qacarlar tərəfində döyüşdülər. Onların əksəriyyəti mənşəcə rus deyildi. Polşada rekrut vasitəsilə toplanmış və gürcü əsilli əsgərlər idi. Yeri gəlmişkən, Sisyanovu rus təhsili almış gürcü hesab etsələr də, II İraklinin doğma övladları Aleksandr və Teymuraz Abbas Mirzənin yanında fəaliyyət göstərirdilər. O da onlara qayğı ilə yanaşırdı. Hətta XII Georginin oğlu belə Abbas Mirzə sarayına gəlməyə üstünlük vermişdi. Əvvəllər Rusiya ilə yaxınlığı ilə seçilən Dağıstan və Şimali Qafqazın bir çox hakimləri öz səhvlərini başa düşərək Abbas Mirzənin yanında yer almışdılar.
 
1812-ci il məğlubiyyətindən sonra Abbas Mirzə ordunu daha da təkmilləşdirmək qərarına gəlib. Topçu dəstələri, muşketlər daha keyfiyyətli tüfənglərlə əvəz olunmağa başladı. Yeganə problem maliyyə ilə bağlı idi. Abbas Mirzə çox vaxt bunun öhdəsindən öz hesabına gəlirdi. Digər tərəfdən Abbas Mirzə bütün Azərbaycan ərazisində çaparxana və poçt idarələri yaratmışdı. Bu da hər bir informasiyanın sürətlə ötürülməsinə xidmət edirdi. Onun Jauber adlı fransız diplomatı ilə söhbəti var. Jauber qeyd edirdi ki, Abbas Mirzə onunla ancaq türk dilində danışırdı. Çünki Abbas Mirzə fars dilinə o qədər də önəm vermirdi. Nəsrəddin şah Qacar da şah ediləndən 5-6 il sonra fars dilini öyrənməyə başlayıb. Çünki buna ehtiyac duymurdu. Jauber qeyd edir ki, “Abbas Mirzə ona Napoleon, 1789-cu il Fransa inqilabı haqda sual verdi. Mən ona müəssisələr, istehsal olunan məhsullar haqqında məlumat verəndə, o dedi ki, “Günəş Şərqdə doğsa da, birinci sizin başınızı qızdırır. Təəssüf ki, biz çox zaman bildiklərimizi özümüzlə qəbirə aparırıq”. Bu sözləri Abbas Mirzə acı-acı deyirdi. Abbas Mirzə əhaliyə istehsalın nə olduğunu göstərmək üçün kiçik kürk fabriki açmışdı.
Fransız və ingilislər etiraf edirdilər ki, Azərbaycan ordusu həm piyada, həm də süvari baxımından o dövrün Avropa orduları ilə müqayisə edilə bilərdi. Çox təəssüf ki, ordunun kamilləşdiyi bir dövrdə, 1820-ci ildə Osmanlı ilə müharibə başlanıb. Bu müharibənin başlanmasında rusların, yoxsa hansısa Qərb dövlətinin əlinin olması məlum deyil.  Sadəcə, o məlumdur ki, Osmanlı ordusu bütün cəbhə boyu, Təbrizdən Van ətrafına qədər olan ərazidən Azərbaycan üzərinə yeridi. Fikir verirsinizsə, bu sərhəd Azərbaycan sərhədidir. Osmanlı ilə müharibədə döyüşlərin bir istiqamətinə Abbas Mirzənin qardaşı, digər istiqamətə isə özü başçılıq edirdi. Qəribədir ki, Bağdadın tutulmasına az qalmış, qəfildən döyüş əməliyyatları dayandırılır. Belə bir fikir var ki, əməliyyatların dayandırılmasının səbəbi şiələrin dini mərkəzi olan Kərbəlaya top qəlpəsinin düşə bilmə ehtimalı ilə bağlı olub. Yəni, hücum Qacarların sarayındakı mollaların fətvası ilə dayandırılır. Lakin şimal-qərb istiqamətində Abbas Mirzə Van qalasını tutur. Ərzurumun həndəvərində olarkən 1823-cü ildə Ərzurum müqaviləsi bağlanır və qoşunlar geri çəkilir. O müqavilə ərəfəsində də Abbas Mirzə gözəl fikir deyib: “Dilimiz birdirsə, niyə savaşmalıyıq?”.
Rusiya sarayında ən çox qorxulan adam Abbas Mirzə idi. Çünki Fətəli şahdan qorxmurdular, bilirdilər ki, o çox zaman eyş-işrətlə məşğul idi. Fətəli şah eyş-işrətlə məşğul olduqlarını görməsinlər deyə, hətta ən yaxın adamlarının gözlərini çıxartdırmışdı. Gözü kor olan o şəxsləri qəsdən eyş-işrət məclisində əyləşdirirdi. Hətta Gülüstan müqaviləsi imzalananda Abbas Mirzə Xəzər dənizinin Rusiyanın daxili dənizinə çevrilməsinə qarşı çıxmışdı. Abbas Mirzə müqavilədəki Xəzər dənizində yalnız rus gəmilərinin üzəcəyinə dair bəndə etiraz edərkən Fətəli şah demişdi ki, “bir ovuc şor sudur, verin aparıb töksün atasının gözünə”. Abbas Mirzə hər şeylə bərabər həm də atasının yarıtmaz siyasətinin qarşısını almağa məcbur idi.
 
Çox zaman deyirlər ki, II rus-qacar müharibəsinin başlanmasında guya Abbas Mirzə əsas rol oynayıb. Bu, kökündən yanlışdır. II Rusiya-Qacar müharibəsi başlayana qədər ruslar dəfələrlə Tehrana, Təbrizə elçi göndəriblər. Hətta Abbas Mirzə rusların məktublardan birini cırmışdı. Sonradan ingilis deputat o məktubu yapışdıraraq Fətəli şaha vermişdi. Abbas Mirzənin təkidi ilə ruslar Muğanı qacarlara qaytarmağa razılıq vermişdilər. Lakin Fətəli şahın ətrafındakı qaragüruhçu mollalar və Abbas Mirzəni sevməyən şahzadələr bunun əleyhinə çıxdılar. 1825-ci ildə rus çarı Aleksandr vəfat edir. Bu ölüm xəbərini rusların diplomatik nümayəndəsi əvvəlcə Abbas Mirzəyə, daha sonra Tehran sarayına çatdırır. I Nikolay taxta çıxır. Abbas Mirzə müharibə tərəfdarı olmadığı halda, Fətəli şah Sankt-Peterburqdakı dekabristlər hərəkatından bəhrələnmək istəyir və orduya hücum əmri verir. Bu hücum zamanı da 3 istiqamət seçildi. Abbas Mirzə “əsas hədəflər Gəncə və Tiflis olmalıdır” deyə təkid etsə də, ona Şuşada ruslar əleyhinə üsyan hazırlandığı barədə yalan məlumat verdilər. Guya Xudafərini keçən kimi Şuşa əhalisi rus qarnizonunu qovacaq və Qacar ordusu problemsiz şəhərə daxil olacaq. Lakin nəticə başqa oldu. Faktiki olaraq Şuşanın mühasirəsinə 48 gün vaxt itirildi. Bu isə istər taktiki, istərsə də strateji baxımdan itki demək idi.
(ardı var)

Xəbər xətti