“Azərsu”: "İnsanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər”

15:50 - 13 İyul 2016 - Xəbər

“Azərsu” Azərbaycan əhalisinə verilən suyun sağlamlığı üçün təhlükəli olması iddiasına cavab verib

 “Azərsu” ASC Böyük Britaniyanın “The Daily Mail” nəşrinin “Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” adlı xəbərinə cavab verib. “Report”un ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə əsasən, cavabda bildirilib ki, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır: “Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və “Azərsu” ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi Abu Dabu şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib”.
Eyni zamanda cavabda qeyd edilib ki, son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icrası həyta keçirilib: “Artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb. Bununla da, həmin şəhərlərdə əhalinin keyfiyyətli içməli su ilə təminatına nail olunub. İçməli suyun mənbələrdən istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə onun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən içməli suyun keyfiyyət göstəricilərinə dövlət nəzarəti həyata keçirilir. Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər”.

Xəbər xətti