Azərbaycanda çayların səviyyəsi artırıb

16:20 - 10 İyun 2016 - ÖLKƏ İÇİ

Ötən gün ərzində Azərbaycan ərazisində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.
Belə ki, Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-12, Kiçik Qafqazın çaylarında 10-20, Lənkəran-Astara bölgəsi çaylarında 25-35 sm intervalında artım qeydə alınıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 100-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-120 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə isə bildirilir ki, iyunun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 410 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 367 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib.
İyunun 10-da yağan leysan xarakterli yağış nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 89 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 284 m3/s olmaqla, ongünlük normanın 145 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 188 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 25, Salyanda 3, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 363 sm (2015-ci il iyunun 10-da 332 sm), Salyanda 127 sm (2015-ci il iyunun 10-da 90 sm), Bankədə 197 sm (2015-ci il iyunun 10-da 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2015-ci il iyunun 10-da 30 sm) təşkil edir.

Xəbər xətti