Ağsuda müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib

09:56 - 5 İyun 2026 - ÖLKƏ İÇİ

Ağsu rayonunda müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib.

Xidmət “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Müharibədən zərərçəkən və həssas qruplardan olan şəxslər üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Bu məqsədlə Ağsu Rayon Şahmat Məktəbinin akt zalında təşkil olunan tədbirə Ağsu rayonundan olan 13 nəfər müharibə iştirakçısı qatılıb. 

Həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verən layihə rəhbəri Xalid Kazımov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağsu, Qobustan, Siyəzən və Şabran rayonlarının ərazisini əhatə edir. 3 ay müddətində icra olunacaq layihənin əsas məqsədi Bərdə, Ağsu, Qobustan, Siyəzən və Şabran rayonunda yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək,  məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir.

Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib. 
Müraciətlər əsasən Müharibə veteranlarının mənzillə, işlə, torpaq sahəsi ilə təminatı, əlillikdən imtina, əmək haqqından tutulma, təqaüdün dayandırılması, vətəndaşa məxsus torpaq sahəsindən keçən su xətti və avtomobil yolunun çəkilməsinə görə kompensasiyanın ödənilməməsi ilə bağlı olub. 

Görüş zamanı 6 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.  

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail ([email protected]) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur.


Xəbər xətti