Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa ALDI: Qardaşı 23 yaşında "SOCAR Petroleum"un rəhbəri olub

10:26 - 3 Fevral 2026 - Cəmiyyət

Azərbaycan mənşəli biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksini alıb.

Ucnoqta.az xəbər verir ki, 29 yanvarda Rumıniyanın “Profit.ro” portalının məlumatına görə, layihə keçmiş Salyan İcra Hakimiyyəti başçısı Tahir Kərimovun oğlu, Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilmişdi. Bu barədə jurnalist Elçin Alıoğlu rəsmi Facebook hesabında paylaşıb.

Abuzərlinin yaratdığı Memaar Capital şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı — sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.

Onun oğlu Umid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Xəmsə Kərimov isə 2007–2024-cü illər arasında SOCAR Petroleum SA şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o, bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı var idi.

 Memaar Capital Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.

Yeni layihə Harmony Homes adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə Memaar Capital şirkətinin nəzarətinə keçib.

Xəbər xətti