Bakıda binada yanğın oldu - 12 nəfər zəhərləndi

18:53 - 31 Oktyabr 2024 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Lent.az-a bildirilib ki, oktyabrın 31-də saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Xəbər xətti