Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi başa çatdırılıb.
Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyevin 9 fevral 2026-cı il tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.
Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.
Pensiyaçılar, pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.