Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS EDİLDİ

10:35 - 31 Avqust 2024 - Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax rayonu ərazisində yerləşən stasionar postunda yükdaşıma qaydalarını pozan “İsuzi” markalı evakuator sürücüsü saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən paytaxt sakini Nadir Həsənovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

"Müayinə və araşdırma zamanı N.Həsənovun avtomobili narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etməsi, habelə eyni əməli il ərzində təkrar törətməsi müəyyən olunub. N.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib", - deyə məlumatda qeyd edilib.

Xəbər xətti