Müdafiə Nazirliyinin “Şlyapa Zahid” ləqəbli məşhur zabiti Zahid Niftəliyevin məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Niftəliyevin vəkili bir sıra vəsatətlə çıxış edib.
Vəsatət aydın olsun deyə, qısa olaraq xatırladaq ki, Zahid Niftəliyev “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə, 24 milyondan çox kredit götürüb. O, götürdüyü krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan vurub.
Müdafiə tərəfi hesab edir ki, bu cinayət işində əsas fiqur Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur. Bu səbəbdən vəkil Sadıkovun məhkəməyə çağırılıb dindirilməsini istəyib:
“Zahid Niftəliyevin burada oturmasının baş səbəbkarı Nəcməddin Sadıkovdur. Silah alınması ilə bağlı kiminsə adına şirkət açılmalı imiş, Nəcməddin Sadıkov da müvəkkilimdən istifadə edib. “Şahin Co” MMC onun adına açılıb. Şirkətin fəaliyyəti üçün də Baş Qərargah rəisi ilə mərhum vergilər naziri Fazil Məmmədov arasında razılaşma olub. 2017-ci ildə Fazil Məmmədov işdən çıxarıldı, ondan sonra da yavaş-yavaş hər şeyin üstü açıldı. Zahid Niftəliyevdə şirkətin nə möhürü, nə sənədi olub. Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün Nəcməddin Sadıkov məhkəməyə gəlməlidir”.
Vəkil Sadıkovdan başqa, “AtaBank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Dəyanət Quliyev və xəzinədar Barat Heydərova da suallarının olduğunu deyib, onların da məhkəməyə çağırılmasını xahiş edib.
Müttəhim Niftəliyev şüşə qəfəs arxasından başını yelləyərək müdafiəçisinin dediklərini təsdiq edib.
Məhkəmə hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıb. Sədrlik edən hakim Novruz Kərimov bəyan edib ki, vəsatətlərə indiki vaxtda baxıla bilməz. Ona görə ki, qaldırılan məsələlər sübutların araşdırılması mərhələsinə aiddir.