Həddindən artıq istilər Avropada hər il 175 000-dən çox insanın ölümünə səbəb olur və temperatur yüksəlməkdə davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadən məlumat yayıb.
Onun hesablamalarına görə, 2000-2019-cu illər arasında istilik dünya üzrə hər il təxminən 489 min insanın ölümünə səbəb olub, Avropada isə ildə orta hesabla 176 min ölüm (36%) baş verib.
“İstilik stressi Avropa regionunda iqlimlə bağlı ölümlərin əsas səbəbi olub” - ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge deyib.
O qeyd edir ki, yüksək temperatur xroniki xəstəliklərin, o cümlədən şəkərli diabetlə əlaqəli xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər, həmçinin psixi sağlamlığa mənfi təsir göstərir. Son iki onillikdə Avropada istidən ölənlərin sayı təxminən 30% artıb.
Təşkilat qeyd edir ki, Avropa dünyanın orta hava temperaturunun ən sürətli, yəni qlobal orta göstəricidən iki dəfə sürətlə yüksəldiyi regionlardan biridir. Bu fonda Kluge Avropa ölkələrini istilik sağlamlığı ilə bağlı fəaliyyət planı qəbul etməyə çağırıb. Onun sözlərinə görə, artıq 20-dən çox Avropa ölkəsi oxşar planlar hazırlayıb, lakin bu, “bütün regionu qorumaq üçün” kifayət deyil.
İyulun 23-də Avropanın iqlim xidməti Kopernik bildirib ki, iyulun 21-i dünyanın ən isti günü olub. Həmin gün havanın orta temperaturu 2023-cü ilin iyul rekordunu keçərək 17,09 dərəcəyə çatıb.