1994-cü ilin may ayının sakit günlərindən biri idi. Mayın 20-də Gəncə şəhərində bir oğlan dünyaya gəldi və o öz mübarək qədəmləri ilə Şalıyevlər ailəsinə daxil oldu. Qohum-qonşu gözaydınlığı üçün Nüsrət Şalıyevin evinə yığışdılar. Ailəni təbrik edib, körpəyə müxtəlif adlar təklif etdilər. Valideynlər isə körpəyə Ceyhun adını qoydular.
Onun üçün ata-anası laylalar, bayatılar söylədi, nağıllar və dastanlar danışdılar. Qəhrəmanlarımız barədə məlumatlar verdilər. Ceyhun Vətənə, torpağa, yurda sevgi ilə böyüdüldü.
Atası Nüsrət Şalıyevin özü bir qəhrəman idi. 1992–93-cü illərdə Birinci Qarabağ müharibəsində gedən ağır döyüşlərdə iştirak etmişdi. Ceyhun belə bir ailədə böyüyürdü.
Ailə bəzi səbəblərdən 90-cı illərin sonunda Rusiya Federasiyasının Voronej şəhərinə köçməli oldu. O, 4 yaşında bu şəhərdə bağçaya getdi. İlk dövrdə rus dilini yaxşı bilməsə də, ruhdan düşmədi. Az müddət sonra bu dildə mükəmməl danışır, yerli uşaqlardan fərqlənmirdi. Həmişə birinci olmağı, birinci yeri tutmağı xoşlayırdı. 6 yaşında yaşıdlarından çox fərqlənirdi, yaxşı şəkil çəkməq qabiliyyəti vardı, kiçik nağıl və hekayələr oxuyurdu.
Ceyhun məktəb yaşına çatanda bütün uşaqlar kimi əlinə çanta alıb məktəbə getdi. Amma uşaqlardan fərqli olaraq 1-ci sinifə deyil, 2-ci sinifə qəbul olundu. Beləliklə, sevinclə, uğurlarla, naliyyətlərlə dolu məktəb illəri başladı. Ceyhun 4–6 siniflərdə oxuyarkən Voronej şəhər məktəblərarası və müxtəlif şəhərlərdə fənlər üzrə olimpiadalarda uğurlar qazandı. O həm də idmanı çox sevirdi. Orta məktəbdə oxuyanda “əlbəyaxa döyüş” idman növü ilə məşğul olurdu. Ceyhun Rusiya Federasiyasının müxtəlif şəhərlərində keçirilən idman yarışlarında iştirak edərək, saysız-hesabsız qələbələr qazanmışdı. Rusiya Federasiyası Voronej şəhər 73 saylı orta məktəb onun həyatında yalnız təhsil ocağı kimi deyil, həm də həyat məktəbi kimi silinməz iz buraxdı.
2007-ci ildə ailə başçısı Nüsrət Şalıyevin avtomobil qəzasına düşdükdən sonra yenidən Azərbaycana qayıtmalı oldular.O, 7-ci sinifdən Bakı şəhəri 132-134 saylı məktəb-təhsil kompleksində oxudu. Bu məktəbdə təmir işləri aparıldığından təhsilini 94 nömrəli tam orta məktəbdə davam etdirdi. Orta məktəbi də uğurla bitirdi.
Onu daha bir sınaq gözləyirdi. 2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilmiş imtahanda 600 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. Həmin dövrdə Ceyhunun cəmi 16 yaşı vardı. Oxuduğu müddətdə də özünü bacarıqlı savadlı və qalibiyyətli tələbə kimi tanıtdı. Ali təhsil aldığı dövrdə müxtəlif yerlərdə işləyərək ailəsinə maddi cəhətdən köməklik etdi. Bu illərdə mütəmadi olaraq idmanın müxtəlif növləri ilə məşğul oldu. Təhsil aldığı dövrdə universitetin ictimai-siyasi həyatında da fəal iştirak etdi. Tələbəlik həyatı, tələbəlik illəri – onun ömrünün ən şirin, qayğızsız çağları idi.
2015-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra hərbi xidmətə çağrılan Ceyhin 2016-cı ilin aprel ayında düşmənin təxribatçı əməliyyatları nəticəsində baş tutmuş 4 günlük müharibədə iştirak etdi.
O, hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlcə xarici ölkələrdən birində magistratura təhsili almaq fikirinə düşdü. Proqram üzrə onlayn imtahan verərək iki ölkənin– Almaniya və Kanadada magistraturaya qəbul olundu.
Amma sonra nə magistraturada oxumaq fikirindən daşınır. “Azərcell Telekom” MMC-də işləməyə başlayır və özünü bacarıqlı mütəxəssis kimi göstərir. İş yerində hamının hörmətini qazanır. Çünki Ceyhun öz ədəb-ərkanı, əxlaqı, davranışı ilə seçilirdi. Özünə hörmət edir, ətrafdakı insanlara da hörmətlə yanaşırdı. Hər kəsin də ona xüsusi hörməti vardı. Həm də yardımsevərliyi ilə seçilirdi. Anası xanım deyir: Bir hadisə barədə danışmaq istəyirəm. Ceyhun dostu ilə metrodan çıxanda arıq, sısqa, çəlimsiz oğlanın yıxıldığını görürlər. İnsanlar çox layqeyd halda oğlanın yanından ötüb-keçirlər. Heç kim ona əhəmiyət vermir. Əvvəlcə Ceyhun dostu ilə onun yanından ötüb-keçir və bir az getdikdən sonra biri-birinə: Gəl qayıdaq, bəlkə bir ehtiyacı var, bəlkə xəstəxanaya aparmaq lazımdır,– deyirlər. Geri, yerə yıxılmış oğlanın yanına qayıdırlar. Yerdə halsız vəziyyətdə uzanmış tanımadıqları oğlanı ayağa qaldırəb soruşurlar:
– Sənə nə olub?
– Üç gündür acam, yemək almağa da pulum yoxdur, mənə kömək edin, –deyir.
Ceyhin dostu ilə onu yaxınlıqdakı yeməkxanaların birinə aparıb yemək alırlar, sonra da cib xərcliyi verib yola salırlar.
Ceyhun belə bir gənc idi: mərd, əliaçıq, yardımsevər, bir qismət çörəyi bölə biləcək.
O, İkinci Qarabağ müharibəsində iştirak etdi. Sentyabrın 21–26 tarixlərində təlimlərə qatıldı. Döyüş isə sentyabın 27-si saat 07:30-da başladı. Düşmənin canlı qüvvələrini, komanda məntəqələrini məhv etmək üçün artilleriya bir saat işləmişdi. Bir saatdan sonra “İrəli!” əmri verildi.
Ceyhun Şalıyev “Ohanyan səddi”nə doğru irəlilədi. Bu səddin keçilməsi mümkünsüz sayılırdı. Ermənistan uzun illik işğal dövründə hazırlıqlar görmüş, xəndəklər qazmış, müdafiə sistemi qurmuş, əngəllər yaratmış və onların minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etmişdi. Düşmən bu səbəbdən “Ohanyan səddi”ni yarmağın çox çətin, hətta mümkünsüz olacağını düşünürdü. Amma Ceyhun Şalıyev kimi igidlərin qarşısında keçilə bilməyən bir maneə yoxdur. Onların düşməndən alınası intiqamları vardı və bu intiqam alınmalı idi.
Ceyhun Şalıyev əsasən, Füzuli istiqamətində döyüşdü. Ermənistan silahlı qüvvələrinin ön xətdə yerləşən hərbi hissələrinin maddi texniki təminatı Füzuli rayonundan həyata keçirilirdi. Bu istiqamətdə hücumunun ilkin vəzifəsinə hakim yüksəkliklərin, təchizat və magistral yol qovşaqlarının ələ keçirilməsi, düşmənin ehtiyat qüvvələrinin manevr imkanlarını və təchizat qabiliyyətini ciddi şəkildə məhdudlaşdırmaq idi. Təpələr ordumuzun nəzarətinə keçirdi. Ceyhungil Füzuli şəhərinin yaxınlığında yerləşən Yuxarı Seyidəhmədli kəndinə doğğru irəlləyirdilər. Oktyabrın 1-də onlar Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecdilər. Çox ağır döyüş oldu. Bu döyüşdə Ceyhun böyük fədakarlıq göstərdi, düş¬¬mə¬¬nin məhv edil¬¬mə¬¬sin¬¬də ro¬¬lu ol¬¬du.
Düz 4 gün Füzuli istiqamətində gedən ağır döyüşlərdə vuruşdu. 2020-ci il oktyabr ayının 1-də, səhər saat 4-də döyüş meydanında fədakarlıq göstərərək şəhid oldu. Ceyhunla bir səngərdə olan döyüş yoldaşı deyir: “Bizə dinclik vermirdi. “İrəli, İrəli!”– deyə Ceyhun qabaqda gedir və bizi də ardınca çağırırdı”.
Döyüş zamanı yanlarına mina düşür. O, qəlpə yarası alan əsgər yoldaşına kömək etmək üçün yağış kimi yağan güllələrin altına ona yaxınlaşım ilkin yardım göstərir. Yaralı əsgəri döyüş meydanından çıxararkən gicgahından qəlpə yarası alır. Aldığı yaradan da şəhid olur. Bu döyüşdə “N” saylı hərbi hissədən Ceyhunla birlikdə 9 əsgər şəhadətə qovuşur. Canlarını Vətənə, torpağa qurban verirlər.
...Senytyabrın 30-da ailəsi Ceyhunla telefon əlaqəsi qurmaq istəsə də, bu mümkün olmur. Bu səbəbdən də dayısı Gəray oktyabrın 1-də səhər tezdən Füzuliyə yola düşür. Daşburuna çatanda Sabunçu Hərbi Komissarlığından bir zəng gəlir.
– Şalıyev Ceyhunun dayısı Gəraydımı? – deyə soruşurlar.
– Bəli, mənəm, Ceyhunun dayısıyam.
Xəttin o biri ucundakı titrəyərək qırıq-qırıq çıxan həyəcanlı səs yenidən eşidilir.
– Ceyhun ağır yaralanıb, Bakıya gətirirlər.
Dayı özünü toparlayaraq ciddi şəkildə soruşur:
– Mən hərbçi olmuşam. Müharibə şəraitində vuruşan əsgər haqqında ailəsinə, yaxınlarına məlumat vermək nə deməkdir, bilirəm. Açıq danışın, sözün düzünü– həqiqəti deyin.
Telefonun o biri başından gələn son cümlə dayını sarsıdır:
– Başınız sağ olsun!
Bax, Ceyhunun şəhid olması xəbərini dayısına belə verirlər.
Ceyhunun dayısı Gəray deyir: “O gün bircə şeyi başa düşdüm. Ceyhun şəhid olub. Ayağımın altından yer qaçdı, ağladım. Onu itirdiyimizə heç cur inanmağım gəlmirdi. Hər dəfə Ceyhundan söz düşəndə kövrəlirəm. Son olaraq bunu deyə bilərəm ki, onun üçün çox darıxıram. Tək təsəllim odur ki, Ceyhun bizim qürurumuzdu və onu bütün ölkə tanıyır. Ceyhun Vətənini, bayrağını sevirdi, onun tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət bəsləyir, hər an Vətənin müdafiəsinə hazır idi. Vətəninə də vicdan və namusla xidmət etdi. Ceyhun bizim nəslin başucalığıdır, məkanı cənnət olsun”.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Şalıyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli .3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təltif edilib. Ölümündən sonra Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə də təltiv olunub.
Pünhan