Qadınlar üçün iş vaxtı qısaldıla bilər - Rusiyada

07:53 - 24 May 2024 - Cəmiyyət

Dövlət Dumasının vitse-spikeri Boris Çernışov Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anton Kotyakova qadınlar üçün cümə gününün iki saat qısaldılması təklifi ilə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Çernışovun fikrincə, belə bir tədbir dövlət sektorunda çalışan dövlət qulluqçuları, eləcə də bələdiyyə işçiləri üçün məcburi olmalıdır. Özəl şirkətlər üçün iş vaxtının azaldılması tövsiyə oluna bilər.

Sənəddə qeyd edilir ki, Rusiyada çalışan işçilərin ümumi sayının 49%-ni qadınlar təşkil edir ki, bu da dünya praktikasında ən yüksək göstəricilərdən biridir.

Boris Çernışov qeyd edib ki, qadınlar hələ də ev işlərinin və uşaq baxımının böyük hissəsini görür, buna gündə təxminən altı saat vaxt sərf edirlər.

Spikerin fikrincə, belə bir təşəbbüsün qəbulu rus qadınlarına daha yaxşı dincəlməyə və ailələri ilə vaxt keçirməyə imkan verəcək ki, bu da ölkədəki demoqrafik vəziyyətə müsbət təsir göstərəcək.

FinExpertiza audit və konsaltinq şəbəkəsinin analitik xidmətinin məlumatına görə, 2023-cü ilin birinci rübündə Rusiyada iş həftəsinin uzunluğu 38 saat 30 dəqiqə olmaqla son 10 ildə ən yüksək həddə çatıb.

Xəbər xətti