Ölkəmizdə yoxsulluğun səviyyəsi 5,5 faizə düşüb - Spiker

11:36 - 1 Dekabr 2023 - Cəmiyyət

“Azərbaycan beynəlxalq birliyin fəal və məsuliyyətli üzvüdür. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dialoq, həmrəylik və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementlərindəndir”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan qəbulda səsləndirib. 
Spiker qeyd edib ki, bu prinsipləri Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətində, Qoşulmama Hərəkatının sədri qismində bir sıra təşəbbüslərin irəli sürülməsində, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən enerji, həmçinin Şərqlə Qərbi birləşdirən iri nəqliyyat layihələrinin həyata keçirilməsi kimi bir sıra hallarda aydın müşahidə etmək olar.
Milli Məclisin sədri Azərbaycanın bu gün ən müxtəlif sahələrdə qazandığı nailiyyətlər barədə də tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin son 20 ildə mühüm iqtisadi tərəqqiyə nail olduğunu qeyd edib. Azərbaycanda ÜDM-in dörd dəfə, büdcə gəlirlərinin 30 dəfə, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artması diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 50 faizdən 5,5 faizə düşüb. Ötən 20 il ərzində Azərbaycana 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, bunun da 200 milyarda yaxın hissəsi iqtisadiyyatın qeyri-neft sektoruna yatırılıb.

Xəbər xətti