Tərtərin rüşvətə görə tutulan baş memarının işi icrata verildi

11:03 - 19 Sentyabr 2023 - Cəmiyyət

Rüşvət müqabilində tikintiyə icazə verməkdə ittiham olunan Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Tofiq Kərimovun cinayət işi icraata götürülüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd: Rəsmi məlumata əsasən, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Tofiq Kərimovun qanunsuz əməlləri ilə bağlı keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İbtidai istintaqla Tofiq Kərimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon ərazisində müvafiq tikinti işlərinin aparılmasına razılıq verilməsi müqabilində rüşvət qismində tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Xəbər xətti