Naxçıvanda antibiotiklərin reseptsiz satılması qadağan olundu

19:25 - 9 İyun 2023 - Cəmiyyət

Naxçıvan Muxtar Respublikası ərazisində antibiotiklərin reseptsiz satılması qadağan olunub və bundan sonra antibiotiklərdən özbaşına istifadə yolverilməzdir.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” mövzusunda keçirilən konfransda bildirilib. Tədbirdə 200-dən çox tibb işçisi və əczaxana fəaliyyəti ilə məşğul olan sahibkarlar iştirak edib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov diqqətə çatdırıb ki, muxtar respublikada reseptsiz antibiotik satışına nəzarətin daha da artırılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliynin 7 iyun 2023-cü il tarixli kollegiya qərarı qəbul edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri Süleyman Cəfərov, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Xəstəxanası baş həkiminin müavini İlkay Əliyeva və Səhiyyə Nazirliyinin sektor müdiri Hacı Əliyevin çıxışları dinlənilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə yaxın günlərdə “Rəngli resept sistemi” layihəsinə başlanılacaq. Reseptlər dərman vasitələrinin təsir mexanizmlərinə uyğun olaraq müxtəlif rəngli resept nüsxələrində yazılacaq və əczaxanalar tərəfindən həmin reseptlər əsasında satışı həyata keçiriləcək.

Xəbər xətti