Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lər Ermənistanın Naxçıvanla sərhədində metallurgiya zavodunu inşa etməsinə etiraz olaraq bəyanata yayıblar.
Ucnoqta.az xəbər verir ki, bəyanatda deyilir:
"Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.
Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.
Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.
Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.
Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir.
Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur.
Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq biz, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq.
Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ Səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.
Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır".