Luis Bono ABŞ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib

22:06 - 1 Fevral 2023 - SİYASƏT

ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:

"Mən Luis Bononu Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edirəm. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllini ehtiva edən hərtərəfli sülh sazişinin əldə edilməsinə kömək etmək öhdəliyinə sadiqdir. Cənab Bono həmfikir tərəfdaşlarla, o cümlədən Aİ ilə, eləcə də ikitərəfli əməkdaşlıq edəcək. Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün ATƏT kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”, - Departamentin rəbhəri Entoni Blinken bildirib.

Bundan əlavə, dövlət katibinin sözlərinə görə, Bononun təyinatı “ABŞ-ın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi əhəmiyyəti təsdiqləyir”.

Bono ABŞ-ın Vyanada MAQATE və BMT təşkilatları yanında nümayəndəsi, həmçinin dövlət katibinin birinci müavininin müşaviri və dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə müavini vəzifələrində çalışıb.

Bundan əvvəl Cənubi Qafqazda danışıqlar üzrə baş məsləhətçi vəzifəsini Filip Riker tutub. Dövlət Departamenti onun istefasını yanvarın əvvəlində elan edib.

Emin

Xəbər xətti