Gənc oğlan atasına cavab qaytaran arvadını çubuqla döydü - TƏFƏRRÜAT

17:03 - 26 Yanvar 2023 - Cəmiyyət

Balakən rayonunda 1991-ci il təvəllüdlü Səlim ailə münaqişəsi zəminində həyat yoldaşı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 aprel 2022-ci ildə, saat 21 radələrində baş verib.

Səlimin fərdi yaşayış evində onunla birlikdə yaşayan Baharla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı arvadını qəsdən şillə, yumruq və çubuqla vuraraq ona xəsarətlər yetirib. 


İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Bahar ilə ailə qurub:

“Həmin evlilikdən bizim iki azyaşlı uşağımız var. Mən Bahar ilə valideynlərimin yaşadığı evdə ayrı otaqda yaşayıram”. 

Səlim qeyd edib ki, hadisə günü, saat 21 radələrində evdə olduğu zaman atası Əli ilə arvadı Bahar arasında mübahisə yaranıb:

“Mübahisə zamanı arvadım atama söz qaytardı. Buna görə də şillə və yumruqla Baharın sifətinə vurdum. Sonra isə uşaq beşiyinin altında istifadə edilən 1 metr uzunluqda çubuğu götürərək Baharın bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Həmin zaman evdə atamdan başqa şəxs olmayıb”. 

Qeyd edib ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmaq istəyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, hadisə günü yaşadığı evdə qayınatası ilə aralarında mübahisələri yaranıb:

“Qayınatam mənim valideynlərimin ünvanına nalayiq sözlər işlətdi. Bu zaman ərim başıma, sifətimə yumruqla, uşaq beşiyinin yanından asılmış çubuq ilə isə qoluma, ayağıma vuraraq xəsarət yetirdi. Döyüləndən sonra həyətə, oradan isə qonşuluğa qaçdım. Qonşulardan kimsənin çıxmadığını görərək geri qayıtdım. Həyətdə ərim məni yerə yıxaraq yumruqla başıma vurdu və sonra yola çıxararaq qapının arxasını bağladı”. 

Zərərçəkmiş qeyd edib ki, əri onun başına, qoluna, ayaqlarına, sifətinə yumruq-şillə və çubuqla vuraraq döydüyü zaman qayınatası kənarda dayanaraq onlara tamaşa edib. 

Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Səlim aylıq qazancının 15 faizi məbləğində dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzаsınа məhkum edilib. 

Xəbər xətti