Magistraturaya sənəd qəbulu başlayıb

12:01 - 24 Yanvar 2023 - Cəmiyyət

2023/2024-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başlayıb.

Ucnoqta.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2023-cü il  yanvarın 24-dən fevralın 9-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 24 yanvar 2023‑cü il saat 10:00-dan 9 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Xarici ölkələrdə ali təhsil almış, lakin ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olmayanlar ilk növbədə Elm və Təhsil Nazirliyinə müraciət edib müvafiq sənədləri əldə etdikdən və məlumatlar nazirlik tərəfindən elektron məlumat bazasına daxil edildikdən sonra “Bakalavrın elektron ərizəsini” təsdiq edə bilərlər.

Qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur.

Xəbər xətti