ŞUŞA – Məkkəm, Mədinəm mənim!!!

14:55 - 8 Noyabr 2022 - Cəmiyyət

Müqavimət, şücaət və birliyimizə dəlalət edən Azərbaycanın Kəbəsi olan Şuşanın azad olunduğu 8 Noyabr - Zəfər Gününü xalqımıza bəxş edənlər gün sizin gündür 

ŞUŞA – Azərbaycanın Kəbəsi. Bəli, səhv eşitmədiniz. Hər qarış torpağı müqəddəs şəhidimin qanı ilə suvarılmış şüşə zərifliyində bir şəhər mənim üçün islam aləminin iki müqəddəs şəhərləri – Məkkə, Mədinə və hətta  müsəlmanlar tərəfindən Beytullah (Allahın evi) adlandırılan və namazda müsəlmanların qibləsi olan Kəbə qədər əziz və qiymətlidir. Bu qədim, qədimliyi qədər doğma olan Şuşada heç zaman olmamışdım. Çoxları kimi bu şəhərin gözəlliyi və özəlliyini ancaq “YouTube” kanalları vasitəsilə yayımlanan müxtəlif video materiallardan izləmişdim. Həmin görüntüləri hər dəfə gördükcə necə də dəyəri heç bir ölçü vahidi ilə ölçülməyən bir xəzinəni deyim, yoxsa canlı bir varlığı itirdiyimizin fərqinə varmaqla, haqlı olaraq özümdən tutmuş hər kəsi günahkar sayırdım. Tarixin bir ədalətsizliyinə bax: tarix boyu neçə fatehlər bu qalanı fəth edə bilməyib. 1992-ci ildə isə hiyləgər və məkrli ermənilər şimal, cənub yaxın-uzaq qonşularımızın və digər havadarlarının həm hərbi, həm də siyasi-diplomatik dəstəyi və öz içimizdəki hərbi-siyasi xəyanətlər sayəsində bu şəhərə yiyələnə biliblər. Silahlı Qüvvələrimizin qalib komandanı cənab İlham Əliyevin çox yerində vurğuladığı kimi belə əzəmətli alınmaz qalanı vermək ikiqat xəyanət idi. Ancaq onu yenidən qazanmaqla, ikiqat xəyanəti üçqat qəhrəmanlıq dastanına çevirə bildik. Aləmlərin Rəbbi olan Allaha həmd olsun, indi xəyanətdən ancaq keçmiş zamanlarda danışırıq.

Tarixi məlumatlara görə, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan, bütün dönəmlərdə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhəri hələ XVIII əsrdə Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində isə Qafqazın artıq musiqi mərkəzinə çevrilən Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.

Təbii relyefi Allahın lütfü olan bu şəhər saysız-hesabsız ağır sınaqlardan keçmişdir. Təsəvvür edin, təkcə Şuşa 1905, 1920 və 1992-ci illərdə olmaqla üç dəfə tamamilə yandırılmışdır. Lakin hər bir belə çətin imtahan onu heç vaxt sındırmadı, əksinə hər dəfə ağır sınaqdan üzüağ çıxdı, həmin imtahanlar onu daha da mətinləşdirdi, yenilməz qalaya döndərdi.

Şuşa şəhərin son ağır sınağı 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilməsi ilə baş verdi. İşğal nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 552 körpə valideynlərini itirdi, 20 mindən artıq əhali isə doğma yurd-yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, qədim sarayları, məscidləri, təhsil, səhiyyə müəssisələrini, muzey, kitabxana fondlarını qarət ediblər. Bütün bu vandalizm aktlarına 8 noyabr 2020-ci ildə Müzəffər Ordu, Azərbaycanın qəhrəman oğulları şəhid və qaziləri öz qanları və canları ilə Şuşanı işğaldan azad etməklə son qoydular.

Birinci Qarabağ müharibəsinin alovlanmasına səbəb olmuş məşhur Topxana meşəsi ...

Bu şəhərimizi görmək, suyundan doyunca içib, havası ilə nəfəs almaq hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum idi. Axı qanını torpağına qarışdıraraq vətənimizin ayrılmaz, bölünməz bir parçası edən şəhidlərimizin ayaq basdığı o yerləri ziyarət etmək uşağından böyüyünə qədər, kimin ən ümdə arzu-istəyi deyil ki?

Sonsuz şükrlər olsun Uca Yaradana ki, çox keçmədən erməni işğalından azad olunan bu müqəddəs torpağa ayaq basanlardan biri də mən oldum. Bu il iyun ayının 15-də baş tutan sözdə, əməldə “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi”nin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransa dəvət olunanlar sırasında olduğumu bildikdə böyük sevinc və həyəcan hissi keçirdim. Heç bir tərəddüd etmədən həmin tarixlərdə xaricə gözlənilən elmi ezamiyətlərdən düşünmədən imtina etdim. Belə də olmalı idi. Ona görə ki, mənim aləmimdə hətta dünyanın 7 möcüzəsinin bulunduğu ölkələrdə aylarla gəzib-dolanmaq 8-ci möcüzə saydığım Şuşada bir saat belə olmağı əvəz edə bilməzdi.

Şuşaya bizi əzəmətli Zəfər yolu aparır. Bu yolun mənim üçün bir neçə özünəməxsusluğu vardır. İlk öncə, çəkilməmişdən öncə tozlu-torpağlı, daşlı-kəsəkli, kollu-koslu bu yolun ilk yolçuları olan qəhrəman döyüşçülərimiz, cəngavər övladlarımız bizi kimi rahat avtobusla getməyiblər. Məhz bu yerlərdən özləri cığır salaraq, qayalara dırmaşaraq, əlləri, ayaqları, dırnaqları hesabına qalxaraq qala şəhərimizi yağı düşməndən təmizləyiblər. Bu yolun başqa bir özəlliyi də onun həm də Birinci Qarabağ müharibəsinin alovlanmasına vəsilə olmuş məşhur Topxana meşəsindən keçməsidir. Xatırlatmaq yerinə düşər ki, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanında - Azadlıq meydanında Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq xalqımızın mitinqi başlandı. Sonradan Xalq hərəkatı adlandırılacaq bu həmrəylik Bakının ən böyük meydanında yüz minlərlə insanın bir araya gəlməsi ilə nəticələndi. Beləliklə, Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin Milli-Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının (18 oktyabr 1991-ci il) qəbul olunması ilə nəticələndi və Şərqin ilk demokratik respublikası olan Azərbaycan birinci dəfə qəsb edilmiş müstəqilliyini bərpa edərək öz varlığını dünyaya təkrar elan etdi, dövlət bayrağını BMT-nin binası qarşısında dalğalandırdı.

Qələbədən sonra isə Müzəffər Ali Baş Komandan İlham Əliyev qəhrəman oğullarımızın keçdiyi bu yolun əbədiləşdirilməsi məqsədiylə həmin yerdən Zəfər yolunun çəkilməsi göstərişini verdi. Üzərindən indi təhlükəsiz adlayıb keçdiyimiz bu yolla şəhidlərimizin müqəddəs ruhlarının hopduğu qala şəhərimizə doğru irəliləyirik.

“Ağdam - Qafqazın Xirosiması”, bəs, Füzuli?

Zəfər yolumuz Füzulidən başlayır. O şəhər ki,  “Şaman tayfası”ndan betər olan erməni vəhşiləri tərəfindən yağmalanıb, tar-mar edilib. Adətən Ağdamı düşmənin işğal etdiyi şəhərlər içərisində ən çox zülm verdiyi, “Nuşirəvanın bayquşları” kimi xarabalığa çevirdiyi şəhər elan etmişdik – “Qafqazin Xirosima”sı adlandırmışdıq. Amma vallah da, billah da Ağdam bu şəhərin yanında toya getməlidir. Yenə Ağdamda and içmək üçün bir məscid binası saxlanılmışdı. Füzulidə isə qalib əsgərlərimiz bayraq sancmağa salamat bir bina tapa bilməmişdilər. Düşmən sanki türklərə olan potensial nifrətini Füzulidən daha betər şəkildə alıbmışlar. Bu yerlər haqqında azca təsəvvürü olmayan və ilk dəfə yolunu buralardan salan əcnəbilər göz işlədikcə uzanan dümdüz çöllüyə baxarkən buranın nə vaxtsa şəhər olduğunu ağlının ucundan belə keçirə bilməz. Halbuki inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq, rayon kimi Qaryagin olmuş bu şəhər 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdır. Azərbaycanın elminə, mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş bu məmləkət də vaxtı ilə möhtəşəm və gözəl şəhərlərimizdən olmuşdur. Ancaq işğaldan qurtulmuş digər şəhərlərimiz kimi Füzulidə də başlanılmış geniş miqyaslı tikinti-quruculuq işləri Xaqaninin “Mədain xərabələri”nə çevrilmiş bu ərazini güllü gülüstana çevirəcəyinə zərrə qədər şübhəmiz yoxdur. Azad olunmasından qısa müddət keçməsinə baxmayaraq artıq ərazidə Qarabağın hava qapısı olan beynəlxalq hava limanı istifadəyə verilmiş, şəhərin baş planı təsdiq edilmiş, 2026-cı ilə qədər də bərpası başa çatacaq.

Şuşaya çatdığımızın ilk xəbərçisi hələ uzaqdan görünən məşhur Daşaltı kəndi olur. Məlumat üçün deyim ki, Daşaltı kənd əvvələr ətrafda yaşayan əhalinin Xəznədağ adlandırdığı mağaranın yerləşdiyi ərazi olmuşdur. Kənd XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın Zəngəzur qəzasının Düzəburd kəndindən gəlmiş azərbaycanlı və erməni ailələri Şuşa qalasının cənub divarlarının ətəyindəki dərədə, Daşaltı ("qayaaltı" mənasında) adlanan yerdə məskunlaşdırması nəticəsində yaranmışdı. Kənd yerləşdiyi ərazinin adını daşıyır. Təəssüf ki, bu kənd tarixiliyi və əsrarəngiz gözəlliyindən daha çox I Qarabağ müharibəsində uğursuz “Daşaltı əməliyyatı” ilə yüzə yaxın say seçmə igid oğullarımıza məzar olması və Şuşanın itirilməsində həll edici rol oynaması ilə yaddaşımıza qara hərflərlə yazılıb.

Dərdindən ölməyi sübut etdiyimiz Şuşa

Kəndin içərisindən keçən dolanbac yolları geridə qoyan kimi gözlərimizin qarşısında dağları başı dumanlı, Qırmızı koftalı, yaşıl tumanlı, dərdindən belə ölməyə hər an hazır olduğumuzu 357 şəhid canı-qanı hesabına sübut etdiyimiz ŞUŞA canlanır.

Sözün hər mənasında qayanın üzərində məskən tutan bu şəhəri ilahi öz qüdrəti ilə yaradıb. Bu gözəlliyi lap elə xalq şairi Ramiz Rövşənin misralarında deyildiyi kimi vəsf etmək keçir könlümdən:

İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir...


Artıq azad Şuşadayam. Bir-iki mərtəbəli binalar, aparılan quruculuq işlərinin nümunəsi olan görüntülər bizə çox şeyi deyir. Bizimlə bir avtobusda olan bələdçilər küçələrdən keçdikcə bizi şəhərlə tanış edir.

Nəhayət, qalacağımız Şuşanın simvoluna çevrilən Xarıbülbül otelinə çatırıq. Otaqlarımıza yerləşəndən sonra digər həmkarlarım Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvləri Amin İsmayılov, Vazeh Əsgərov, Tofiq Cahangirov, Asif Əsgərli, Bayram Aslanovla birlikdə asudə vaxtımızı Şuşanı gəzməyə sərf edirik. Əvvəlcə, İsa bulağına getmək istəyirik. Hələ o, zamanlarda “Laçın dəhlizi” məramı heç də sülh yaratmaq olmayan rusların nəzarətində olduğu üçün bulağa getməkdən ötrü mütləq onların qurduğu keçid məntəqəsini atlamağımız lazım gəlir. Təhlükəsizliyimizə məsul şəxsin müşaiyyəti ilə nəzarət məntəqəsinə yaxınlaşırıq. Sənədlərimizi yoxladıqdan və sayımızı dəqiqləşdirdikdən sonra icazə verilir və keçid nöqtəsini keçib min dərdə dərman bulağın suyundan içməyə tələsirik. Yeri gəlmişkən deyim ki, İsa bulağı Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Qarabağın ən məşhur istirahət yeri hesab olunur. Yerli məlumata görə, İsa bulağı XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı bir nəfər biçinçinin adı ilə bağlı olaraq belə adlanmışdır. Əlbəttə, başqa mülahizələr də vardır.İsa bulağının suynunu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi dumduru olmasını ilk dəfə atamdan eşitmişdim. O, işğaldan əvvəl 80-ci illərdə burada 24 gün istirahət etdiyini hər dəfə Şuşadan söhbət düşəndə böyük zövqlə danışar,  bu gözəl yerə bir növ virtual səyahətimizi də təmin etmiş olardı.

Düşmənin vandalizm izləri burada da özünü göstərir. Özlərinə oxşar “əndərəbadi” restoran açsalar da, ümumilikdə hər tərəf dağıdılıb, xaraba qoyulub, əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdı. Amma İsa bulağı bütün gözəlliyi, əfsanəvi sehri və xoş aurasıyla öz yerində olduğu üçün onun əvvəlki görkəmindən də gözəl istirahət mərkəzinə çevriləcəyinə şübhəmiz yoxdur.

“Vaqif məqbərəsi”ni ziyarət etdikdən sonra Şuşa şəhərinin digər bir simvolu olan tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi əraziyə - Cıdır düzünə istiqamətlənirik. Doğurdan da Şuşanı dillər əzbəri edən həm də məşhur tarixi məkanı olan bu yerdir. Tarixən belə olub: Qarabağa kim gələrdisə, Cıdır düzünə də baş çəkərdi. Qərb tərəfi bir-birinin arxasında yerləşən üç yüksəklikdən ibarətdir. Bu yüksəkliklərə “Üçmıx” adı verilib.

Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında “Xarıbülbül” mahnı festivalları keçirilirdi. Əsrin əvvəllərindəki Qarabağ xanəndələrinin bir çoxunun da Cıdır düzündəki ifalarından sonra məşhurlaşdığı deyilir.

Bu tarixi yerə qədəm qoyan kimi istər-istəməz Ermənistanın baş naziri Nikol Paşinyanın sərxoş olaraq Cıdır düzündə “Yallı” gedərək rəqs etməyinə cavab olaraq 44 günlük Vətən Müharibəsi zamanı cənab prezidentimizin dillərə dastan olan “Nə oldu, Paşinyan? Bəs, Cəbrayıla yol çəkirdin, “Cıdır düzü”ndə  rəqs edirdin!” qiymətli kəlmələrini xatırlayıram.



Şuşadan “ovuc içi” kimi görünən xanın kəndi

Şəhid və qazilərimizin müqəddəs qanlarının torpağa qarışıb vətən elədiyi bu uca yerdən Xankəndinə tərəf boylanaraq o kəlmələri təkrar-təkrar dilə gətirdim: Qarabağ, doğrudan da Azərbaycanın incisi, Şuşa isə Qarabağın tacıdır. Və Şuşadan “ovuc içi” kimi görünən Xanın kəndinə bir dəfə də diqqətlə baxıb münaqişənin alovlandığı 90-cı illərin əvvəlində Azərbaycan SSR Kommunist partiyası mərkəzi komitəsinin ikinci katibi işləmiş, Azərbaycanlıların bu dövrdə erməniləri dəstəkləməkdə, ermənilərin isə azərbaycanlıları dəstəkləməkdə ittiham etdiyi, şəxsiyyəti ziddiyətli olan Viktor Polyaniçkonun “Şuşa kimdədirsə, Qarabağ da onda olacaq” fikirinin nə qədər həqiqət olduğuna bir daha əmin oluram.

Qarabağımızın mirvarisi olan Şuşada 30 il həsrətində qaldığımız, görmək istədiyimiz yerlər çoxdur. Vaxt itirmədən karvansara, onunla üzbəüz qəhrəman döyüşçülərimizin önündə Şuşanın azadlığını Ali Baş Komandana məruzə etdiyi köhnə İcra Hakimiyyətinin binası, yanında Üzeyir bəy, Xan qızı Natəvan, Bülbülün güllələnmiş heykəllərini, bu heykəllərin arxasında Natəvanın adına bulağı, ondan da solda Xan qızının sarayını böyük heyranlıqla seyr edirik. Oradan əsrlərlə düşmənə sinə gələn Şuşa qalasına yol alırıq. Qalanın divarlarında müharibənin izlərini görməmək mümkün deyil. Videolardan, şəkillərdən gördüyümüz, həsrətlə, heyranlıqla izlədiyimiz qala və özünə məxsus "Şuşa" yazısı qəlbimizə sözlə ifadə etməyə çətinlik çəkdiyim sevinc dolu fərahlıq gətirir.

Qaladan üzü aşağı düşərək qədim Şuşa həbsxanasına da tamaşa edirik. O həbsxana ki, 1848-ci ildə, Çar Rusiyası dövründə Şuşa şəhərində Xurşidbanu Natəvan tərəfindən tikdirilən cəzaçəkmə müəssisəsi olub. Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib. Əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri və tarix boyunca neçə-neçə günahkara da, günahsıza da məhbəs olub. Deyilənə görə, Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti illərində ən dəhşətli türmələrdən hesab olunurdu. Burada cinayət aləminin bir çox məşhur nüfuzlu nümayəndələri də cəza çəkib.

Orada olduğum qısa müddətdə baş çəkdiyim son ünvan Şuşa Realnı Məktəbinin erməni vəhşiləri tərəfindən yandırılıb xarabazarlığa çevrilən boş divarları oldu. Öz-özümə düşündüm ki, insanlığa o qədər qənim kəsiləsən ki, 159 nəfərlik ilk buraxılışında öz millətindən olan 91 nümayəndəsinin təlim-tərbiyə aldığı bir müqəddəs ocağı bu formada məhv edəsən.

Onu da xatırlatmaqda fayda vardır ki, 1881-ci ildə əsası qoyulan bu məktəbin Azərbaycanda maarifçi bir nəslin yetişməsində xüsusi rolu olub. Şuşa Realnı Məktəbi Qarabağ bölgəsinin timsalında nəinki Azərbaycanın, o cümlədən Cənubi Qafqazda elm-təhsil-mədəniyyətin inkişafına böyük töhfə verib. Şuşa Realnı məktəbində o dövrün tanınmış maarifçi şəxslərindən Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Malikhaqnəzərov, Haşım bəy Vəzirov kimi tarixi şəxsiyyətlər dərs deyib. Nəticədə elm, mədəniyyət və ədəbiyyatımıza  Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Qara bəy Əliverdilər, Ələkbər bəy Əliyev, Feyzulla Əliquluzadə, Xudadat bəy Əzizbəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Xan Şuşinski və sair timsalında parlaq ziyalı ordusu – dövlət, ədəbiyyat, elm, mədəniyyət, incəsənət xadimləri bəxş edib. İndi onların da ruhları rahatlıq tapıb.

Bu gün qədim və doğma Şuşa şəhərimizin azad olunması ilə əlamətdar hadisələr təqvimində qırmızı rəngdə hərflərlə daxil olan “8 noyabr Zəfər Günü”nün ikinci ildönümünü böyük qürur və fəxrlə qeyd edirik. Bu gün son 200 ildə ilk dəfə bu böyüklükdə əldə etdiyimiz misli olmayan qələbəmizin, bir xalq və dövlət kimi qüdrətimizin tarixə yazıldığı gündür.

Artıq dəfələrlə bəyan edildiyi kimi qürurlu Azərbaycan və Azərbaycanlıların mübarizlik simvoluna çevrilən 44 günlük Vətən müharibəsi xalqımızın “Dəmir Yumruq” kimi birliyini, məğrurluğunu, Müzəffər Ordumuzun yenilməzliyini və ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın döyüş meydanında qazandığı və diplomatik müstəvidə davamını gətirdiyi tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə sahibi çıxan xalq məğlubedilməzdir. Tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında dünya bir daha bu reallığı qəbul etdi ki, Dağlıq Qarabağ Azərbaycandır və nida.

İndi, baxın, necə xoşbəxt xalqın vətəndaşıyıq ki, bu gün işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda şanlı bayrağımızı dalğalandırırıq.
Bu qürurlu günü xalqımıza bəxş edən əziz şəhidlərimiz gün o gündür, o da Sizin gündür.

Xalqımıza indiyə qədər yaşamadığı qələbə sevincini yaşatdığınıza görə Sizin hər birinizə Allahdan rəhmət diləyir, Sizi dünyaya gətirən ata-ananın əllərindən öpüb, qarşılarında baş əyirik, qazilərimizə şəfa diləyirik.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Əfsun Sucayev
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
elmlər doktoru

Xəbər xətti