“Söz deyə bilmirdik, o dəqiqə deyirdi ki, sizi cəhənnəmə göndərəcəyəm” - Zərərçəkmiş

Özünü 12-ci imam kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamışdan əvvəl zala gətirilən təqsirləndirilən Aqil Babayev zərərçəkmişlər tərəfindən nalayiq ifadələrlə təhqir edilib. Ona qarşı “İmam olub mənimçün...”, “Sən Mehdi deyilsən, Mixaylosan, Mazellisən” və s. kimi fikirlər səsləndirilib.

Zərərçəkmişlər hətta mətbuat nümayəndələrindən birini də təhqir ediblər.

Zərərçəkmişlər hakimdən jurnalistin prosesdən uzaqlaşdırılmasını tələb ediblər. Sədrlik edən hakim jurnalistin prosesdən kənarlaşdırılmasına göstəriş verib.

Bundan sonra işi üzrə zərərçəkmiş Samir Cəfərovun dindirilməsi davam etdirilib. Dövlət ittihamçısının və suallarını cavablandıran zərərçəkmiş deyib ki, istintaq dövründə Aqil Babayev ona zəkat barədə danışmamağı tapşırıb: “Yanıma adam göndərib ki, zəkata görə mənim belimi qırırlar, ondan danışma”.

S. Cəfərovun sözlərinə görə, təqsirləndirilən şəxs zəkat toplamağı ona tapşırıb: “Aqil özü tapşırmışdı, hər ay aparıb ona verirdim. Biz onu 12-ci imam kimi tanımışıq, müqəddəs kimi qəbul etmişik”.

Məhkəmə prosesi zamanı o da məlum olub ki, “İmam”a qarşı mifin dağılmasının əsas səbəbi zərərçəkmiş şəxslərin də tanıdığı iki nəfər qadına qarşı əxlaqsız hərəkətlər etməsi olub.

Aqil Babayev zərərçəkmişin dedikləri ilə razılaşmayıb:

“Mən bu adamlara ancaq yardım etmişəm. Satılan mənzillərin hamısının sənədləri var, rüsumları var. Zəkat məsələsinə gəlincə, bu, Samirin nəzarətində idi. Mənim zərrə qədər ehtiyacım olmayıb”.

179 min manat ziyana düşdüyü iddia olunan Emin Həsənov isə ifadəsində Aqlib Babayevi elmli din adam kimi tanıdığını, ona imam kimi inandığını deyib: ”Dini hədislər söyləyirdi. Deyirdi ki, Allahın cənnətini qazanmaq üçün mənə itaət etməlisiniz. Sözünün üstünə söz deyə bilmirdik. O, dəqiqə deyirdi sizi cəhənnəmə göndərəcəm, onda bilərsiniz. Bizi sanki ovsunlamışdı”.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirdiyini qeyd edən zərərçəkmiş təqsirləndirilən şəxsin onlara söylədiyi hədislərdən də danışıb: "Deyirdi ki, sizi gizlin yığıram bura. Vaxtım çatanda çıxıb zühur eləyib, çox adamın dərisini başına keçirəcəm. Biz də inanırdıq. Son vaxtlar çox haqsızlıqlarını gördüm. Allahdan qorxurdum ki, başımıza daş düşəcək”.

Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub.///Apa

Tarix
27 Sentyabr 2022 [19:18]
Müəllif
Üç nöqtə
2022-09-27 19:18:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin