27 sentyabr – Qarabağa əlimizin çatdığı, ünümüzün yetdiyi müqəddəs gün!

Qəhrəman şəhidlərimizin canı-qanı bahasına qazanılan qələbə ikiqat olmuş qədd-qamətimizi dikəltdi, xalqımıza sevinc bəxş etdi

Bu gün Böyük Zəfərlə başa çatan Vətən Müharibəsinin başlanmasının ikinci ildönümünü  – “ 27 sentyabr – Anım Günü”nü kədərlə, şərəflə və qürurla qeyd edirik. 2020-ci il sentyabrın 26-dan 27-ə keçən məhz, bu tarixdə Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və Azərbaycanının son 200 illik tarixində ilk dəfə itirilmiş torpaqlarımızın qazanılması qalibiyyəti ilə sonuclanan İkinci Qarabağ müharibəsinə çevrildi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Belə ki, 44 gün ərzində həyata keçirilən ildırımsürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik erməni işğalından qurtuldu.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətsə də, cavabını ikiqat elə döyüş meydanında aldı.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 000-ə yaxın hərbi qulluqçusu həlak olub, şəhidlik məqama ucaldılar, minlərlə hərbi qulluqçumuz da yaralanaraq sağlamlığını itirib, qazi oldular.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat - düşmən ölkənin kapitulyasiya  aktını imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan, şəhid vermədən Azərbaycana təhvil verildi. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Baxmayaraq ki, ötən 2 il müddətində Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçirdi və buna görə Laçın şəhəri və dəhliz deyilən əraziyə düşən Zabux və Sus kəndlərini nəzarətə götürə bilməmişdik. Ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkidli tələbi ilə köhnə “Laçın dəhlizi”nə alternativ yolun salınması sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi razılaşdırıldı. Həmişə öhdəliklərinə sadiq qalan Azərbaycan tərəfi  təxirəsalınmaz tədbirlər görərək yeni yolun çəkilişini cəmi bir il 8 aya başa çatdırdı. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və bu il sentyabrin 21-də daha bir tarixi hadisəni gerçəkləşdirən dövlət başçımız, cənab İlham Əliyev Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını bir daha enməmək, əbədi dalğalanmaq şərtilə göylərə qaldırdı. Hansı ki, həmin mərkəzi küçədə 1992-ci ildə Laçın işğal olunarkən mərhum telerepartyor Çingiz Mustafayev o vaxtkı hakimiyətin yarıtmaz siyasəti nəticəsində pərakəndə halına salınaraq qaçan komandir və əsgərlərin qarşısını kəsir, onlara geri dönmələri üçün bir növ yalvarırdı. Ancaq böyük kədər və utanc hisslərlə arxiv videolentlərdən izlədiyimiz o kadrları yaddaşlarımızdan məhz, Polad Həşimovlar, İlqar Mirzəyevlər, Xudayar Yusifzadələr, Tahir-İman qardaşları, Ruhid İslamlı, Çərkəz Teyubov, Şahin Tahirli və neçə-neçə igid, qəhrəman şəhidlərimizin yazdıqları qəhrəmanlıq dastanları birdəfəlik sildi və həmin kədəri qalib xalqımızın qələbə sevincinə dönüşdürdülər.

Bu gün bir çox erməni revanşistlər Qarabağı geri qaytarmağımızın əsas səbəbi kimi Ermənistanın baş naziri Nikol Paşinyanın zəifliyi ilə izah etməyə çalışırlar və onların fikrincə, Xocalı qatil və cəlladları olan Robert Koçaryan-Serj Sarqsyan guya hakimiyətdə qalsaydılar, Azərbaycan heç müharibə edə bilməzdi. Öz yalanlarına, özlərinin də inanmadığı bu düzənbazlar bir şeyi unudurlar ki, Ermənistanın “başsız” başçıları içərisində Nikol Paşinyan qədər Azərbaycan və azərbaycanlıların səbrini daşıran, hisləri ilə oynayan ikinci rəhbər olmayıb. Məgər, həftə səkkiz mən doqquz Xankəndində peyda olub, “Qarabağ Ermənistandır, nöqtə” deyən, gah Ermənistandan Cəbrayıla yol çəkən, gah separatçıların uydurduğu qondarma respublikanın parlamentini Şuşaya köçürən, orada andiçmə mərasimləri keçirən Nikol Paşinyan deyildirmi? Xatırlayırısınızsa, ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqlar üçün yeni müharibə" çağırışı edən David Tonoyan da Nikol Paşinyanın təyin etdiyi müdafiə naziri idi. Hələ bir qədər də irəli gedərək Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə dəvət edən Anna Hakobyan nə Robertin, nə də Serjin həyat yoldaşı deyildi, Nikol Paşinyanın xanımı idi. Elə “ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa” kimi nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədən  erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri və ya “Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir” deyərək Bakını təhdid edən, sonunda Kəlbəcərdən ağlayaraq rədd olan erməni rejissor Arşak Zakaryan da o vaxt Nikol Paşinyanın ardıcıl sıraladığı təxribatçı hərəkətlərindən ilhama gəlirdilər. Ali Baş Komandanımız isə təkcə Paşinyanın deyil, Ermənistanın bütün rəhbərlərinin hakimiyyət illərində çıxış edərkən bu sözləri ən uca tribunalardan deyirdi: “Qarabağ Azərbaycandır, nida” və ya “Gün gələcək və Azərbaycan bayğrağı işğal edilmiş bütün torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq”. Dedi və etdi. Çünki onun sözü imzası qədər dəyərliydi.

Azərbaycanın “əlamətdar və tarixi günlər təqvimi”ndə qızıl hərflərlə yer alan 27 sentyabr təkcə hüzn günümüz deyil, həm də vaxtilə bilərəkdən və ya bilməyərkdən sındırılmış qürurumuzun, əyilmiş başımızın dikəldiyi gündür. Təbii ki, bu fikirlərim müharibəyə haqq vermək anlamına gəlməməlidir. Vətən savaşında canından, qanından keçən hər bir şəhidimiz bizim üçün böyük itkidir, əvəzləri heç vaxt ödənilməyəcək, yerləri dolmayacaq. Ancaq II Qarabağ Müharibəsində ən yaxın üç qohumunu itirən biri kimi tam səmimiyyətimlə deyə bilərəm ki, ancaq və ancaq o qəhrəman övladlarımızın canı-qanı bahasına qazanılan qələbə əyilərək ikiqat olmuş qədd-qamətimizi düzəltməklə, xalqımıza  heç vaxt yaşamadığımız sevinci yaşatdı. Ona görə hər birimiz bundan sonra hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirəcəyik, bütün şəhidlərimizin ruhuna ehtiram göstərib, xatirəsini uca tutacağıq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olan 27 sentybr – Anım Günü  isə Azərbaycanın daha bir qəhrəmanlıq salnaməsi olaraq “20 yanvar – Ümumxalq Hüzn Günü”nün xalqımıza gətirdiyi həmrəyliyə “Dəmir Yumruq”la güç qataraq “28 may – Respublika Günü”nün qazandırdığı müstəqiliyə bir də ərazi bütövlüyünü qatmaqla bir dövlətin mövcudluğunun 3 təməl prinsipini tamamlamış oldu.

Bütün bunları xalqımıza bəxş edən şəhidlərimizin ruhu, onları Azərbaycanımıza bəxş edən valideynlərinin qarşısında baş əyirik, ruhları şad, məkanları cənnət, qazilərimiz də sağlam  olsun!!!
Yaşasın Azərbaycan!

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
kimya elmləri doktoru

Tarix
27 Sentyabr 2022 [15:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-09-27 15:20:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin