Bəzi sığorta şirkətləri bu avtomobilləri icbari sığorta etmir - VİDEO

07:52 - 21 İyul 2022 - AVTO

Bu avtomobillərin ölkəmizə gətirildiyi ilk dövrlərdə hər kəs onların ekonom olmasından, yanacağa qənaət etməsindən ağız dolusu danışırdı. Amma sonra bu maşınlar tez-tez yol qəzaları ilə gündəmə gəlməyə başladı. Söhbət ''Toyota Prius''lardan gedir. İndi isə bu avtomobillərin icbari sığortası müşkülə çevrilib. Yayılan iddialara görə şirkətlər priusları sığorta etməkdən boyun qaçırırlar.

Azərbaycanda taksi kimi ən çox istifadə olunan avtomobil...və taksi sürücülərinin tələskənliyi ucbatından tez-tez qəzaya düşən, adı bədnam olan priuslar. amma bu maşınlar təkcə taksi kimi istifadə olunmur. indi qurunun oduna yaş da yanmalıdırmı?

Lamiyə Əliyeva "Toyota Prius" avtomobilinin sahibidir. Maşınını sığorta elətdirə bilmir. sığorta şirkətləri avtomobilinin toyota prius olduğunu eşidən kimi fərqli bəhanələr gətirir.

Lamiyə deyir ki, əvvəllər avtomobilini onlayn qaydada sığortalayıb. Bu dəfə ona şirkətə yaxınlaşmalı olduğu bildirilib. Amma bunun da nəticəsi olmayıb. Dediyinə görə, eyni vəziyyətdən əziyyət çəkən tək o deyil, prius sürən tanışları da bu halla rastlaşıblar.

Şikayətçinin dediyinə görə, artıq 4 ildir ki, "Azərsığorta"ya online şəkildə müraciət edir. İndiyə qədər şəxsi məlumatlarını daxil etdikdən və ödənişi həyata keçirdikdən sonra avtomobilini problemsiz sığorta elətdirib. Bu dəfə isə bir neçə sığorta şirkəti əsas gətirmədən maşını icbari sığortalamaqdan imtina edib.

Bu vəziyyət Prius sürücülərini çətinə salıb. Avtomobilin icbari sığortası olmadan yola çıxa bilməyəcəklər.

Biz də "AzərSığorta" şirkəti ilə müştəri kimi əlaqə saxladıq. Avtomobilin texniki pasportunu gördükdən sonra, "sistemdə xəta çıxır" bəhanəsi ilə icbari sığortadan imtina etdilər.

Ardından Lamiyə Əliyevanın qarşılaşdığı problem ilə bağlı "Xəzər Xəbər" olaraq "Azərsığorta" ilə danışdıq. Ancaq suallarımıza gün ərzində cavab verilmədi. İcbari Sığorta Bürosundan isə bildirildi ki, sığorta şirkətləri icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməzlər. Bu, mövcud sığorta qanunvericiliyndə əksini tapıb. Belə halla qarşılaşan vətəndaşlar sığorta sektorunda dövlət tənzimləməsini və nəzarəti həyata keçirən Mərkəzi Banka müraciət edə bilərlər.

Xəbər xətti