Akademiyadan xaric olunan kursant hərbi xidmətə gedib

18:05 - 18 May 2022 - Cəmiyyət

Bir müddət əvvəl nizamnamə qaydalarını pozduğuna görə Heydər Əliyev adına Hərbi Akademiyadan xaric olunan kursant hərbi xidmətə göndərilib.

Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə ali hərbi məktəbdən kənarlaşdırılan Hüseynli Vüsal Elşən oğlu hazırda xidmətini N hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirir.

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu bu il fevralın 13-də akademiyaya getmək üçün yaşadığı Sumqayıtdan Bakıda yola düşüb. Bundan sonra ondan xəbər olmayıb. İtkin düşəndən üç gün sonra hərbi polis tərəfindən tapılan kursantın akademiyadan xaric olunmasına qərar verilib.

Akademiyanın hərbi şurasının qərarına əsasən, V. Hüseynli əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə məktəbdən qovulub.

 

Xəbər xətti