Qadından doğuşa görə 600 manat tələb edildi - AÇIQLAMA

12:02 - 18 May 2022 - Cəmiyyət

Vətəndaş icbari tibbi sığortanın tətbiqilə bağlı şikayətçi olub. Tovuz rayon sakini Ədilov Saqif Hüseyn oğlu ondan icbari tibbi sığorta çərçivəsində ödəniş tələb olunduğunu iddia edib.

S.Ədilov tərəfindən Modern.az-a daxil olan şikayətdə deyilir:
“Həyat yoldaşım Quliyeva Gülnar İlqar qızını qeysəriyyə əməliyyatı üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişəm. Qeysəriyyə əməliyyatı icbari tibbi sığorta tərəfindən həyata keçirilməli, bizdən pul alınmamalı idi. Ancaq həkim məndən 600 manat pul istəyir, deyir ki, “pulumu ver, hara şikayət edirsənsə et”. Bu məsələyə aydınlıq gətirilməsini, araşdırılmasını istəyirəm”.

İddiaya aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a açıqlamasında bildirib ki, qeyd edilən şikayət araşdırılıb:
“Tovuz rayon Qaraxanlı kənd sakini 1992-ci il təvəllüdlü Quliyeva Günel İlqar qızı 16 may 2022-ci il saat 12:52 radələrində Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət edib. O, “38-39 həftəlik hamiləlik, baş gəlişi uşaqlıqda çapıq” diaqnozu ilə stasionar müalicəyə qəbul edilib. 16 may saat 13:50 radələrində icbari tibbi sığorta çərçivəsində qeysəriyyə üsulu ilə vətəndaşın övladı doğulub. Uşaq 3 500 qram çəkidə qız uşağıdır. Hazırda ana və yeni doğulmuş uşağın stasionar müalicəsi davam edir. Hər ikisinin vəziyyəti kafidir. Vətəndaşın tibbi xidmətin ödənişli əsaslarla göstərilməsi ilə bağlı iddiası həqiqəti əks etdirmir”.

Xəbər xətti