Qan təzyiqi hansı səbəblərdən yüksəlir? - Kardioloq

11:42 - 26 Noyabr 2021 - DİGƏR

Səhiyyə Nazirliyinin mütəxəssisi, kardioloq İlqar Tahiroğlu qan təzyiqinin hansı səbəblərdən yüksəlməsini açıqlayıb.

Mütəxəssis normaların zaman-zaman dəyişsə də yüksək qan təzyiqinin olması barədə danışmaq üçün sistolik təzyiqin 140 mm civə sütunundan yuxarı və diastolik təzyiqin 90 mm civə sütunundan yuxarı olmasının kifayət olduğunu bildirib.

Onun sözlərinə görə, yüksək təzyiqin yaranması ilkin və ikincili səbəblər olaraq dəyərləndirilir: "İlkin səbəblər ürək mənşəli olur. Bunlara ürək çatışmazlığı, ürəkdəki zəifləmə, ürək klapanlarındakı problemlər aid edilir. İkincili yüksək təzyiqin əsas səbəblərindən biri də böyrəyə qan götürən damarlardakı darlıqdır. Daha çox gənc xəstələrdə görünən bu problem nəticəsində yüksək təzyiq dərmanlarla idarə oluna bilmir. Bəzi həyat tərzi vərdişləri, genetik meylin də təyiqin davamlı yüksəlməsində mühüm rolu var. Duz istehlakı, stress, artıq çəki buna misaldır. Digər tərəfdən qalxanabənzər vəzi, böyrək çatışmazlığı, şəkər xəstəliyi kimi xəstəliklər də yüksək təzyiqə səbəb ola bilər".

Kardioloq qeyd edib ki, yüksək təzyiq zamanında müdaxilə edilməzsə ağır fəsadlar əmələ gətirir: "Ürək-damar sistemində, beyin qan dövranında pozğunluqlar və buna bağlı olaraq insult, damar divarlarındakı problemlər, böyrəkdə baş verən problemlər yüksək təzyiqin nəticəsi kimi yarana bilir. Bu səbəbdən yüksək təzyiq mütləq şəkildə erkən diaqnoz qoyulub nəzarət altına alınmalıdır. Bir çox halda həyat tərzinin dəyişikliyi, düz miqdarının azaldılması və hərəkətliliyin artırılması ilə bu təzyiq dərman müdaxiləsinə gərək qalmadan rahatlıqla nəzarət altına alınır".

Mütəxəssis əlavə edib ki, infarktın ən çox görülən simptomu sinə ağrısıdır: "İnfarkt ilə müşayiət olunan bu ağrı tez-tez sinədən sol qola doğru yayılır. Hər sinə ağrısı infarkt deyil. Sinə ağrısının müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən ən çox rast gəlinənlər həzm sistemi ilə bağlı inkişaf edən xəstəliklər, xoralar, öd kisəsində yaranan problemlər, ürək-skelet sistemi pozğunluqları sinə ağrısına səbəb ola bilər. Sinə ağrısı psixoloji əsasda da baş verə bilir. Məsələn, panik atak keçirən xəstələrin sinə ağrısından əziyyət çəkdiyi məlumdur. İnfarkt ürəyə qan götürən damarlardakı tıxanıqlığa bağlı olaraq əmələ gələn ürəkdəki zədələnməyə verilən addır. Bütün orqanlar qan vasitəsi ilə qidalanır. Orqanlara qanın normal miqdarda getməməsi qidalanma pozğunluğunu meydana çıxarır və bu ürəkdə olduğu zaman infarkt baş verir. İnfarkta təkan verən müəyyən səbəblər vardır ki, onlara yüksək xolesterin, diabet, genetik faktorlar, siqaret, artıq çəki və piylənmə, alkoqol istifadəsi kimi hallar buna daxildir".///report

Xəbər xətti