Zaqatalada karantin qaydalarını pozanlar cərimələnib - Foto

14:36 - 22 Oktyabr 2021 - ÖLKƏ İÇİ

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şəhər ərazisindəki qapalı məkanlarda və ictimai nəqliyyatda monitorinq keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, qapalı məkanlarda keçirilən yoxlamalar zamanı tibbi maskadan istifadə etməyən və yaxud düzgün şəkildə istifadə etməyən satıcı və alıcılara rast gəlinib. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və sanitar-gigiyenik tələbləri izah ediblər. Qaydaları pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Həmçinin, iri ticarət mərkəzlərində bəzi müştərilərin COVID-19 pasportu olmadan obyektə daxil olduğu aşkarlanıb. Həmin obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib. Əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunan qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi vurğulanıb.

Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən isə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri sürücülərinin COVID-19 pasportları yoxlanılıb, mövcud tələblər onların diqqətinə çatdırılıb. Eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər aşkarlanıb, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


Xəbər xətti