Hacı Şahin İranla bağlı suallara CAVAB VERDİ

14:42 - 25 Sentyabr 2021 - Cəmiyyət

“Adətən biz siyasi mövzulara, dövlətlərarası münasibətlər mövzusuna münasibət bildirməmişik. Təkcə İranla bağlı yox, digər dövlətlərlə bağlı mövzulara da münasibət bildirməmişik. Amma bu dəfə cəmiyyətin xüsusi gözləntisi olduğunun şahidi olduq”.

Ucnoqta.az xəbər verir ki, bunu QMİ-nin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Ərdəbil məscidinin imamı Ağayi Amulininin səsləndirdiyi fikirlərlə bağlı suallara cavab verərkən deyib. O bildirib ki, dinin bu mövzulara qarışdırılmasını, məzhəb kontekstində qabardılmasını ciddi yanlış hesab edir:

“Bəzi insanlar bu mövzunu din müstəvisinə aparmaq istəyir. Baxmayaraq ki, din xadimi münasibət bildirib. Orada din xadimləri də siyasi vəzifə tutur, din xadimi ola-ola siyasi fikirlər irəli sürürlər. Ona görə də bu məsələlərə dini məsələ kimi yanaşmaq köküdən yanlışdır”.

H.Şahinin sözlərinə görə, bəzi şəxslər fürsətdən istifadə etməyə çalışır:
“Bu mövzuya fikir bildirməyimlə bağlı gözləntilərin olmasını normal qəbul edirəm. Amma bəziləri də sanki fürsətdən istifadə edərək, hansısa atmacalı sözlər, ittihamlar səsləndirir. Guya ki, bu, insanların, mənim vətənpərvərliyimin imtahanıdır, buna cavab verməklə test olunacaq və s. Bu, tamamilə yanlış fikirdir. Hesab edirəm ki, bizim vətənpərvərliyimizə heç kəsin şübhəsi yoxdur. Bütün fəaliyyətimiz göz qarşısındadır. 44 günlük müharibə zamanı şəhid ailələrinin, Azərbaycan dövlətinin, Azərbaycan ordusunun yanında olmuşuq. Biz gündəlik bu fəaliyyətlə məşğuluq. Sadəcə şəhid ailələrinin istəyi olur deyə biz bu məsələləri işıqlandırırıq. Canımız nə qədər bədənimizdədirsə, xalqa, millətə xidmət etmək bizim üçün böyük bir minnətir.

Ümumiyyətlə hesab edirəm ki, din xadimləri bəyanat verərkən, nəyəsə cavab verərəkən ölçülü-biçili danışmalıdır. Mövzular çox həssasdır. Kimsə nəsə danışıb ortaya atılan kimi cavab verməyə borclu deyiləm. Vəziyyət analiz olunmalıdır. Amma hər bir halda hesab edirəm ki, din xadimləri bəyanat verərkən barışdırıcı mövqedən çıxış etməlidir”.

Xəbər xətti