Azərbaycanda “Premium” markalı benzin istehsal olsa da ucuzlaşma olmayacaq? – EKSPERT

19:06 - 18 Sentyabr 2021 - İQTİSADİYYAT

Sentyabrın 15-dən Azərbaycanda "Aİ-95" ("Premium") və "Aİ-98" ("Super") markalı avtomobil benzini bahalaşıdı. Bu isə cəmiyyətdə bir sual yaradıb. Neft istehsal edən ölkə olduğumuz halda niyə bizdə hələ də "Aİ-95" və "Aİ-98" markalı benzinlərin istehsal olunmur?

Çoxları yəqin ki, 2015-ci ildən Neft Emalı Zavodunda modernləşmə layihəsinin başlanılmasından xəbərsizdir. Xatırladaq ki, bu proses 2025-ci ilə qədər davam edəcək.
Modernizasiyanın əsas hədəflərindən biri zavodda istehsal edilən yanacağın keyfiyətini “Avro-5” standartına qədər artırmaqdır. Zavodun hazırkı planına  görə 2022-2023-cü illərdə artıq “Avro-5” standartına cavab verən dizel və benzinin istehsalını təmin etməkdir. 

Maraqlıdır, zavodun işə düşməsi və benzin istehsal olunduqdan sonra Azərbaycanda bu neft məshulları qiymətdə öz fərqini göstərə biləcəkmi? Ən azından qiymətdə artım sürətinin tempi azalacaqmı?

Ucnoqta.az xəbər verir ki, enerji məsələləri üzrə ekspert İlham Şaban Bizim.Media-ya açıqlamasında qeyd edib ki, SOCAR gələn il dizel yanacağını, 2023-cü ildə isə “Aİ-95” markalı benzini istehsal etməyi planlaşdırır:

“Planların necə həyata keçəcəyini isə biz zamanla şahidi olacağıq. Əlbəttə ki, məntiqlə zavod işə düşdükdən sonra “Premium” markalı benzinin qiymətində ucuzlaşma olmalıdır. Ölkə daxilində benzinin istehsalı daha ucuz olmalıdır. Çünki benzini ölkəyə istehsal edərkən yaranan xərclərdən azad olursan. Məsələn gömrük rüsumu, yol xərci və.s Ona görə istər benzin, istərsə də dizel yanacağı olsun, onun qiyməti xaricdən gətiriləndən hiss ediləcək dərəcədə ucuz olmalıdır”.

Lakin...

Bəzi ekspertlərin fikrincə, əksinə Azərbaycanda “Premium” markalı benzin istehsal olsa belə bu yanacaqda ucuzlaşma gözləmək olmaz. 

Məsələyə ekspert İlham Şabanın isə baxış bucağı tam fərqlidir.

O, düşünür ki...
“Əgər onlar belə bir fikirlə çıxış edirlərsə, mütləq bunu nəyəsə əsaslandırmalıdırlar. Baxın, Heydər Əliyev adına neft emalı zavodunun bu qədər uzun müddətə modernləşməsinin müəyyən səbəbləri var. 2015-ci ildə tikilməyə başlayan zavodun modernləşməsi 2025-ci ildə başa çatacaq. Buna səbəb isə o zavodun modernləşməsi üçün tələb olunan vəsaiti SOCAR hər il öz mənfəətindən Aayırmasıdır, yəni şirkət bu işi görmək üçün heç bir maliyyə qurumundan böyük və ya kiçik məbləğdə kredir götürməyib. Modernləşməni öz hesabına edir. Ona görə də müəyyən işlər ləngiyir. Məhz bu baxımdan çox güman ki, biz istehsal olunan benzində hiss olunacaq dərəcədə ucuzlaşmanın şahidi olacağıq. Əgər şirkət bu işləri öz mənfəətinin hesabına edirsə, ortada axı niyə bahalaşma faktoru olmalıdır?”

Bundan başqa İlham Şaban bildirib ki, SOCAR dövlət müəssisəsi olduğu üçün qiymət siyasətini özü müəyyənləşdirmək iqtidarında deyil. 
“Azərbaycan qanunlarına görə, daxili bazarlarda neft məhsulunun qiymətini dövlət müəyyənləşdirir TARİF Şurasının qərarından asılıdır. Şirkətin buna heç bir səlahiyyəti yoxdur”.

Xəbər xətti