XXI əsrin ilk məzunları 20 ildən sonra ilk dəfə bir arada - FOTO

22:26 - 18 İyul 2021 - Cəmiyyət

10 İyul 2021-ci il. İsti bir yay günü...
20 il bundan əvvəl Gəncə Dövlət Universiteti-GDU (o zaman H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu) Biologiya-kimya fakültəsinin Kimya və biologiya ixtisasını bitirən XXI əsrin ilk məzunlarının bir araya gəldiyi gün kimi yaddaşımıza qızıl hərflərlə yazıldı.

İyul ayının qızmar günəşi gözlənilən həyəcanımıza əlavə hərarət gətirmişdi. Əvvəlcədən görüş vaxtı razılaşdırılarkən təklif olunan tarixlər bir neçə dəfə dəyişmişdi. Bu da başadüşülən idi. Çünki tələbə yoldaşlarımızın böyük əksəriyyətinin xanım olması və onların həm bir ana olaraq ailə, həm də müəllimə kimi iş qayğılarının gətirdiyi iki qat məsuliyyət bu görüş üçün uyğun zamanı seçməyə çətinlik yaradırdı.

Ona görə son ayrılıq nəğməsinin 2001-ci il mayın 6-da çalındığı “Məzun Günü”ndən fərqli olaraq 20 ildən sonrakı ilk görüşün iyulun 10-a təyin olunması heç də təsadüfi deyildi. Əsrin bəlasına çevrilən COVİD-19 pandemiyasının gətirdiyi çətinliklər və hər kəsin iyul-avqust aylarında yay məzuniyyətinə çıxması nəzərə alındığı üçün ortaq görüş nöqtəsi kimi, məhz bu tarixi mümkün etmişdi. Bu incəliklərizərgər dəqiqliyi ilə hesablayan təşkilatçı dostlarımız hər cür təşəkkürə layiqdir, desək az belə olar. Bu haqda bir qədər sonra...

... Amma bu dəfə də nədənsə görüşün baş tutacağına inananlar az idi. Şəxsən mənimlə görüş və onun zamanı razılaşdırılarkən iştirak edəcəyimə bir az tərəddüdlə yanaşmışdım. Çünki tarixlərikəskin netləşməsə də, icraçı direktoru olduğum elmi müəssisənin strateji məsələlərinin həlli ilə bağlı Ukrayna, Pakistan və ardınca Türkiyəyə elmi ezamiyyətim nəzərdə tutulmuşdu. Ona görə bir neçə dəyişik tarix təklif olunanda qiymətli tələbə yoldaşlarım Sevinc xanıma və Həsən müəllimə “... ezamiyyətim söylədiyiniz tarixlərə dəng gəlməsə, məmuniyyətlə görüşə gələcəm, əgər alınmasa qiymətli tələbə yoldaşlarımdan əvvəlcədən üzr istəyirəm”, - cavabını verdim. 

Düzdür, Ukrayna və Pakistan səfərim obyektiv səbəblərdən təxirə salınsa də, Türkiyə gedəcəyimi əvvəlcədən qətiləşdirmişdim. Amma və lakin 4 il boyu can deyib can eşitdiyin, kiminə dost, kiminə qardaş-bacı, kiminə abi-abla, kiminə əzizim və daha neçə-neçə müsbət epitetlərlə müraciət etdiyim,IV kursun son günü olan “Məzun Günü” və yekun diplom müdafiəsində göz yaşları ilə ayrıldığın tələbə yoldaşlarını 20 ildən sonra ilk dəfə canlı görmək hissiminhər şeyi üstələdiyini və onun gətirdiyi həyəcan səhətimlə əlaqədar üz tutacağım qardaş ölkəyə səfərimi də arxa plana keçirdi.

... Gəncə Dövlət Universitetində ötən müddətdə bir neçə dəfə - 2014, 2017-ci illərdə olmuşdum. Ümumi dəhliz, auditoriya və laboratoriya otaqlarının kandarında dayanıb, tələbə dostlarımla daha çox zaman xərclədiyim yerləri xatirimdə canlandıraraq məyusluq hissi keçirmişdim. Ancaq qarşıq hissləri bu dəfə tələbə yoldaşlarımla bir yerdə,həm də canlı yaşayacağım təxminlərim məni əməlli-başlı həyəcanlanmış elektron halinə salmışdı. Aşıb-daşan bu həyəcanı azca həfiflətmək üçün Gəncəyə görüşdən bir gün öncə tələbə yoldaşım - Bakı şəhəri Nizami rayonu 201 saylı məktəbin kimya müəllimi və elmi rəhbəri olduğum doktorant İbadulla müəllimlə 9 iyul tarixində yola düşməli olduq.

Acılı-şirinli xatirələrlə dolu Qədim Gəncə şəhərimizə axşam saatlarında varid olsaq da, əvvəlcədən vədələşdiyimiz kimi Bakıda tez-tez olmasa da ara-sıra bir araya gəldiyimiz qrup yoldaşım Yusif Abdullayev, “patok” yoldaşlarım - Həsən Həsənov vəİbadulla Mahmudovla bir yerdə şəhər mərkəzinə kiçik tur etdik və Gəncənin gəzməli-görməli yerlərindən biri də Cavadxan küçəsi, başqa adla desək, "Gəncənin tarqovısı” adlandırılan keçmiş “Sabir küçəsi”ndə yerləşən “Çay evi”ndə də oturub dərdləşdik.Ancaq bütün çabalarıma baxmayaraq həyəcanım azalmadı, əksinə bir qədər də artdı. Əgər belə olmasaydı gecələdiyimiz Gəncə mehmanxanasında səhəri diri gözlə açmazdım.

Sabah yüngül qəhvəaltıdan sonra “görüş yeri”mizinköhnə-yenivə tək ünvanı olan Gəncə Dövlət Universitetinin əsas binasına yollanırıq və bu zaman 1997-ci ci ilin 1 sentyabr tarixi bir anda gözlərim qarşısında canlanır. Sanki tələbə kimi ilk addımlarımı atıram deyəbədənimdən bir gizilti keçir, tüklərim biz-biz olur. Asta addımlarla Universitetin arxa qapısından içəri daxil oluram. Rəhbərliyi ilə Biologiya-Kimya fakültəsinə yeni məzmun gətirən dekan İsfəndiyar müəllim bizi dəhlizdə olduqca səmimi qarşılayır. Az qala yaşıdı olan və sevimli tələbələri ilə uzun ayrılıqdan sonra yenidən bir araya gəlir.

Biz tələbə olanda İsfəndiyar müəllim laboratoriya dərslərini tədris edirdi. Bizi görəndə simasında gülüş təbəssümünü uzaqdan gördük. Kabinetinə dəvət edir, yer göstərir, əyləşirik. Hal-​əhval tutur, fakültənin uğurlarından ağız dolusu danışır, bizimlə bağlı xatirələrini yada salır.

Tələbə yoldaşlarımız bir-bir, iki-iki gəlməyə başlayırlar. Görüşə ilk gələn xanım tələbə yoldaşlarımız Saçlı Həşimova və Günel Ömərova olur. Zahirən cüzi dəyişikliyi nəzərə almasaq,əvvəlki ilə indiki görkəmlərində və davranışlarında elə bir fərq görmürük. Səs tonu, yerişi, danışıq tərzi eyniylə tələbəliyə aparır. Pandemiyanın sərt qaydaları belə, bir-birimizlə əl tutub görüşməyə mane ola bilmir. Saçlı xanım qrupumuzda ən yüksək balla qəbul olan tələbə idi. Onunla o qədər elmi mübahisələrimiz olardı. Bizə qrupda zarafata “mehriban düşmən”lər deyənlər də var idi.

Bu yerdə tələbəlikdən qalan xatirəni yada salıram: adətən eşitmişdik ki, oğlanlar dərsdən yayınar, bizdə əksinə qrup xanımları ortaya söz qoyardılar ki, axrıncı dərslərə girməsinlər. Əsasən də Saçlının təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn bu arzuolunmaz kampaniyada “yetərsay” onların tərəfində olduğu üçün biz 4 oğlan da çarəsiz qalıb,heçnə deyə və edə bilmirdik, nəticə etibarilədərsdən yayınmalı olurduq.

Saçlı və Günel xanımın hər ikisi hazırda olduqları Qəbələ rayonunun kənd məktəblərində müəllimə kimi çalışırlar. Kimya və biologiya fənnlərinin tədrisində yeni yanaşmalar tətbiq etdikləri üçün şagirdlərinin sevimli “öyrətmənləri” olmağı bacarıblar.

Getdikcə görüş yerinə təşrif buyuran “köhnə” dostların sırası qrupumuzun bir vaxtlar romantik cütlüyü adını almış Yusif Abdullayeva -Təranə Kazımi, ardınca sonradan həyatlarını birləşdirən Həsən Həsənov-Günel Əmirlinin gəlişi ilə genişlənir.

Bu tələbə dostlarımızın ailə həyatları kimi karyeralarının uğurlu olması biz dostları ürəkdən sevindirir: ABŞ-da kompüter kimyası üzrə kurs keçən, Azərbaycandan hələki yeganə ixtisaslı kadr olan Yusif Abdullayev kimya üzrə fəlsəfə doktoru, dosent, Bakı Mühəndislik Universitetinin kafedra müdiridir. Elə həmin Universitetin Ekoloji kimya kafedrasında baş müəllim kimi çalışan ömür gün yoldaşı Təranənin dəyişən yalnız geyim tərzi idi,tələbəlikdən qalan mehriban, diqqətcil, qayğıkeş münasibət tam yerində idi.

Həsən abimizin də keçdiyi həyat yolu və yaradıcılığı olduqca zəngindir – biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Britaniya Kolleci Bakı İstedadlar Təhsil Kompleksinin müdir müavinidir, biologiya fənni üzrə dünya fənn olimpiyadalarında müxtəlif əyyarlı medallar qazanan məktəblilərimizin hazırlanmasında Həsən müəllimin əməyi misilsizdir. Xanımı Günel də tədris mərkəzlərinin birində ixtisası üzrə çalışır.

İlk dəqiqələrdən gözlərim birini axtarır. Axı o bu görüşün əsas memarıdır. Tele-radio verlişlərini min bir əziyyətlə hazırlayıb əziyyətləri kadr arxasında qalan operatorlar kimi o da çox çalışsa da, zəhmətini nümayiş etməyə sevmir. Deyir, sağ əlin verdiyini sol əl bilməsə daha yaxşıdır. Bu zaman gələn telefon zəngindən  məlim olur ki,tədbirin memarıSevinc Həsənova artıq Universitetin qarşısında olduğunu, və bizim  harda toplaşdığımızı soruşur. Sevinc xanım doğurdan heç birimizin bacarmadığı bir missiyanı öz zərif çiyinlərinə alaraq, qısa müddətlə yüksək keyfiyyətli bir sənət əsəri ortaya qoymuşdu. O şəxsi əlaqələrindən və sosial şəbəkənin verdiyi imkanlardan istifadə edərək, tələbə yoldaşları bir-bir axtarıb tapmış, ortaq WatsApp qrupunu yaratmış, onların virtual əlaqələndirilməsinə vasitəçi olmuşdu. Bəzən zarafatyana söyləyirdi ki, hansı tələbə yoldaşımızı tapmasam adını “itmişlər” kimi teleaparıcı Xoşqədəmin “Səni axtarıram” verilişində axtarışa verdirəcəm.

Yeri gəlmişkənqeyd edim ki, Sevinc xanım adını GDU-nun tanınmış məzunları sırasına yazdıra bilən tələbə yoldaşlarımızdandır. O ölkəmizdə ilk dəfə keçirilən direktorların işə qəbul imtahanında böyük müvəffəqiyyət qazananaraq Mingəçevir şəhər S.Vurğun adına 16 saylı orta məktəbə direktor təyin olunmuş, qısa vaxt keçməsinə baxmayaraq, rəhbərlik etdiyi məktəbin yetirimələri beynəlxalq, respublika əhəmiyyətli olimpiyadalarda, bilik yarışları, fənn olimpiyadalarında, elmi müsabiqələrdə uğur qazanmışlar. O bu qədər gərgin iş qrafikindən vaxt ayıraraq, belə bir xeyrxah işi ərsəyə gətirməsi onun həm bacarıqlı, təşkilatçı, eyni zamanda gənclikdən qiymətli xatirə qalan tələbəlik illərinə bağlı olduğunu əyani sübut etmişdi. Bu işdə ona digər tanınmış məzunlarımızdan olan tələbə yoldaşlarımız – Samux rayon 2 saylı məktəbin direktoru Əminə xanım və yuxarıda haqqında bəhs etdiyimiz Həsən müəllim yardımçı olmuşdurlar.

Daha sonra aramıza Göygöl rayonun Balçılı kəndində məktəb direktoru və müəllimə çalışan Nəbi və Gülsurə bacı-qardaşları, tapılmasını qeyri-mümkün saydığımız Zərdablı Rəşadın qatılması  sevincimizə sevinc gətirir.

Gəncədən qrup rəhbəri olmuş xoşxasiyyət, sevimli Leyla, Gülnurə, Mətanət, Samuxdan Natavan, Goranboydan Elnarə, Xədicə, Azada, Ağcabədidən Dürrə, Şəmkirdən Könül, Balakəndən Məlahət və hələki yeganə “Tərəqqi” medalçımız Günayın gəlişləri görüşə əlavə gözəllik qatır. Sanki heç ayrılmamış tələbə yoldaşları kimi xoş hal-əhval tuturuq.

Təəssüf ki “Görüş Günü”nə obyektiv-subyektiv səbəblərdən gəlməyən tələbə yoldaşlarımız da oldu. Biləsuvardan Günəş, Ağcabədidən Sədəf, Şəmkirdən Xəyalə,Ramiyyə, Əminə, Tərlan, Gəncədən Vəfa ,Günay , Lamiyə, Məhəbbət ,Göyçaydan Jalə ,Bərdədən Ülviyyə ,Səidə  və sair  tələbə yoldaşlarımızı görməkdə könlümüzdən keçirdi.

20 İllik ayrılıqdan sonra eyni auditoriyada parta arxasında hər kəs öz yerində əyləşərək sevimli müəllimlərini dinləyir. Demək olar ki, bu dərsdən qalan çox az idi, əksəriyyəti toplanmışdır. 30-a yaxın məzun beləcə 1997-2001-ci illərə dönüb həyatın ən şirin dönəmini, tələbəlik illərini xatırlayır. Məzunların hamısı bu görüşdən çox razı qaldıqlarını bildirirdilər. Bütün işlərini təxirə saldıqlarını, bu görüşə tələsdiklərini söyləyirdilər.

Toplantı həftənin şənbə gününə təsadüf etdiyi üçün fakültə müəllimlərinə əziyyət verilməmiş, yalnız dekan dos. İ.Alverdiyev və müavinləri - dos.Mirzə Həsənov, dos.Zilxumar İsmayılova məzunlarla bir araya gəlmişdirlər. Məzunlar əvvəlcə vaxtilə dərs keçdikləri bəzi auditoriya və yeni yaradılan elmi-tədqiqat laboratoriyalarında oldular. Sonra iclas zalında toplaşaraq görüş davam etdirildi. Dos.M.Həsənov son 20 ildə fakültənin qazandığı uğurlar haqqında geniş məlumat verdi. Dedi ki, fakültənin təməli 1938-ci ildə qoyulub. Bir əsrə yaxın tarixi var. Bu tarixi dövr ərzində bu fakültədə zəngin təcrübə, yaxşı ənənələr formalaşıb. Bu təcrübə və ənənəni şərtləndirən bir sıra amillər vardır. Vaxtilə fakültədə respublikanın görkəmli alimləri dərs deyiblər. Məsələn, akademik Ələkbər Quliyev, akademik Validə Tutayuq, əməkdar elm xadimi professor Mirzə Sadıqov, professor Tofiq Qazıyev, professor İsfəndiyar Aslanov və sair. Onların elmi irsinin təsiri hal-hazırda qalmaqdadır. Belə ki, bu ənənəni davam etdirən bir sıra alimlərimiz hal-hazırda dərs deyir. Fakültəni bitirən məzunlar haqqında onu da bildirdi ki, onlar yalnız pedaqoji fəalliyyətlə məşğul olmur, yüksək dövlət vəzifələrində, istehsalatdavə digər işlərdə fəaliyyət göstərirlər, peşələrdə çalışırlar.

Görüşdə o da məlum oldu ki, biz məzunları müstəqil həyata hazırlayan əziz müəllimlərdən – dos. Adil Rüstəmov, prof. İsfəndiyar Aslanov, dos. Zabir Əliyev, dos. Süleyman Məmmədov, dos. Səzail Mustafayev, Məmmədiyə Qaziyeva və s. artıq dünyasını dəyişmişdirlər. Onların ruhları bir dəqiqəlik sükutla yad edildi.Dos.Z.İsmayılova fakültədə qazanılan uğurlardan geniş söz açdı, məzunlara gələcək fəaliyyətlərində də uğurlar arzuladı. Məzunlardan Sevinc Həsənova, Yusif Abdullayev, Həsən Həsənov, Saçlı Həşimova, Könül Əskərova, Leyla Məlikova və bəndəniz çıxış edərək bu görüşdən razı qaldıqlarını, xoş təəssüratlarını bildirdilər.

Ən sonda çıxış edən XXI əsrin ilk məzun buraxılışının Universitetin, fakültənin həyatında ən uğurlu, məhsuldar olduğunu bildirən fakültə dekanı dos.İ.Alverdiyev 20 illik məzunların arasında 1 elmlər doktoru, 6 fəlsəfə doktoru, 4 məktəb direktoru, litsey rəhbəri, “Tərəqqi” medalı almasını böyük nailiyyət kimi qiymətləndirdi, bu təhsil müəssisəsinə başucalığı, şərəf gətirdiyi üçün kollektiv yetirmələrinin böyük nailiyyətlərinə görə çox sevincli olduğunu dilə gətirdi.

Rəsmi görüş başa çatdıqdan sonra tədbir qərb bölgəsinin dilbər guşəsi olan Toğana kəndinin səfalı guşəsində bədii hissə ilə davam etdi. Dostlar təbiət qoynunda yedilər-içdilər, zövq oxşayan musiqi sədaları altında rəqs etdilər. Nəhayət ayrılmaq məqamı çatdı. Amma qərara alındı ki, növbəti yubiley ilini gözləməyə dəyməz. Mümkün olarsa bu görüşlər hər il təkrarlansın. Əsas arzumuz isə 30-40 illiyi daha təm-təraqla keçirməkdir.
Uca yaradan hər birimizə qismət etsin, inşallah. Amin!!!

Əfsun Sucayev
AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru,
kimya elmləri doktoru, məzun


Xəbər xətti