Azərbaycan yazıçısının əsəri növbəti dəfə fars dilinə tərcümə olunaraq dərc edildi.
Ucnoqta.az xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitab Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda yazıçıların, rəssam və tərcüməçilərin müasir uşaq ədəbiyyatı problemlərinə diqqətini artırmaq, Beynəlxalq Uşaq Kitab Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.
Beynəlxalq Uşaq Kitabı Şurasında təmsilçilik, həmçinin İBBY-nin müxtəlif ölkələrdəki üzv-təçkilatları ilə sıx əlaqə yaratmağa imkan verir.
İBBY-nin İran təşkilatından Respublika Uşaq kitabxanasına daxil olan məlumata görə, Azərbaycan uşaq yazarı, uşaqların sevimli yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elvira Məmmədovanın “Sehrli konsert” nağılı fars dilinə tərcümə olunaraq İranda fəaliyyət göstərən “Həmşəhri” nəşriyyatının “Bəççeha”jurnalında dərc olunub. Bu, yazıçının İranda dərc olunan ikinci əsəridir. Bundan öncə “Baççeha”jurnalının 221-ci (May) sayında “ Zibil qabının arzusu” hekayəsi, 222-ci (İyun) sayında isə “Sehrli konsert” nağılı dərc olundu. Əsərləri azərbaycan dilindən fars dilinə tərcümə edən İran Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yosefdir.