Müqəddəs şəhidlik, qazilik, qaliblik zirvəsinə ucalaraq qəlbimizdə məbəd quranlar gün sizin gününüz!!!

16:12 - 27 İyun 2021 - SİYASƏT

Təqvimdə qanunla tənzimlənən-tənzimlənməyən, dövlət səviyyəsində qeyd olunan və ya qeyd olunmayan  bayram günləri çoxdur: rəsmi dövlət bayramları, milli və dini bayramlar, ümumrespublika anım günləri, rəsmi və qeyri rəsmi peşə bayramları...

Bu günlər içərisəndə Azərbaycanın dövlət rəmzi ilə bağl olan “26 iyun – Silahlı Qüvvələr Günü”nün ayrı gözəlliyi və özəlliyi var. Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə təsis edilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına həsr olunan bu tarix birbaşa dövlət atributları ilə bağlı olduğu üçün daha əhəmiyyətli və dəyərli hesab olunur.

Düzdür, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu və onunla bağlı olan bayram da ləğv olundu. Ancaq respublikamız təkrar müstəqillik qazandıqdan sonra 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələrimiz yenidən bərpa olundu. Həmin ildən də başlayaraq bu tarix bayram kimi qeyd edilir. Ancaq etiraf edəyin ki, xalqımız əvvəlki illərdən fərqli olaraq bu il Silahlı Qüvvələr Gününü böyük çoşqu və qürur hissi ilə qeyd edirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edərək, əzəli və tarixi torpağımız olan Qarabağı düşmən işğalından azad etdilər, bununla da ərazi bütövlüyümüz bərpa olundu.

Bütün bunlara görə bu şərəfli tarixi bizə qürurla qeyd etməyi nəsib edən canlarından, qanlarından keçən minlərlə şəhid vətən oğullarımıza Allahdan rəhmət diləyirik, qaziərimizə, Vətən Müharibəsi iştirakçılarına minnətdarlığımızı bildiririk.

Bir neçə gün öncə xalqımızın sevincinə sevinc qatan bir xəbər aldıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif olundular. Dövlətimizin başçısının imzaladığı sərəncamlarla ümumilikdə təltif olunanların sayı 76 min 349 nəfərdir.

Müharibə başa çatandan dərhal sonra bir qrup döyüşçülərimiz medallarla təltif olunanda mükafatlandırmadan kənar qalanlar oldu. Onların narazılığını görüb ürəyimdən keçən ilk arzu o, oldu ki, bu müharibəyə qatılan heç bir şəxs mükafatlandırmadan kənar qalmamalıdır. Fərqi yoxdur, o aktiv döyüşdə olub, ya arxa cəbhədə təchizat-təminat işinə baxıb, yaralılarımızı daşıyıb, yaxud onlara tibbi xidmət göstərib - yaralarını sarıyıb, dərdlərinə məlhəm olan, qələmi və ya ilə zehni ilə, heç olmadısa ürəyi cəbhədəkilərlə döyünənlərin hamısı qəhrəmanımızdır. Cənab Ali Baş Komandanın dediyi kimi bizim qəhrəman döyüşçülərimiz 44 gün müddətində bir dəfə belə geri çəkilməyib, ya qalib, ya şəhid, ya qazi olmaq kimi  üç yoldan birinə sahib olmağı qarşısına məqsəd qoyan ancaq irəli gedən qəhrəman, igid oğullarımız medaldan tutmuş, hər cür diqqət və qayğı ilə əhatə olunmalıdır.

Var olsun, nəyi necə, nə vaxt etmək lazımdır, bunu bilən Müzəffər Ordunun başçısı bu medallarla mükafatlandırmanı ən düzgün zamanda – onların qeyd etməyi haqq etdikləri bayram günündə sevinclərinə əlavə sevinc qatmaqla etdi. Şübhəsiz, davamı yenə gələcək.

İkinci Qarabağ savaşının simasına çevrilən, əfsanələşən şəhid, qazi qəhrəmanlarımız haqqında mütəmadi olaraq sosial şəbəkələr, media vasitəsi ilə məlumatlar aldıqca, həm onların böyük əksəriyyətinin həyatdan, yaşayıb yaratmaqdan tam zövq almadan əbədiyyətə köçmələrindən dərin təəssüf hissi, digər tərəfdən qəhrəmanlıqlarından yazılan roman, oçerk, şərqilərə sığmayan belə qorxmaz igidlərin yaşatdığı ölkənin vətəndaşı, xalqının nümayəndəsi olmaqdan şərəf hissi keçirdik. Ölməz Cavid əfəndimiz məhz belə qəhrəmanlıqlardan riqqətə gələrək – “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, Vətəndir!” – demişdir.

Bəzən Vətən Müharibəsində dastan yazan o qəhrəmanlarımızın sözlə ifadə etməkdə çətinlik çəkdiyim igidlik nümunələrini gördükcə, düşünürəm Ya Rəbbim onlar bu vətənin gözəlliklərini doyunca yaşamadan onu necə belə sevə biliblər? Ancaq çox düşünmədən də dərhal cavabımı alıram: məgər onu dünyaya gətirən ana şirin laylaları ilə körpəsinə ilk növbədə vətəni beşikdən məzara qədər sevməyi öyrətmirmi, “vətəninə göz dikəni əz oğlum, dostun kimi düşməni seç oğlum, bütün bunları bir tərəfə yaz oğlum” deyərək, tək oğlunu belə ilk gündən vətəninin dar günü üçün yetişdirmirmi?

Qəribə olan odur ki, bədnam qonşularımız niyə Azərbaycanın tarixən qəhrəmanlar, igidlər ölkəsi olduğunun fərqinə varmaq istəməmişlər. Heç kəs anadan qəhrəman doğulmur, atam balası. O fərd kimi dünyaya gəlsə də onu sonsuz vətən sevgisi, halal zəhmətlə yetişdirən, şəxsiyyət kimi formalaşdıran mühüt var, o səndə yoxdur. Başqasının torpağına gəlib saxta dövlət yaratmaq, düşüncəsindən davranışına qədər yalan üzərində qurulan, nankorluğu, xəyanəti mövcudluq forması, yaşam tərzi seçənlərdən Koroğlu doğulmaz, olsa da kor kişinin oğlu olacaq. Bizdə olanlardan hansından danışaq: qəhrəmanlığı ilə dünyanı heyrətə salan Mübariz İbrahimovlar, igidliyi ilə təkcə vətənimizə deyil, bütün türk dünyasına qürur yaşadan Polad Həşimovlar, vətən adı gələn kimi könlünü dastana çevirən Xudayar Yusifzadələr, könüllü döyüşə yollananda tək varlığı olduğu anasına “bax, ağlasan, küsərəm-inciyərəm” deyib, ona təsəlli verən Rəşadlar, “müharibə başlasa gedib, şəhid olmaq istəyirəm” deyən Bəhram-İman qardaşları, və eləcə də Ruhidlər, Şahinlər, Çərkəzlər və neçə-neçə igidlərimiz var olub, yenə olacaq. Əziz igid qəhrəmanlarımız – şəhidlər, qazilər və vətən qəhrəmanlarımız bu dəfə sidqi ürəkdən, könül xoşluğu ilə qeyd etdiyimiz Silahlı Qüvvələr Günü ilk olaraq Sizin bayramınızdır. Biz “Dəmir Yumruq” olan millət kimi bu bayramı Sizi və yazdığınız, dillər əzbərinə çevrilən dastanlarınızı təkrar xatırlamaq üçün qeyd edirik. Siz müqəddəs şəhidlik, qaliblik, qazilik zirvəsinə ucalaraq xalqın qəlbində məbəd qurdunuz ki, biz vətənimizdə əmin-amanlıq içərisində qürurla yaşaya bilək. İndi növbə bizimdir: əziz şəhidlər sizin cisminiz torpaq altında olsa da, müqəddəs ruhunuz, qiymətli anılarınız qəlbimizdədir. Ruhunuz şad, məkanız cənnət olsun!!!

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü

Xəbər xətti