FIDE reytinqi açıqladı: Azərbaycanın iki şahmatçısı irəlilədi

09:40 - 1 Mart 2021 - İDMAN

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 2770 xalla 8-ci olub. 9-cu sıradakı ABŞ təmsilçisi Uesli Sonun da eyni xalı var. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq 72 və 75-ci yerlə kifayətləniblər. Rauf Məmmədov isə 3 pillə geriləyərək 90-cı ola bilib.
Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. Bir pillə irəliləyən Gülnar Məmmədova (2382) 79-cu sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.

Xəbər xətti